“Duyğularımızın rəngi” adlı sərgi

AMEA Milli Azərbaycan Tarixi Muzeyi və Sabunçu rayonu Yeni Ramana qəsəbəsində yerləşən 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinin təşkilatçılığı ilə gənclərin əl işlərindən ibarət sərginin açılış mərasimi olub. "3 dekabr - Beynəlxalq Əlillər günü"nə həsr olunmuş "Duyğularımın rəngi" adlı sərgi Bilik Fondunun dəstəyi ilə keçirilir.

Olaylar.az bildirir ki, tədbirin keçirilməsində məqsəd sağlamlıq imkanları məhdud istedadlı gənclərə dəstək olmaq və onların müxtəlif sənət sahələrini əks etdirən əl işlərini ictimaiyyətə təqdim etməkdir. Sərgidə 28 yaradıcı gəncin 100-dən çox əl işləri nümayiş olunub. Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin elmi işçisi Sahibə Ələkbərova sağlamlıq imkanları məhdud gəncləri Muzeyin elmi-ekspozisiyası ilə yaxından tanış edərək, onları maraqlandıran sualları ətraflı cavablandırıb. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, İnsan Hüquqları üzrə Müvəkkili Aparatı, Rəssamlıq Akademiyası və başqa müvafiq qurumların səlahiyyətli nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə muzeyin direktoru, akademik Nailə Vəlixanlı açaraq bildirdi ki, sağlamlıq imkanları məhdud gənclərə dövlətimiz tərəfindən hərtərəfli qayğı göstərilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Əminə Seyidzadə çıxış edərək qeyd etdi ki, bu gün ölkəmizdə əlilliyi olan gənclər daim diqqət mərkəzindədirlər. Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, Ombudsman Aparatının nümayəndəsi Müqalib Mahmudov və 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinin direktoru Rəhilə Həsrətova çıxış edərək bu tədbirin keçirilməsinə görə Muzeyin rəhbərliyinə öz təşəkkürünü bildirdilər.

Sonda sərgi iştirakçılarına Muzeyin rəhbərliyi və Bilik Fondu tərəfindən təşəkkürnamə və xüsusi hədiyyələr təqdim olundu. "Duyğularımın rəngi" adlı sərgi noyabr ayının 10-dək davam edəcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR