Avropa Olimpiya Komitəsinin Baş Assambleyası keçiriləcək

Noyabrın 9-10-da Avropa Olimpiya Komitəsinin (AOK) 47-ci Baş Assambleyası işinə başlayacaq. Milli Olimpiya Komitəsindən "OLAYLAR"-a bildirilib ki, Azərbaycan nümayəndə heyətini Gənclər və İdman naziri Azad Rəhimov, AOK-un İcraiyyə Komitəsinin üzvü, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini Azər Əliyev, MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Anar Bağırov təmsil edirlər.

Tədbirdə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, AOK-un prezidenti Janez Koçijançiç, baş katib Rafael Paqnozzi, Milli Olimpiya Komitələrinin Assosiyasiyasının baş katibi Qunilla Lindberq iştirak edəcəkdir. Assambleyada AOK-un illik hesabatı müzakirə olunacaqdır.

Həmçinin, 2020-ci il Tokio Yay Olimpiya Oyunları və 2022-ci il Pekin Qış Olimpiya Oyunlarının Təşkilat Komitələrinin hesabat çıxışları gündəlikdə olan məsələlər sırasındadır. 2024-ci il Paris Yay Olimpiya Oyunları və 2028-ci il Los-Anceles Olimpiya Oyunlarının məruzələri dinləniləcəkdir.

AOK-un Baş Assambleyası çərçivəsində "VIII Pyotr Nurovski - Ən yaxşı avropalı gənc idmançı" mükafatı təqdim olunacaqdır.

Əlavə olaraq, Bakı 2019 Yeniyetmələrin Avropa Olimpiya Festivalının təqdimatı olacaqdır. Təqdimat Bakı 2019 Yeniyetmələrin Avropa Olimpiya Festivalının Təşkilat Komitəsinin üzvləri Nigar Əfəndiyeva və Tərlan Məmmədov tərəfindən ediləcəkdir.

Avropa Olimpiya Komitəsinin 48-ci Baş Assambleyasının keçiriləcəyi ölkənin adı tədbirdə açıqlanacaqdır.

Xatırladaq ki, 8 noyabr tarixində Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclası keçirilir. İclasda Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə iştirak edir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR