Azərbaycan sürətli inkişaf və tərəqqi dövrünü yaşamaqdadır

Bu gün həyatımızın bütün sahələrində, siyasi, iqtisadi, sosial və idman sahəsində yalnız uğurlar müşahidə edilir. Hər bir sahə kimi idman sahəsi də günümüzdə sürətlə inkişaf edir.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının İdman işləri üzrə prorektoru, professor Yusif Babanlı deyir ki, dövlətimiz qədim idman ənənələrinə malik və zamanla idmanın inkişafı naminə bütün qüvvəsini səfərbər etmiş ölkələrdən olub. Onun sözlərinə görə, tarixən ölkəmizdə idmanın müxtəlif növləri inkişaf edib: "Amma idman sahəsinin çiçəklənməsi dövrü təxminən keçən əsirin ikinci yarısından başlayıb. Xeyli sayda idman komplekslərinin, meydançaların, zalların, idman-sağlamlıq mərkəzlərinin və s. tikilməsi, təmirə ehtiyacı olanların yüksək keyfiyyətlə təmir olunması, idmançılara xüsusi qayğı və diqqət məhz bu dövürlərin idman uğurlarının göstəricisi idi. Azərbaycanın dövlət müstəqilliyi qazandığı ilk illərdə, iqtisadi böhranın təsiri bütün sahələrlə yanaşı idmana da təsir etmiş və idman siyasəti diqqətdən kənarda qalmışdı. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət və qayğı tam dəyişdi. Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi və bununlada idman sahədə yüksəlişin bünövrəsi qoyuldu. O dövürdə olimpiya hərəkatına qoşulmaq da Azərbaycanın bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və nüfuznun artmasına səbəb oldu". Yusif Babanlı deyir ki, Heydər Əliyev idmançıların cəmiyyətdə rolunun və nüfuznun artması, özlərinə layiqli pillələrdə təmsil olunmaları üçün əlindən gələni əsirgəməyib: "Dövlətin uğurlu idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradıldı. Dövlətin gənclər və idman siyasətinin həyata keçirilməsi üçün Heydər Əliyevin 26 iyul 1994-cü il tarixli fərmanının böyük tarixi əhəmiyyəti var idi. 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi idman sahəsində uğurlu inkişafın əsas mərhələsi oldu. Milli Olimpiya Komitəsinin prezidenti olduğu ilk dövrlərdən Cənab ilham Əliyev Azərbaycanda idmanın bütün sahələrinin inkişafı, idmançılara yüksək səviyyədə qayğı və diqqətı, idman komplekslərinin müasir tələblərə cavab verəcək səviyyəsində qurulması və ən əsası Olimpiya Oyunlarında idmançılarımızın iştirakı üçün xeyli işlər gördü. Məhz bu gərgin zəhmətin nəticəsidir ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınaraq böyük nüfuz qazanıb. 1972-2000-ci illər ərzində dövlətin idmana yüksək qayğı və diqqətinin bəhrəsi kimi Azərbaycan Olimpiya Oyunlarında təmsil olundu (XX Yay Olimpiya Oyunları, 1972, Münhen, XXI Yay Olimpiya Oyunları, 1976, Monreal, XXII Yay Olimpiya Oyunları, 1989, Moskva, XXVI Yay Olimpiya Oyunları, 1996, Atlanta, XXVII Yay Olimpiya Oyunları, 2000 Sidney). Həmin oyunlarda olimpiyadaçılarımız 6 qızıl, 6 gümüş və 2 bürünc medal qazandılar".

Yusif Babanlı qeyd edir ki, Azərbaycanı dünyada tanıdan, böyük nüfuza sahib olduğunu sübut edən fəaliyyətlərdən biri də beynəlxalq idman oyunlarına və turnirlərə yüksək səviyyədə ev sahibliyi etməsi olub: " 2000-ci ildən sonra ölkədə bir çox beynəlxalq səviyyəli oyunlar, turnirlər keçirilib. Bu oyunlardan ilki 2003-cü ildə keçirilən yeniyetmə cüdoçuların Avropa çempionatı olub. Oyunlar Bakıda, Heydər Əliyev adına İdman - Konsert Kompleksində keçirilib. Yarışda 30 ölkədən 300-dək cüdoçu iştirak edib. Bundan 1 il sonra isə 2004-cü ildə Azərbaycanda bədii gimnastika üzrə dünya kuboku uğrunda yarış keçirilmişdir. Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən yarışda dünyanın 22 ölkəsindən 47 gimnast iştirak edib. 2004-cü ildə keçirilən irimiqyaslı turnirlərdən biri də Taekvondo üzrə Avropa Olimpiya lisenziya turniri olmuşdur ki, bu da Bakı İdman Sarayında keçirilib. Turnirdə Avropanın 39 ölkəsindən 268 idmançı mübarizə aparıb. Bədii gimnastika üzrə 27-ci dünya çempionatı da 2005-ci ildə Azərbaycanda keçirilib. Çempionat Heydər Əliyev adına İdman-Konsert kompleksində keçirilib. 47 ölkəni təmsil edən gimnast qızlar yarışda iştirak ediblər. 2006-cı ildə Respublikada baş tutan digər bir çempionat hərbçilərin güləş üzrə 24-cü dünya çempionatı olub. Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən çempionatda sərbəst güləş və yunan-Roma güləşi üzrə yarışlar baş tutub. Çempionatda 20 ölkənin 200-dən çox pəhləvanı mükafatlar uğrunda mübarizə aparıb. Sərbəst, klassik-Roma güləşi və qadın güləşçilərin dünya çempionatı isə 2007-ci il sentyabr ayında Heydər Əliyev adına İdman-Konsert Kompleksində baş tutub. Sərbəst, klassik-Roma güləşi və qadın güləşçilər dünya çempionatı uğrunda mübarizə aparıblar. Mübarizədə 102 ölkədən 2500-dən çox idmançı iştirak edib. Azərbaycanın paralimpiya hərəkatı tarixində Bakıda keçirilən ilk mötəbər yarış 2007-ci ildə paralimpiyaçı cüdoçular arasında Avropa çempionatı olub. Pekin Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq xarakteri daşıyan yarışda Fransa, Böyük Britaniya, Finlandiya, İtaliya, Serbiya, Macarıstan, İspaniya, Almaniya, İsveç, Türkiyə, Ukrayna, Bolqarıstan, Rusiya, Latviya, Litva və Yunanıstanı təmsil edən 100-dən çox idmançı iştirak edib. 2009-2012-ci illərdə Respublikamızda keçirilən idman oyunları da ölkəmizin beynəlxalq aləmdə idman ölkəsi kimi tanınmasında böyük rol oynadı. 2009-cu ildə Bakıda keçirilən bədii gimnastika üzrə 25-ci Avropa çempionatında dünyanın 32 ölkəsindən 186 gimnastı iştirak edib. Elə həmin il ölkədə qaydasız döyüş üzrə Dünya kuboku da keçirildi (Bakı İdman Sarayında). Yarışda Azərbaycan millisi də daxil olmaqla, 25 ölkəni təmsil edən 120-dən çox idmançı mükafat uğrunda mübarizə aparırdı".

O, bildirib ki, 2010-cu ildə ölkəmizin paytaxtında keçirilən mötəbər yarışlardan biri də gənclər arasında boks üzrə dünya çempionatı olub və bu oyunlar Bakı Sərhədçi Olimpiya İdman Mərkəzində keçirilib: "Çempionatda 96 ölkədən 500 idmançı iştirak edib. Sərbəst, yunan-roma və qadın güləşi üzrə Avropa çempionatı da 2010-cu ildə Bakıda Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilib. Bu yarışda Azərbaycan da daxil olmaqla, 36 ölkədən 383 idmançı sərbəst, yunan-roma güləşi üzrə mübarizə aparıb. Ölkəmizdə keçirilən daha bir idman yarışı da Cüdo üzrə "World Masters" beynəlxalq turniri olub və 2011-ci ildə Bakıda keçirilib. Reytinq xalları verən World Masters seriyasında 42 ölkəni təmsil edən 300-dən çox idmançı mübarizə aparıb. Cüdo üzrə Dünya Kuboku bu il ərzində baş tutan lisenziya xarakterli yarışlardan olub. Yarış Sərhədçi İdman Olimpiya Mərkəzində baş tutub. Bu yarışlar 2012-ci il London Yay Olimpiadasına lisenziya xarakteri daşıyırdı. Boks üzrə XVI Dünya Çempionatı da 2011-ci ilin sentyabrın 26-dan oktyabrın 8-dək Bakıda keçirilib. Çempionatda 113 ölkədən 570 boksçu mübarizə aparıb. Bu, ölkələrin və idmançıların sayına görə rekord göstəricidir. Azərbaycan idman tarixinin ən şərəfli səhifələrindən biridə "Bakı-2015" Avropa Oyunları olmuşdur. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə "Bakı-2015" ilk Avropa Oyunları Təşkilat Komitəsi bu irimiqyaslı tədbirə hazırlıq işlərini cəmi iki il yarım müddətdə başa çatdırdı. Azərbaycanın bu məsuliyyətli işin öhdəsindən layiqincə gəldi və çox qısa zaman ərzində Oyunların keçirilməsi üçün hər cür şərait yaradıldı. Yarışlarda Avropanın 50 ölkəsinin 10000 idmançısı mübarizə aparıb. Yarışlarda Bakının 11, Mingəçevirin isə 1 idman qurğusundan istifadə olunub. 2015 Avropa Oyunlarının təqviminə 30 idman növü daxil edildi. Onlardan 24-ü Olimpiya, 6-sı isə qeyri-Olimpiya idman növüdür. Yarışlarda idmançılar 253 dəst medal uğrunda yarışıb. Avropa Oyunlarının açılış mərasimi 12 iyun tarixində Bakının Olimpiya Stadionunda baş tutub. Açılış mərasimində Avropa Oyunlarını rəsmi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıq elan edib. Yarışlarda 50 ölkənin 10 000 idmançısı 30 idman növündə mübarizə aparıb. 17 gün davam edən yarışlar 28 iyun tarixində Bakı Olimpiya Stadionunda yekunlaşıb. Yarışlarda qeyri-rəsmi medal cədvəlində ilk sıranı Rusiya Federasiyasının idmançıları tutub. Onlar I Avropa Oyunlarında 79 qızıl, 40 gümüş və 45 bürünc, ümumilikdə 164 medal qazanıb. İkinci sıranı isə ev sahibi Azərbaycan idmançıları tutdu. Yarışlara 289 idmançı ilə qatılan Azərbaycan 21 qızıl, 15 gümüş və 20 bürünc, ümumilikdə 56 medal qazanıb. Üçüncü sıra isə Böyük Britaniya idmançılarına nəsib olub. Onlar 18 qızıl, 10 gümüş və 19 bürünc medal qazandı və I Avropa Oyunlarını 47 medalla başa vurublar. Azərbaycanda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadası", "Formula-1" yarışları ilə yanaşı nüfuzlu və mötəbər yarışlardan biri də İslam Həmrəylik Oyunları olub. 2015-ci il sentyabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. Heydər Əliyev Fondunun prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Təşkilat Komitəsinin sədri təyin olunmuşdu".

O, bildirib ki, dünya idman tarixinə öz imzasını atmış və beynəlxalq aləmdə lazımı nüfuzunu qazanmış ölkəmiz 2017-ci ildə ilk dəfə Bakıda qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinə və digər yarışlara da ev sahibliyi edib: "Bu gün, idmanla yanaşı bütün sahələrdə Azərbaycan Demokrtaik Respublikası öz tarixinin çox şərəfli, sürətli inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Bütün bu naliyyətlər Cənab Prezidentimiz İlham Əliyev və I Vitse Prezident Mehriban xanım Əliyeva tərəfindən xalqın milli maraqlarına əsasən həyata keçirilən siyasi xəttin nəticəsidir. Biz də öz növbəmizdə səlahiyyətlərimiz daxilində, dövlətimizin inkişafı, eləcədə Azərbaycan idmanının uğur salnaməsini daha da zənginləşdirmək naminə əlimizdən gələni edəcəyik".

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR