“Dastan gecələri” layihəsi başladı - Muğam Mərkəzi

Beynəlxalq Muğam Mərkəzində "Dastan gecələri" adlı möhtəşəm layihənin ilk tədbiri olub - "Alı xan və Pəri xanım" dastanı tamaşaçılara təqdim edilib. Layihə Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun birgə təşkilatçılığı ilə həyata keçirilir.

Tədbirdə Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq Artisti Murad Hüseynov, AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov çıxış edərək aşıq sənətinin təbliği baxımından layihənin əhəmiyyəti barədə danışıblar. Bildirilib ki, aşıq sənəti Azərbaycan xalq yaradıcılığının qədim tarixi köklərə malik özünəməxsus hadisəsidir. Bu sənət müxtəlif mərhələlərdən keçib, xalqımızın bir çox qeyri-maddi mədəni dəyərlərini özündə cəmləşdirib. Azərbaycan aşıq sənəti 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Qeyd olunub ki, dastan ifaçılığı barədə geniş təsəvvür yaratmaq və onu təbliğ etmək məqsədilə həyata keçirilən layihə həm də bugünkü Azərbaycan aşıq sənətinin bədii-texniki və melopoetik xüsusiyyətlərinin zənginliyini göstərməyə xidmət edir. Layihə çərçivəsində dekabrın 25-dək müasir aşıq sənətinin tanınmış nümayəndələrinin ifasında 7 dastan sənətsevərlərə təqdim olunacaq.

Daha sonra Azərbaycan Aşıqlar Birliyinin üzvü Aşıq Qələndər Zeynalovun ifasında "Alı xan və Pəri xanım" dastanı təqdim olunub. Aşığı balabanda Əməkdar Mədəniyyət İşçisi Sərdar Məmmədli müşayiət edib. Ailə-məişət mövzusunda olan dastan tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR