Dolların ucuzlaşması kimlərə sərfəlidir?

Son vaxtlar dolların manata nisbətdə ucuzlaşması prosesi müşahidə olunur. Bunun banklar, müştərilər və sahibkarlara təsiri nədən ibarət ola bilər? İqtisadçı ekspert  Vüqar Bayramov deyib ki, dolların manata nisbətdə ucuzlaşmasından bəzi kommersiya bankları faydalanıb, daha çox gəlir əldə etmək istəyirlər. Onun sözlərinə görə, ölkədə biznesin inkişaf etdirilməsi üçün milli valyutanın sabitliyi önəmlidir: "Əslində dolların milli valyutaya nisbətdə ucuzlaşması iş adamalarının xeyrinə olduğu kimi, həm də maraqlarındadır. Yəni, sabit  milli valyuta  iş adamanının daha rahat layihələrini həyata keçriməyə imkan verir. Bu baxımdan, milli valyutanın sabitliyi önəm daşıyır. Ona görə də  manatın maliyyə bazarında real dəyərinin alaraq sabitləşməsinə ciddi ehtiyac var.  Əgər biz Rusiya praktikasına  istinad etsək görərik ki, rus rublu son bir ildə bazarda  sabitlyini qoruyub saxlaya bilib. Yəni, bir dollar  60 rubl civarında kiçik intervallarla  satılır. Bu da  iş adamlarına rahat qaydada  layihələrini həyata keçriməyə, sərmayə yatırımına imkan verir. Valyuta sabitliyindən ancaq ölkə iqtisadiyyatı və beznesi, sonda isə vətəndaş qazanır.  Ona görə də Azərbaycanda Mərkəzi Bank manatın sabitləşməsinin və bazarda dəyərinin alması istiqamətində  fəaliyyət göstərməlidir ki, ən əsası xarici iş adamları ölkəyə investisiya yatıra bilsin". V. Bayramov əlavə edib ki,  bu gün  Azərbaycanda   dolların ucuzlaşması  və manatın mövqeyinin möhkəmlənməsi fonunda daha çox  əksər kommersiya banklarının maksimum yararlanmağa çalışdığı müşahidə edilir: "Belə ki, bəzi kommersiya bankları  bu vəziyyətdən istifadə edərək maliyyə əməliyyatını və alış-satışı böyük fərqlərlə həyata keçirirlər.  Banklar 1 ABŞ dollarını 1.60 AZN alır, 1.76 və ya 1.78 AZN-ə isə satır. Təsəvvür edin,  banklar 1000 ABŞ dolları alıb satırsa, bundan haradasa 160-178AZN  gəlir əldə edir.  Bu da yüksək rəqəmdir. Bundan uduzan isə sadə vətəndaşdır. Odur ki, yaranmış vəziyətdən bəzi kommersiya bankları  yararlanıb, maksimum gəlir əldə etməyə çalışırlar ki, bu da sonda ölkə iqtisadiyyatına öz neqativ təsirini göstərir. Ona görə də belə neqativ hallara  yol verilməməsi üçün  manatın mövqeyinin sabitləşməsinə və bazarda dəyərinin almasına  ciddi ehtiyac var. Əks təqdirdə, bundan uduzan biznes, ölkə iqtisadiyyat və vətəndaş əziyyət çəkəcək". Dolların ucuzlaşması fonunda idxal olunan məhsulların da ona ekvivalent olaraq ucuzlaşması əvəzinə, bahalaşmasına aydınlıq gətirən V. Bayramov bildirib ki, hansısa iş adamı bəhanə gətirərək aldığı  malı və ya məhsulu köhnə qiymət zamanı ölkəyə idxal  edib, anbarlarda saxladığını  arqument kimi səsləndirə bilər: "Ancaq onu da unutmamalıyıq ki, xüsusən də qida məhsullarının saxlama müddəti qısa olur. Bu, absurd arqumentdir. Ona görə də dolların ucuzlaşamsı fonunda bir çox məhsullar ucuzlaşamalı  idi. Lakin biz bunu müşahdiə etmirik.  İş adamları da yaranmış durumdan özləri üçün faydalanıb, daha çox gəlir əldə etməyə çalışır. Bundan da yenə uduzan sadə vətəndaşdır.  O baxımdan, İqtisadiyyat Nazirliyi proseslərə müdaxilə edib bazarı tənzimləməli və süni qiymət artımına yol verməməlidir". Bu arada Mərkəzi Banın İdarə Heyətinni sədri Elman Rüstəmov deyib ki, bu gün bazarda tələb təklifi üstələyir. Buna görə, tam üzən məzənnəyə keçid ciddi hazırlıq tələb edir: "Biz bu plana uyğun olaraq işləyirik. Bizim əsas məqsədimiz makroiqtisadi sabitliyə nail olmaqdır". İqtisadçı alim Qubad İbadov deyib ki,  Azərbaycan Mərkəzi Bankının  sədri Elman Rüstəmov bu açıqlamanı düz 2 ay bundan əvvəl 12 dekabr 2016-cı ildə mətbuata verib: "Hazırda baş verənlər onu göstərir ki, bazarda tələb təklifi deyil, əksinə təklif tələbi üstələyib və ona görə də manat sürətlə ucuzlaşıb. Deyə bilərsiniz ki, tələb və təklif dinamikdir. Hər gün dəyişə bilər. Amma nəzərə alın ki, mən ölkənin valyuta bazarından bəhs edirəm və bu bazarda təklifi formalaşdıran Dövlət Neft Fondu Mərkəzi Bankla məsləhətləşir, tələbi yaradan banklar isə Mərkəzi Banka hesabat verir. Belə olan halda görəsən növbəti 2 ayda bazarın konyukturasını, orda tələb və təklifin necə dəyişəcəyini proqnozlaşdıra, yaxın perspektivləri belə düzgün dəyərləndirə bilməyən Mərkəzi Bank ölkədə necə makroiqtisadi sabitlik yaradacaq?" Q.İbadoğlu bildirib ki, təxminən 1 ay bundan əvvəl Azərbaycan Mərkəzi Bankı kommersiya banklarının rəhbərləriylə görüş keçirib, valyuta satışında 4 faizlik marjanı ləğv etmək qərarını verdi:"Valyuta mübadilə məntəqlərində son 1 ayın müşahidələri göstərir ki, bazarın tələbini və xarakterini nəzərə almayan AMB-nin bu qərarı da yalnış olub. Çünki, bir çox banklar ondan sui-istifadə edərək xarici valyutaların alış və satış kursları arasındakı fərqi kəskin artırıblar. Hətta, bəzi banklarda bu fərq 20 qəpiyə qədərdir. Hesab edirəm ki, Mərkəzi Bankın bu qərarı bank bazarında rəqabət olmadığından əks effekt verir və təcili ləğv olunmalıdır".Yeri gəlmişkən qeyd edək ki,Mərkəzi Bank sonuncu depozit hərracına 150 milyon manat çıxarıb. Vəsaitlərin cəlb edilməsi üzrə depoztlərin faiz dərəcəsi  12.01 %-14.99 %  arası təşkil edib. Q.İbadoğlu bildirib ki, əgər bazarda valyuta satışı tək əldən idarə olunursa, manat təklifi isə Mərkəzi Bankın əlahiddə inhisarındadırsa onda konyuktur məzənnə və buxovlayıcı monetar siyasətlərinin şəxsi, ortaq və korporativ biznes maraqlarına malik olan məşhur 3-lük (Mərkəzi Bank, Maliyyə Nazirliyi, DNF) tərəfindən yalnız məhdudlaşdırıcı fiskal siyasətlə uzlaşdırıldığı halda baş verən iqtisadi proseslər və onların nəticələri azad sahibkarların və istehlakçıların maraqlarına zidd olacaq. Onun sözlərinə görə, ötən il Dövlət Neft Fondunun (DNF) gəlirləri 5,9 milyard ABŞ dolları və yaxud 9,4 milyard manat səviyyəsində olub. 2015-ci ildə isə DNF-nin gəlirləri 7,6 milyard ABŞ dolları və ya 7,7 milyard manat təşkil edib."Görüdüyü kimi, 2015-ci ilə nisbətən 2016-cı ildə DNF-nin gəlirləri dollar ifadəsində 1,7 milyard azalsa da, manat ifadəsində əskinə 1,7 milyard artıb. Bunun başıca səbəbi manatın orta illik məzənnəsinin 2015-ci illə müqayisədə ötən il yüksək olmasıdır. Belə ki, Dövlət Statistika Komitəsinin açıqlamalarına görə, ötən ilin dekabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,75 manata (ilin əvvəlindən 1,60 manata) bərabər olub. Göründyü kimi neft hasilatının azalması, onun dünya bazar qiymətinin ucuzlaşmasından olan itkiləri Dövlət Neft Fondu manatın devalvasiyası hesabına nəinki kompensasiya edib, hətta məzənnə fərqindən manatla əlavə qazanc əldə edib. Nəzərə alsaq ki, ötən il DNF-yə daxilolmalar əsasən daxildə istifadə olunub, bir sözlə manatla xərclənib, belə olanda da dünya bazarında neft qiymətlərinin ucuzlması səbəbindən gəlirlər dollar ifadəsində azalsa da milli valyutanın devalvasiyasının hesabına Dövlət Neft Fondu büdcə xərclərini tam maliyyələşdirə bilib. Belə ki, ötən 9,4 milyard manatlıq büdcə gəlrilərinə malik olan DNF-nin xərcləri 9 milyard manat təşkil edib. Bu tendensiyanın bu ildə də davam etəcəyi real görünməsə də yenə də çox şey neftin dünya bazar qiymətlərindən və manatın devalvasiyasından asıldır. Belə olan halda manatın məzənnəsinin ucuzlaşması valyuta satışına görə bazarda hökmran satışa malik olan DNF-nin maraqlarına bribaşa xidmət edir və onun daxili iqtisadiyyata yönələn büdcə xərcləri üzrə öhdəliklərinin icrasına kömək edir".  Bununla belə ekspert hesab edir ki, əks təqdirdə cari il üçün DNF-nin büdcə kəsirinin onun xərclərində payı 50 faizi ötə bilər: "Əgər bazarda valyuta satışı tək əldən idarə olunursa, manat təklifi isə Mərkəzi Bankın əlahiddə inhisarındadırsa onda konyuktur məzənnə və buxovlayıcı monetar siyasətlərinin şəxsi, ortaq və korporativ biznes maraqlarına malik olan məşhur 3-lük (Mərkəzi Bank, Maliyyə Nazirliyi, DNF) tərəfindən yalnız məhdudlaşdırıcı fiskal siyasətlə uzlaşdırıldığı halda baş verən iqtisadi proseslər və onların nəticələri azad sahibkarların və istehlakçıların maraqlarına zidd olacaq. Bu səbatsız siyasət iqtisadiyyatın daha da kiçilməsini, qeyri-neft sektorunun və onun ixracatının inkişafından qalmasını, işgüzar aktivliyin sönməsinı daha da sürətləndirəcək".

Zəka

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR