Xalça Muzeyində “Çin təqvimi üzrə Yeni il” sərgisi

Azərbaycan Xalça Muzeyində "Xalçalar və əfsanələr" layihəsi çərçivəsində "Çin təqvimi üzrə Yeni il" adlı sərgi açılıb. Olaylar.az bildirir ki, sərgi Azərbaycan Xalça Muzeyi və Çinin Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə təşkil olunub.

Muzeyin direktoru Şirin Məlikova bildirib ki, sərgi iki ölkənin muzeyləri arasında əməkdaşlığın qurulmasına təkan verəcək. Bəşəriyyətə mühüm kəşflər bəxş etmiş Çin sivilizasiyası dünya incəsənətinə böyük təsir göstərib. "Bugünkü sərginin əsas mövzusu Çin təqvimi ilə bu ili rəmzləşdirən it obrazıdır. Hər iki xalqın mədəniyyətində it obrazı insanı pis ruhlardan qoruyan müdafiəçi mənasını daşıyır", - deyə muzeyin direktoru bildirib.

Tədbirdə Çinin ölkəmizdəki səfiri Vey Cinxua sərginin əhəmiyyətindən söz açıb. Qeyd edib ki, Çin təqviminə əsasən, 2018-ci ilin fevralında it ili qədəm qoyur. Buna görə də layihə çərçivəsində təşkil olunan sərgi bu heyvanın təsvir olunduğu eksponatları əhatə edir. Sərgidə təqdim olunmuş xalçaların bir neçəsi muzeyin fondundan ilk dəfədir çıxarılır.

Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi Fikrət Babayev belə bir layihənin Xalça Muzeyində reallaşdırılmasını yüksək qiymətləndirib, bu işdə hər kəsə təşəkkürünü bildirib.

Sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgi fevralın 28-dək davam edəcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR