Supermarketlərə nəzarət mexanizmi gücləndirilməlidir

"Supermarketlərin ƏDV-dən azad olunmasından söhbət gedə bilməz". Bunu mətbuata açıqlamasında vergilər naziri Fazil Məmmədov supermarketlərin əlavə dəyər vergisi üzrə vergi güzəştləri ilə bağlı təkliflərinə münasibət bildirərkən deyib. Nazir bildirib ki, iri market şəbəkələri vergidən yayınır: "Nəyə görə marketlər ƏDV-dən azad olunmalıdır ki? Kənd təsərrüfatı məhsullarının 95-98 faizi bazarlarda, yerdə qalan hissəsi isə, yəni 1-2 faiz marketlərdə satılır. Bazarlarda isə nə ƏDV var, nə də sadələşdirilmiş vergi. Ona görə, marketlərin ƏDV-dən azad olunmasından söhbət gedə bilməz. Bu, mümkün deyil". Məlumat üçün qeyd edək ki, bir müddət öncə ölkənin iri supermarket şəbəkələrinin rəhbərləri iqtisadiyyat naziri Şahin Mustafayevə müraciət edərək manatın devalvasiyasından və vergi qanunvericiliyinə edilmiş dəyişikliklərdən sonra üzləşdikləri acınacaqlı vəziyyətdən çıxmaq üçün kömək edilməsini xahiş etmişdilər. Müraciətdə onlar ölkədə istehsal olunan sosial əhəmiyyətli ilkin tələbat məhsulları üzrə Əlavə Dəyər Vergisinə (ƏDV) sıfır faiz dərəcəsinin tətbiqi, ət, balıq, süd, un məmulatları, yumurta, düyü, yağ, meyvə, tərəvəz və uşaq qidaları üzrə ƏDV-nin ləğvi istəmişdilər. Müraciəti "Bizim" marketlər şəbəkəsi adından təsisçi Rasim Salmanov, "FRESKO" və "SƏBƏT" marketləri adından direktor Kamran Eyyubov, "Rahat" marketlər şəbəkəsi adından təsisçi Cəlal Babakişiyev, "Makromart" marketlər şəbəkəsinin təsisçisi Kamal Əliyev, "Araz" marketlər şəbəkəsi adından İlqar Nuri, "Neptun" maketlər şəbəkəsi adından direktor Vüqar İbrahimov, "Bolmart" marketləri adından Elçin Kərimov, "Favorit" marketlər şəbəkəsi adından Aydın Əzizov, "Mega store" və "Sarı" marketləri adından Eşqin İsmailli imzalamışdılar. Qeyd edək ki, vergilər nazirinin açıqlaması supermarket rəhbərlərinə hökumətin qərarının çatdıqılması kimii başa düşülməlidir. Elə isə, bundan sonra supermarketlər fəaliyyətlərini hansı istiqamətdə quracaqlar? Elementar məntiq deməyə əsas verir ki, marketlər hökumətin məsələyə münasibətindən sui-istifadə edərək qiymət artımını reallaşdıracaqlar. Artıq paytaxtın iri cupermarketlərində bahalaşmanın ilkin işartıları görünməkdədir. Belə ki, bir neçə gün öncəyə qədər ticarət mərkəzlərində 1 manata tklif olunan şəkər tozu artıq 1 manat 10 qəpiyə, 1 manata olan çay isə 1 manat 70 qəpiyə təklif olunur. Onu da qeyd edək ki, bu göstərici heç də son qiymət deyil. Satıcılarla söhbətdən bəlli oldu ki, yaxın bir neçə gün ərzində gündəlik tələbat mallarının qiyməti ən azı 20-30 qəpik bahalaşacaq. Elə isə çıxış yolu nədir, hansı addım atılmalıdır ki, hökumət, sahibkar və vətəndaşa ciddi ziyan dəyməsin? İqtisadçı ekspert Vüqar Bayramov iri ticarət şəbəkələrinin əlavə dəyər vergisi (ƏDV) üzrə vergi güzəştləri ilə bağlı müraciətlərinın əsassız olduğunu deyib. Əlavə edib ki, supermarket rəhbərlərinin ƏDV güzəşti xahişinin iqtisadi əsası yoxdur: "Bilirsiniz ki, kiçik mağazalardan fərqli olaraq, supermarketlərin geniş dövriyyəsi var və bu dövriyyələr rüb ərzində orta hesabla iki yüz min manat təşkil edir. İki yüz min manat kifayət qədər ciddi məbləğdir və ondan ƏDV-nin çıxılmaması supermarketlərin faktik olaraq, vergi ödənişindən kənar qalmaları olacaq.Bu isə xüsusilə indiki şəraitdə büdcə daxilolmalarına əhəmiyyətli dərəcədə mənfi təsir göstərər. Eyni zamanda, qeyd etmək lazımdır ki, baş vermiş iki devalvasiyadan sonra supermarketlər qiymətləri qaldırıblar və bundan normal gəlir götürüblər.Yəni supermarketlərin qiymətləri qaldırıb vergi güzəştləri istəmələri düzgün deyil və iqtisadi baxımdan əsaslandırılmayıb. Bununla belə, hesab edirəm ki, ölkədə supermarketlərin ƏDV-dən azad edilmələri yox, vergilərin differensiallaşması məsələsinə baxıla bilər". İqtisadçı Məhəmməd Talıblı deyib ki, supermarketlər xeyli vaxtdır rezervlər hesabına bazarın sərt tələblərinə birtəhər dözsələr də, indi vəziyyət çətinləşib: "Supermarketlərin iki yolu var. Onlar ya fəaliyyətini dayandırmalı, ya da dövlətin müxtəlif növ güzəştlərindən istifadə etməlidirlər. Uzun illər proteksiya siyasəti ilə əhatə olunduqlarından indi fərqli mühitdə az marjalı fəaliyyətə adaptasiya oluna bilmirlər. Daim böyük gəlir əldə etmək vərdişi, rəqabətsiz mühit şərtləri, fiskal qurumlara simvolik həddə vergi ödəmələri, istehlakçıların sel kimi həmin şəbəkələrə axışması supermarketləri tənbəl öyrətmişdi. İndi situasiya fərqlidir və onlar çətin qələbə yoluna adaptasiya oluna bilmirlər". Liberal iqtisadiyyatın tərəfdarları hesab edirlər ki, nə böhran, nə də qeyri-böhran vəziyyətində hökumət biznesə müdaxilə etməməlidir. Yəni nə dəstək verməli, nə də mane olmalıdır. Konkret qaydalar müəyyənləşdirilməli və sahibkarlar da həmin qaydalar çərçivəsindıə fəaliyyət göstərməlidir. Üstünlük qazanan daha bir yanaşmaya görə isə böhran dövründə dövlətin özəl sektora dəstəyi qaçılmazdır. İqtisadçı Qalib Toğrul hesab edir ki, dövlət bu sahəyə dəstək verməlidir: "Çünki bizdə hələ rəqabət qabiliyyətli bazar iqtisadiyyatı formalaşmayıb. Bazar iqtisadi qanunlarla idarə olunmur, özəl sektorun işinə hələ də müdaxilə var. Bu və digər səbəblərdən bazar iqtisadiyyatı öz gücü hesabına böhrandan çıxa bilməz, ona görə də dəstək vacibdir. Hazırda əksər supermarketlərdə alış-veriş nəğd ödənişlə aparıldığı üçün ƏDV-yə nəzarət etmək olmur və bu vergi sahibkardan çıxır. Ona görə belə məqamlarda sahibkarların kömək istəməsi başadüşüləndi. İqtisadiyyat Nazirliyi bu isitiqamətdə işlər görməlidir". Ərazi və əhalinin sayına görə Bakıdakı supermarketlərin sayının normadan artıq olduğunu deyənlər də var. Ekspertlər isə bunun tələb-təklif qanunauyğunluğu ilə tənzimləndiyini deyirlər. Qalib Toğrul hesab edir ki, supermarketlərin çox olması ayrı-ayrı sahibkarlıq subyektlərinin rəqabəti üçün müsbətdir: "Supermarketlərin sayının çoxluğu bu sahədə sağlam rəqabətdən xəbər verir və üstünlükləri çoxdur. Ziyanlı tərəfi kiçik sahibkarlıq subyektlərinin ləğvinə səbəb olmasıdır. Amma nəzərə alanda ki, kiçik marketlərdə daha çox keyfiyyətsiz məhsullar satılır, bu zaman onların sıradan çıxmasının müsbət olduğunu düşünmək olar". Bütün sadalananlara baxmayaraq supermarketlərin bundan sonra da yaranan vəziyyətdən sui-istifadı edəcəkləri şübhə doğurmur. Artıq bunu təsdiqləyən kifayət qədər faktlar mövcuddur. Məsələn, bir çox sahələr, o cümlədən ticarət sektoru vergi nəzarəti tədbirlərinin azalmasından istifadə edərək dövlət büdcəsinə ödənilən vergilərin məbləğini azaltmağa və bu yolla vergidən yayınmağa çalışıb.Vergilər Nazirliyinin məlumatına görə, 2015-ci ilin yanvar-mart ayları ilə müqayisədə bu ilin eyni dövründə nəzarət tədbirlərinin sayı ümumilikdə 64,2%, o cümlədən səyyar vergi yoxlamaları 40%, kameral vergi yoxlamaları 61,2%, operativ nəzarət tədbirləri 92,5% azaldılıb. Nəzarət tədbirlərinin azalması fonunda bir sıra fəaliyyət sahələri üzrə daxilolmalarda, o cümlədən pərakəndə ticarət sahəsində nəzərə çarpacaq dərəcədə azalma müşahidə olunub. Bu isə həmin fəaliyyət sahələri üzrə vergi ödəyicilərinin vergi öhdəliklərini könüllü surətdə yerinə yetirmək istəmədiklərini göstərir. Bu yaxınlarda iri ticarət şəbəkələrinin birində aparılmış xronometraj yolu ilə müşahidə nəticəsində vergi ödəyicisinin təqdim etdiyi bəyannamələrdə öz dövriyyəsini fevral ayında altı dəfədən də çox azaltdığı, mart ayında isə ümumiyyətlə dövriyyə göstərmədiyi aşkar edilib. Əgər bundan sonar da sahibkarlıq subyektinin fəaliyyətinə normal şərait və nəzarət mexanizmi müəyyən edilməsə qiymət artımı qaşılmaz olacaq.

Alim

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR