Bətnindəki sıxıntını çəkirəm,  ana... Türkan Zamanovanın yeni şeirləri

"Olaylar" gənc yazar Türkan Zamanovanın yeni şeirlərini təqdim edir.

GİZLİCƏ ANAMIN CİBİNƏ ATDIĞIM MƏKTUB

Sən bətnində məni məcburən öldürməyəndə 

Axı bilirdik

ikimiz də bilirdik bir ömürlük yadlıq üzəcək bizi.

Yadlığını öldürə bilmədim uğurlarımla.

Bətnindəki sıxıntını çəkirəm,  ana.

Baş ağrılarım aman vermir gülümsəməyə

Bir tərəfdən də aynadan boylanan...

Sığalına möhtac saçlarım ağrıyır,  ana.

Bişirdiyin tamsız yeməklərdə

baxışlarının acısını hiss edirəm,

boğazım zəhər borusudu.

Qınama niyə danışmırsan deyə

dilim lal olub, ana

***

SİRRİM

R.ya

Dolanıram başına

Kəbə kimi

Qollarım havada

Bir əlim səmaya, bir əlim sənə açıq.

Ey sirrim, ruhum cismimdə məhbus

Cismim də səndə...

***

SÜKUT

Zikr edirəm ürəyimdə,

meydanlarçün yaranmış səni.

Yol gedirəm yıxıla-dura,

səmtim sən gələn tərəfədi.

Bir nəfəslik ümid göndər, ey doğma yadım

ümidimi qarğalar yeyib bitirib.

Hərdən də bir udumluq təbəssüm

işıq salsın qaranlıqlarıma.

Sən o qaranlıq küçələrdə hər qapıya

bir məktubluq azadlıq atanda

biz dəymirdik ananın

nigaranlıq göz yaşlarına...

Sən o qaranlıq küçələrdə

özünü təhlükəyə atanda

biz azadlığımızı rüşvət verirdik

daha çox şöhrət

daha çox pul əvəzi.

Doğmalıq

qan qruplarının uyğunluğu deyil,

qətiyyən deyil.

Adını qoya bilmədiyim fədakarlıqdı

qorunmasız təslimiyyətdi

səsinlə sevişməkdi...

Və daha nələr, nələrdi...

Sənin doğmalığın.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR