"Azərbaycan, Qarabağ və sülh üçün oxu" adlı musiqi klipinin təqdimat mərasimi keçirildi

Dekabrın 6-da Nizami Kino Mərkəzində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Özbəkistanda hazırlanmış "Azərbaycan, Qarabağ və sülh üçün oxu" adlı musiqi klipinin təqdimat mərasimi keçirilib. Layihənin əsas məqsədi müxtəlif metodlarla bir daha özbək ictimaiyyətinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə, müharibə nəticəsində torpaqları işğal edilmiş, milli-mədəni irsi dağıdılmış, talan edilmiş və etnik təmizləmə səbəbindən öz yurd - yuvalarını tərk etmiş Azərbaycan xalqının iztirablarını dünya ictimaiyyətinə çatdırmaq, xalqımızın sülhsevər obrazını möhkəmləndirmək olub. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistan ictimaiyyətini ölkəmizlə bağlı məlumatlandırmaq, iki ölkə arasında dostluq əlaqələrini, Azərbaycanın qədim tarixi, zəngin mədəniyyətini, turizmini, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə təbliğ etmək məqsədi ilə bir sıra işlərin görüldüyünü qeyd etdi. O, Özbəkistandakı Azərbaycan Səfirliyi və Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin 2013-cü ildən özbək mətbuatında "Azərbaycan haqqında ilin ən yaxşı məqalə" müsabiqəsinin elan edildiyini, qalib jurnalistləri, saytları, mətbu orqanları, ilin fəallarının hər ilin yekununda mükafatlandırıldığını vurğuladı. Artıq ötən 2016-cı il ərzində Azərbaycana dair özbək mətbuatında 318 məqalə dərc edildiyini qeyd edən natiq bu böyük nəticəni Özbəkistandakı digər xarici ölkələrin nümayəndəliklərin də diqqətdə saxladığını və onların Azərbaycan təcrübəsini öyrənmək istədiklərini söylədi. Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı materialların dünyada ölkəmizin təbliği işində dəyərli vasitə olduğunu deyən Samir Abbasov qardaş ölkədə keçirilən bütün beynəlxalq tədbirlərdə, festivallarda, turizm sərgi və yarmarkalarında bu əyani vasitələrin təbliğat işində onlara böyük yardımçı olduğunu qeyd etdi. Samir Abbasov musiqi klipinin reallaşmasında onları dəstəklədiklərinə görə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinə, Özbəkistandakı Azərbaycan Səfirliyinə, Azərbaycanın "Lider" televiziyasına, Özbəkistanda Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinə və onun Səmərqənd filialına öz minnətdarlığını bildirirdi.
Daha sonra "Azərbaycan, Qarabağ və sülh üçün oxu" adlı musiqi klipi nümayiş etdirildi. Layihə iştirakçıları 4 Azərbaycan mahnısını "Bayatı Şiraz muğam", "Anadır arzulara Qarabağ", "Ay Laçın" və "Sizə salam gətirmişəm" mahnılarını ifa edərək səslərini Azərbaycana, Qarabağa, sülhə və dostluğa veriblər. Klipin sonu 2014-cü ildə Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Özbəkistanda qastrolda olan gənc Azərbaycan xanəndələri, Aytən Məhərrəmova, Vüsal Zamanov və özbək musiqiçisi Yulduz Turdiyevanın Daşkənddə "Türkistan" Respublika Sarayında birgə ifa etdikləri "Qarabağ şikəstəsi" ilə başa çatır. Klipin sonunda böyük qayıdışı simvolizə edən, 2016-cı il aprel savaşından sonra Prezident İlham Əliyevin Sərəncamı ilə bərpa olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin görüntüləri verilir, nəhayət klip "Cocuq Mərcanlı - Şuşa" yol işarəsini göstərən xüsusi löhvənin nümayişi ilə başa çatır. Bu isə bir daha torpaqlarımızın işğaldan azad olunması prosesinin başlandığına bir işarədir. İlk buraxılışda 32 həvəskar özbək musiqiçi layihədə iştirak edib. Onların arasında peşəkar və tanınmış ifaçılar, Özbəkistanın əməkdar artisti Yulduz Turdiyeva, əməkdar artistləri İsroil Saidumarov, Dilnoza Akbarova, dünyaca məşhur "Özbək gəncləri", "Surxan" musiqi qrupları çıxışları layihəyə xüsusi gözəllik verir. Çəkilişlər Özbəkistanın Daşkənd, Səmərqənd, Buxara, Xivə, Fərqanə, Margilan, Gülüstan, Kaşqadərya və s. şəhərlərində aparılıb və Özbək gəncləri hissə hissə musiqilər ifa edərək səslərini Azərbaycana veriblər. Klipdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" milli rəqs ansamblı iştirak edərək, bir sıra rəqslər ifa ediblər. Layihənin özünəməxsusluğu, digər layihələrdən fərqləndirən cəhətlər var. Belə ki, musiqilər ifa olunan zaman paralel olaraq, işğal altında olan regionlarımızı, onların gözəl görüntülərini, səfalı məkanlarını, tarixi şəhərlərimizi, abidələrimizi görüntüləyək və bununla da təbliğatı işinin effekti daha da güclənmiş olub. Musiqi klipində müğənnilər mahnıları ifa edərkən Azərbaycanın Qarabağ bölgəsi, bu bölgənin gözəl və təkrarsız təbiəti, abidələri, Şuşa, Ağdam, Kəlbəcər, Laçın rayonlarının işğaldan sonrakı vəziyyəti, müharibənin dəhşətli nəticələri nümayiş etdirilir. Layihənin Daşkənddə geniş ictimaiyyətin iştirakı ilə dünya azərbaycanlılarının həmrəyliyi gününə həsr olunmuş təqdimat mərasiminin təşkili planlaşdırılır. Təqdimat mərasiminə qatılan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Vəfa Məmmədova qeyd edib ki, klipdə Qarabağla bağlı hər şey var: "Klip insanda qəribə hisslər yaradır, xəyalları yaxın keçmişə qaytarır. Biz sənədlərlə sübut etmişik ki, o torpaqlar Azərbaycana məxsusdur. Ermənilər özləri də etiraf edirlər ki, onlar Qafqaz xalqı deyillər. Qalır bircə bunu de-fakto reallaşdırmaq".

Alim

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR