Muğam Mərkəzində V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumu

Muğam Mərkəzində oktyabrın 18-də V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunun açılışı mərasimi keçirildi. Tədbir Prezident İlham Əliyevin "V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunun Bakı şəhərində keçirilməsi haqqında" müvafiq Sərəncamına əsasən təşkil edilib. Əvvəlcə qonaqlar mərkəzin foyesində xalçaçılıq sənətinə həsr edilmiş sərgi ilə tanış olublar.

Olaylar bildirir ki, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan xalçasının dünyada təbliğinə böyük təkan verəcək simpozium haqqında ətraflı məlumat verib. Nazir simpoziumun əhəmiyyətindən, burada müzakirə ediləcək məsələlərin aktuallığından, Azərbaycanda xalça sənətinə göstərilən diqqət və qayğıdan və dünyada bərabəri olmayan müasir xalça muzeyinin yaranmasından söz açıb.

Xalçaçılıq sahəsində əldə olunan uğurlardan söz açan nazir deyib ki, Azərbaycan xalça sənəti bu gün dünya mədəniyyətinin nailiyyətlərindən biri kimi YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib.

Bildirilib ki, simpoziumda 25-dək ölkəni təmsil edən xalça sənəti üzrə aparıcı mütəxəssislər iştirak edir. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan xalça sənətinin öyrənilməsi, tədqiq, dünyada təbliği istiqamətində aparılan elmi araşdırılmalardan bəhs edib.

Tədbirdə "Azərxalça" ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov bütün iştirakçıları dünyanın qədim və zəngin xalçaçılıq mərkəzlərindən olan Azərbaycanda salamlamaqdan məmnunluğunu ifadə edib. O, belə bir tədbirin təşkil olunmasına görə, Prezident İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya bütün iştirakçılar adından təşəkkürünü bildirib.

İCOC-un akademik komitəsinin sədri Alberto Boralevi deyib ki, simpozium Şərq və Qərbi təmsil edən nüfuzlu alimləri bir araya gətirib. Burada iki gün ərzində bu sahədə baş verən yenilikləri müzakirə etməklə yanaşı, xalçaçılıq sənətinin gələcək inkişafı ilə bağlı müzakirələr də aparılacaq.

Sonra İslam İncəsənət Muzeyinin elmi işçisi, "Hali Publication Limitet" şirkətinin direktoru Maykıl Fransis "Qafqaz ulduzları: XVI-XVIII əsrlərdə Azərbaycanın naxışları" adlı kitabı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə təqdim edib. Bildirib ki, kitabda erkən Azərbaycan tikmələri, Osmanlı dövrü, Azərbaycanda xanlıqlar və XIX əsr Azərbaycan xalça sənəti haqında geniş məlumatlar yer alıb. Kitabda 300-dək tikmə nümunələri haqqında məlumatın olduğunu deyən Maykıl Fransis diqqətə çatdırıb ki, hazırda dünyanlın 30-dək muzeyində Azərbaycan xalçaçılıq sənətinin ən qədim nümunələri qorunub saxlanılır. Natiq simpoziumun əsas tərəftaşlarından olan "Halı" jurnalının yaranma tarxi haqında məlumat verib.

Simpozium oktyabrın 21-dək davam edəcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR