Banklar problemli kreditlərin içində batır

Əkrəm Həsənov: "Buna görə də kreditini az-çox ödəyən borclu öz iradəsini banka diqtə edə bilər"

Manatın dollara nisbətən dəyərinin kəskin şəkildə aşağı düşməsindən sonra ölkədə yaranan ən ciddi problemlərdən biri banklardan götürülmüş kreditlərlə bağlı oldu. Bankların qeyri-qanuni olaraq dollarla götürülmüş krediti yeni məzənnə ilə tələb etməsi vəziyyəti daha da çətinləşdirdi. Daha doğrusu vətəndaşdan yeni məzənnə əsasında kreditin geri qaytarılmasını tələb edən bank bu absurd "qərarı" ilə daha çox özünə ziyan vurmuş oldu. Bəzi banklar isə vətəndaşı aldadaraq ondan krediti köhnə məzənnə ilə alacağını bildirsə də, borcun üzərinə əlavə faizlər əlavə etməklə asan qazanc əldə etməyə çalışdılar. Məhz bankların yol verdiyi bu kimi qanunsuz addımların nəticəsidir ki, bu gün də onlarla vətəndaş arasında kredit problemi həll edilmədən qalır və qeyri-müəyyən vəziyyət davam edir. Hətta bəzən bu kimi hallar məhkəmə instansiyalarına qədər gedib çıxır.

İqtisadçı ekspert Əkrəm Həsənovun sözlərinə görə, bu kimi hallar ona görə baş verir ki, insanlar sadəlövhcəsinə bankların şifahi vədinə inanır: "Heç bankirin sözünə inanmaq olar? Qətiyyən olmaz! Bankla hər hansı razılığa gəlmisinizsə, mütləq onun yazılı şəkildə ifadə edilməsini tələb edin. Məsələn, götürək dollar kreditlərini. Bank güzəştə getmək istəmir. Amma bilir ki, bunu açıq desə, vətəndaş tərəfindən ödənişlər dayandırıla bilər. Odur ki, vətəndaşa yalandan vəd verir ki, əvvəlki məzənnə ilə ödə, narahat olma. Amma bank ödənişi yeni məzənnə ilə uçota alır və nəticədə borcu nəinki azalmır, bəlkə də artır. Çünki bank gecikməni də qeydə alır və cəriməni yükləyir. Etiraz etdikdə isə, bank deyir ki, elə razılıq olmayıb". İqtisadçı bildirir ki, ikinci məsələ də banklarımızın məşhur fırıldaqlarından biridir: "Yəni gecikdirilmiş borc üzrə ödənişdən ilk növbədə dəbbə pulunun (cərimənin), sonra faizlərin və yalnız yekunda əsas borcun tutulması. Məsələn, vətəndaşın banka 5000 manat əsas borcu qalıb. Ayda 250 manat ödəməlidir: 200 manat əsas məbləğ, 50 manat da faiz. Vətəndaş 3 aydır ki, borcunu ödəyə bilmir. Yəni 750 manatı gecikdirir. Həmin borcun 600 manatı əsas borc, 150 manatı isə faiz borcudur. Kredit müqaviləsində yazılıb ki, hər gecikdirilən günə görə bank 1 faiz cərimə tutacaq. Yəni bank ona artıq 450 manat cərimə hesablayıb. Vətəndaş qohum-tanışından 750 manat borc götürür və banka ödəyir. Düşünür ki, ödədi. Lakin bank həmin məbləğin 450 manatını cərimə kimi tutur. Qalan 300 manatın 150 manatını faiz borcu kimi tutur. Yalnız 150 manatı əsas borcun ödənilməsi kimi qeyd edir. Nəticədə vətəndaşın əsas borcu 4850 manat olur. Bankın ödəniş qrafikinə görə isə 4400 manat olmalı idi. Buna görə də bank 450 manatı (cərimə kimi tutduğu məbləği!) gecikmə kimi nəzərə alır və həmin məbləğə yenə də cərimə hesablamağa başlayır. Əlbəttə, bu gedişlə vətəndaş ömrünün axırına kimi banka borclu qalacaq. Lakin bunu bilmir. Çünki əksər hallarda bank ödənişdən cərimənin tutulduğunu vətəndaşa demir". Əkrəm Həsənov bildirib ki, kredit müqavilələrində borclunun ödənişindən ilk növbədə cərimənin tutulması haqda müddəa qanunsuzdur: "Belə ki, Mülki Məcəllənin 440.2-ci maddəsinə əsasən əgər tələblərin icra müddətləri eyni vaxtda çatarsa, icrası borclu üçün daha ağır olan tələb birinci növbədə ödənilməlidir. Əlbəttə ki, əsas borc borclu üçün daha ağır tələbdir, çünki üstünə faiz gəlir. Buna görə də cərimənin ilk növbədə tutulması qanunsuzdur. Gecikdirilmiş borcunuzu ödəmək istədikdə, əmin olun ki, ödənişinizdən cərimə tutulmayacaq. Buna görə banka təklif edilməlidir ki, ya kredit müqaviləsindən cərimə haqda müddəa çıxarılsın, ya da ödənişlərdən cərimənin tutulmayacağı barədə yazılı razılaşma bağlansın. Hər ödənişdən sonra da bankdan yenilənmiş və bankın imza və möhürü ilə təsdiqlənimiş ödəniş qrafiki tələb edilməlidir. Həmin qrafiki yoxlayıb əmin olun ki, ödənişiniz məhz əsas borcun və faizlərin ödənişi kimi nəzərə alınıb. Bank vətəndaşın təklifini qəbul etməsə, krediti qətiyyən ödənməsin. Qoy bank məhkəməyə versin. Ömrün sonunadək cərimə ödəməkdənsə, işin məhkəmədə baxılması qat-qat yaxşıdır. Əvvəla, ona görə ki, məhkəmədə bankın yol verdiyi qanun pozuntularını mübahisə edə bilərsiz. Məsələn, faizlərin qanuna zidd olaraq ildə bir dəfə deyil, ayda bir dəfər tutulmasını, ödənişlərinizdən ilk növbədə cərimənin tutulmasını və s. Digər tərəfdən isə Mülki Məcəllənin 467-ci maddəsini nəzərə alın: "Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Yəni məhkəmədə dəbbə pulunun azaldılmasını tələb edə bilərsiz. Əksər hallarda məhkəmələr bu tələbi təmin edir". İqtisadçı bildirib ki, banklar indi problemli kreditlərin içində batır. Buna görə də kreditini az-çox ödəyən borclu öz iradəsini banka diqtə edə bilər: "Bankın onsuz da başqa yolu yoxdur. Ya növbəti və ona baha başa gələn məhkəmə prosesinə başlamalı olacaq və az-çox hansısa ödənişdən məhrum olacaq, ya da heç olmasa müntəzəm olaraq hansısa ödənişi alacaq".

S.İsmayılbəyli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR