Qış Olimpiya Oyunlarında önəmli DƏYİŞİKLİK - Təmsilçimiz bu tarixdə yarışacaq

2018-Qış Olimpiya Oyunlarına ev sahibliyi edən Pxençanda tarixi yarışın 2 günü geridə qalıb. Ölkəmizin bir idmançı ilə təmsil olunduğu yarışda artıq 6 medal öz sahiblərini tapıb. Dağ xizəyi yarışında qızıl medalı kişilərdən 87,16 xalla amerikalı olimpiyaçı Redmond Gerard qazanıb. 17 yaşlı Redmond dağ xizəyi kateqoriyasında ən gənc kişi idmançıdır.

15+15 km xizəksürmədə isə medallar norveçli idmançıların nəsibi olub. Yarışın başlanğıcında toqquşmadan sonra sonuncu yerdə mübarizə aparan Simen Krüger 1 saat 56 dəqiqə 20 saniyəlik nəticəsi ilə ilk olimpiya çempionluğunu qazanmağı bacarıb.

Sürətli konkisürmədə 5000 metrlik məsafəni 6 dəqiqə 9,76 saniyədə qət edərək olimpiya rekordu qıran hollandiyalı Sven Kramer bu nəticə ilə 3-cü medalını sinəsinə taxıb. Beləliklə, 31 yaşlı olimpiyaçı fərdi sürətli konkisürmədə 3 olimpiya çempionluğu qazanan ilk kişi idmançı olub.

Biatlon (20 km məsafədən tüfəngdən atəş açdıqdan sonra icra edilən xizək yarışı) kateqoriyasında isə medalı 10 kilometrlik məsafəni 23 dəqiqə 38,8 saniyəyə qət edən almaniyalı Arnd Peiffer qazanıb. O, karyerasının ilk olimpiya çempionluğuna imza atıb.

Olimpiadanın ikinci günündə luqe yarşında (kürək üzərində uzanaraq icra edilən bir və ya iki nəfərlik xizək yarışı) da qalib müəyyənləşib. Avstraliyalı Devid Qleirşer yarışı 3 dəqiqə 10,702 saniyə müddətində başa vurub və ilk olimpiya çempionluğunu əldə edib.

Sərbəst xizəyin qadınlar kateqoriyasında da finalçı bəlli olub. Fransalı Perrine Laffont 78,65 xal toplayaraq qızıl medalın sahibi olub. 19 yaşlı idmançı bu qələbə ilə ilk olimpiya çempionluğuna imza atıb.

Qeyd edək ki, "Ceonqseon" mərkəzində təşkil edilməsi planlaşdırılan kişilərin dağdan xizəklə eniş yarışmaları sərt küləklər səbəbilə 15 fevral tarixinə təxirə salınıb. Buna görə də kişilərin slalom yarışları 16 fevral tarixinə keçirilib. Xatırladaq ki, Azərbaycanın yeganə təmsilçisi Patrik Braxner məhz bu kateqoriyada yarışacaq.

23-cü Qış Olimpiadasının 2-ci günündə 3 qızıl və 1 bürünc medal qazanan Almaniya turnir cədvəlinin zirvəsinə yerləşib. Hollandiya 2 qızıl, 2 gümüş və 1 bürünc medalla ikinci , Norveç isə 1 qızıl, 4 gümüş və 3 bürünc medalla üçüncü yerdə qərarlaşıb. Publika.az 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR