30 mindən 2 mln dollara qədər evlər təklif olunacaq

Beynəlxalq sərgi təşkilat firmaları "Atılım Fuarcılık" və "Elan Expo" şirkətlərinin təşkilatçılığı ilə dekabrın 17-dən Bakıda baş tutacaq ilk Daşınmaz Əmlak və İnvestisiya Sərgisi ("Azerbaijan International Real Estate & Investment Exhibition" (REC-EXPO) ilə bağlı mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda REC-EXPO-nun rəhbəri Salim Şahin, "Elan Expo" şirkətinin rəhbəri Nihat Süeray, şirkətin Marketinq meneceri Canan Yüksel, partnyoru İkin Abdullayev və Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin icraçı direktoru Elnur Əsədov iştirak edib.

S.Şahin bildirib ki, Bakı Ekspo Mərkəzində keçiriləcək sərgidə ilk dəfə xüsusi daşınmaz əmlak və investisiya layihələri nümayiş olunacaq. Onun sözlərinə görə, burada Azərbaycan ilə yanaşı, Türkiyə, Gürcüstan, Rusiya, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri, Şimali Kipr Türk Respublikası və Cənubi Afrika Respublikası ölkələrindən 100-dən çox şirkət, o cümlədən yerli və beynəlxalq tikinti şirkətləri, daşınmaz əmlak sahəsindəki brend layihələr, seçilmiş daşınmaz əmlak firmaları, daşınmaz əmlak investorları iştirak edəcək: "Sərgidə qeyd olunan ölkələrdən müxtəlif qiymətlərdə evlər təklif olunacaq. Təkliflər arasında 30 min dollardan 2 milyon dollaradək evlər tapmaq mümkündür. Evlərin qiymətlərində müəyyən endirimlər də nəzərdə tutulub. Sərgi Avropa, Yaxın Şərq, Körfəz və Qafqaz ölkələrinin brend layihələrini Azərbaycandakı sərmayəçilərə tanıtmaq üçün böyük bir platforma olacaq, iş adamlarına yeni imkanlar yaradacaq. Daşınmaz əmlak sektorunun böyük firmaları Azərbaycanı bölgənin üstün investisiya mərkəzi olaraq görürlər".

Tədbirdə qeyd olunub ki, ziyarətçilər üçün "Koroğlu" metrosundan avtobuslar fəaliyyət göstərəcək. Dekabrın 19-dək davam edəcək sərgiyə giriş pulsuz olacaq. Qeyd edək ki, sərgidə iştirak edənlər təşkilatçılar tərəfindən hədiyyə olaraq İstanbula səyahət qazana bilərlər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR