Neftin qiymətlərindəki qeyri-müəyyənlik nə vəd edir?

Neftin 60 dolları ötməsi artıq ənənəvi neft hasilatçılarının marağına uyğun deyil

2015-ci ildən dünya bazarlarında neftin qiymətlərində baş verən qeyri-müəyyənlik günümüzdə də davam etməkdədir. Aradan keçən zaman kəsimində bir neçə dəfə neftin dünya bazarlarındakı qiyməti cüzi artımla müşahidə edilsə də, lakin ötən iki ildə neft öz dəyərini 2015-ci ilə qədər olan dövr səviyyəsinə gətirib çıxara bilməyib. Əsas neft ixrac edən ölkələr dünya bazarlarında neftin bir barrelinin qiymətinin artması istiqamətində çabalar göstərsələr də, lakin ortaya qoyulan cəhdlər müsbət nəticə vermir. Əksinə dünya bazarlarında neftin qiyməti tez-tez dəyişməyə, bahalaşıb-ucuzlaşmağa davam edir. Bu arada xarici kütləvi informasiya vasitələri də dünya bazarlarındakı neft qiymətləri ilə bağlı müxtəlif analitik təhlillər, araşdırma materialları dərc edirlər. Şimal qonşumuz Rusiya mediası da neftin yenidən ucuzlaşmasının səbəbləri, neft hasilatının gündəlik təxminən 1.2 milyon barrel azaldılması ilə bağlı OPEC-Rusiya sazişinin təsirlərinin qısamüddətli olmasının səbəbləri haqda geniş təhlillər yazır. İqtisadçı ekspert Rövşən Ağayevin sözlərinə görə, rusiyalı ekspertlərin əsas gəldikləri qənaətlərdən biri budur ki, hələlik OPEC və Rusiyanın atmış olduğu addımlara qarşı qoya biləcəyi strategiya yoxdur: "Başqa bir qənaət odur ki, neftin 60 dolları ötməsi artıq ənənəvi neft hasilatçılarının marağına uyğun deyil. Çünki yüksək qiymət "slans hasilatı"nı inanılmaz dərəcədə genişləndirəcək. Ona görə, yaxın illərdə qiymətlərin heç olmazsa 50-60 dollar dəhlizində hərəkət etməsini OPEC və Rusiya üçün böyük uduş sayırlar". Rövşən Ağayevin sözlərinə görə, yanaşmalardan biri budur ki, OPEC-Rusiya İttifaqı bazara müdaxilədən əl çəkə, neftin 30 dollara düşməsinə şərait yarada bilər: "Bu halda proqnoza görə, 2020-ci ilədək Birləşmiş Ştatlarda gündəlik neft hasilatı 3 milyon barrelədək azala bilər. Amma belə olacağı halda Birləşmiş Ştatlar iqtisadiyyatının yalnız bir sektoru böhranla üzləşəcək, OPEC-Rusiya cütlüyünün bütün iqtisadiyyatı kollaps olacaq və bunun çox ağır siyasi nəticələri qaçılmaz ola bilər. Hər halda çox ağır vəziyyət yaranıb. Artıq OPEC-Rusiya sazişinin davam etməyəcəyi ilə bağlı gözləntilər artıb. Ən pisi odur ki, bütün baş verənlərə baxmayaraq "100 dollarlıq" neft sevdası bitib-tükənmək bilmir. Hələ də hansısa nazirliklərin ləğvi, hansı post sahiblərinin yenilənməsi prosesi davam edir. Və bütün bunlar islahatların bir hissəsi kimi səciyyələndirilir. Düşünürəm ki, islahat büdcə sistemindən başlanmalıdır. Büdcənin hər qəpiyinin hesabını sormağa imkan verən proqram əsaslı və nəticəyə yönəlik büdcə mexanizmlərinin tətbiqinə imkan verən yeni büdcə qanunu qəbul edilməli, peşəkarlardan ibarət və büdcəyə effektiv nəzarəti təmin edə bilən yeni qanunverici orqan formalaşdırılmalıdır". İqtisadçı onu da bildirib ki, geniş səlahiyyətlərə və maliyyə muxtariyyyətnə malik yerli seçkili idarəetmə sistemi yaradılmalı, ali ranqlı məmurların bütün biznes fəaliyyətini qadağan edən hüquqi mexanizmlər təcili işə salınmalı, bütün vəzifəli şəxslərin əmlak bəyannaməsini ictimaiyyətə təqdim edən mexanizmlər işə düşməli, kommunal sektorda dövlətə yük olan bütün şirkətlər konsessisya əsasında özəl sektorun idarəçiliyinə keçməlidir. Eyni zamanda enerji sektorunda şirkətlərin bazara açılımı və korporativ idarəetməyə keçidi baş verməli, hökumət iri aqroholdinqləri dəstəkləmək siyasətindən imtina edib bütün dəstəyi kiçik və orta fermerçiliyin inkişafına yönəltməli, kiçik və orta sahibkarların kreditlərinin sığortası sistemini vaxt itirmədən işə salmalıdır. Paralel olaraq gömrükdə fiskal maraqları arxa plana keçirməli və sahibkarların vergi yükü əhəmiyyətli dərəcədə azaldılmalı, sahibkarlara "bazar qiyməti" adı altında istənilən qiymətləri tətbiq edərək xarici ticarət əməliyyatları üçün vergi yükün ağırlaşdırmaq təcrübəsindən əl çəkilməlidir". Rövşən Ağayev hesab edir ki, sadalanan məqamlara diqqətb yetirilsə qısa müddət ərzində müsbət nailiyyətlər əldə etmək mümkün olar.

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR