Mundialın iri reklam bazarı: şirkətlərimiz siyahıda yoxdur

Bu gün Rusiyada futbol üzrə dünya çempionatının açılışı olacaq.  14 iyun - 15 iyul tarixləri arasında keçiriləcək çempionatda 32 komanda 8 qrupda mübarizə aparacaq.

Dünya çempionatının əksər ölkələrdə xeyli sayda izləyiciləri olduğu üçün oyunlar, həm də şirkətlərin dünyada tanıdılması, onların öz məhsullarını reklam etmələri üçün əlverişli imkanlar yaradır. Bununla yanaşı, təbii ki, bu futbol çempionatında reklam şərtləri, qiymətlər də çox yüksəkdir. Reklam bannerləri meydançada harada olmasına, hansı qrup mərhələlərində nümayiş edilməsinə görə fərqli qiymətlərə malikdir. Bu vaxta qədər futbol üzrə dünya çempionatlarında əsasən "Adidas", "Nike", "KİA", "Samsung" kimi iri şirkətlərin reklamlarını görmüşük. Eyni zamanda Çin şirkətləri də bu mövzuda xeyli aktivləşiblər. Belə ki, ötən günlərdə yayılan məlumata görə, Çin şirkətləri Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatında reklam işlərinə 835 milyon ABŞ dolları vəsait xərcləyəcəklər.

Bu vəsait ABŞ şirkətlərinin reklam xərclərindən (400 milyon dollar) iki dəfə çoxdur. Ev sahibi Rusiyanın reklam xərcləri 64 milyon dollar təşkil edəcək.

Dünya çempionatında məhsulları və xidmətləri reklam olunacaq  Çin şirkətləri arasında "Dalian Wanda Group", texnologiya kompaniyası "Zhidian Yijing Virtual Reality Technology", məişət avadanlığı istehsalçısı "Hisense Electronics", mobil telefon cihazları üzrə ixtisaslaşan "Vivo Mobile Communication Technology", habelə ərzaq və geyim firmaları var.

Müqayisə üçün deyə bilərik ki, 8 il əvvəl Cənubi Afrika Respublikasında təşkil olunan futbol üzrə dünya çempionatında cəmi bir Çin şirkəti reklam olunurdu.

Bəs Azərbaycan şirkətləri necə, dünya çempionatında reklam olunacaqmı?

Beynəlxalq yarışlarda Azərbaycan şirkətlərindən əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ/SOCAR), "Azərsun" Holdinqin məhsullarının adını görmüşük. Məsələn, SOCAR elan etmişdi ki, 2016-cı il futbol üzrə Avropa çempionatının və bu turnirin seçmə oyunlarının əsas sponsorları sırasına daxildir. Müqavilənin şərtlərinə görə, sponsorluq 3 illik dövrü - 2013-2016-cı illər aralığını əhatə edib. Sonradan şirkət tərəfindən açıqlandı ki, AVRO-2016-da reklam kampaniyası ərəfəsində SOCAR məhsullarının beynəlxalq bazarlarda satış həcmi 30%-ə qədər yüksəlib.

Bildirilib ki, SOCAR son illərdə xam neftin qiymətinin aşağı düşdüyü şəraitdə belə, həyata keçirdiyi çoxşaxəli investisiya və marketinq strategiyası nəticəsində gəlirliliyini təmin edib. Azərbaycana və Avropa ölkələrinə qoyulan sərmayələri şaquli inteqrasiya prinsipinə əsasən şaxələndirməklə şirkət öz biznesinin inkişafı və ölkənin rifahı üçün möhkəm zəmin yaradıb.

Əldə etdiyimiz məlumata görə, Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatında SOCAR məhsulları reklam olunmayacaq.

Qarabağ idman klubuna sponsorluq edən "Azərsun" Holdinq də dünya çempionatında öz məhsullarını reklam etməyəcək. Bu barədə "Yeni Müsavat"a holdinqin mətbuat xidmətinin rəhbəri Afiq Səfərov məlumat verib.

İqtisadçı Natiq Cəfərli "Yeni Müsavat"a bildirib ki, bu yarışları dünyada təqribən 2 milyarda yaxın insan izləyir:

"Reklam ödənişləri də kifayət qədər bahadır. Qrup oyunlarında daha ucuz reklam yerləşdirmək olur. Ancaq əsas oyunlarda həm televiziyada, həm də stadion kənarında yerləşdirlən reklamlar bahadır. Eyni zamanda  futbol üzrə dünya çempionatına öncədən böyük şirkətlərlə sponsorluq müqavilələri bağlanır ki, onlar da reklamın böyük bir hissəsini öz şirkətlərinin təmsil olunmasına xərcləməyə şərt qoyub, kifayət qədər böyük vəsait ödəyirlər. Məsələn,  "KİA"nın bir neçə çempionat üçün bağladığı ümumi reklam müqaviləsinin dəyəri 4 milyard dollara yaxınlaşır. Yəni çox bahalı və ağır şərtlər olduğu üçün ilk növbədə Azərbaycan şirkətləri buna görə imtina edirlər. İkincisi də Azərbaycan şirkətlərinin ciddi ixracat potensialı olan məhsulları da yoxdur ki, dünya çempionatı kimi çox mötəbər kimi yarışda özünü reklam edib, dünya bazarına çıxa bilsinlər. Çox təəssüf ki, Azərbaycan ixracatının 91-92 faizini resurs ixracat təşkil edir. 82 faizə qədəri xam neftdir, yerdə qalanları isə elektrik enerjisi, təbii qaz, qızıl və bu tipli təbii resurslara söykənən ixracatdır. Ona görə də indiki şəraitdə Azərbaycan şirkətlərinin reklama böyük pul xərcləyib, bazara çıxması məntiqsiz olardı. Çünki əvvəl məhsul, rəqabətə davam gətirə biləcək istehsal olmalıdır ki, sonradan bunun dünyada təbliği, reklamı üçün şərait yaradılsın. Ona görə də indiki şəraitdə Azərbaycan şirkətlərinin dünya çempionatına reklam verməməsini normal qarşılamaq olar".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR