Dollar İranı qarışdırır

Hökumətin iqtisadi kursu dalana dirənib, inflyasiya daxildə ciddi etirazlara səbəb olub

İranda sosial tələblərlə aksiyalar baş verib. Bu həftə dolların qara bazarda 8 min tümənə (75-80 min rial. - K.R.) satılması yerli ticarətçiləri küçələrə töküb. Paytaxt Tehranda ticarətçilər hökumət əleyhinə yürüş ediblər. Həftənin əvvəli ən geniş aksiyalar Tehranda olub, ancaq eyni zamanda digər bir neçə kiçik şəhərdə də etirazlar qeydə alınıb.

Hökumət isə etirazların qızışmasında təxribat amilindən şübhələnir. Artıq bir neçə nəfər, o cümlədən hadisələri qızışdırmaqda ittiham olunan polisləri həbs edib. Hələlik təxribatın xaricdən, yoxsa ölkə daxilindən qızışdırıldığı haqda məlumat verilmir.

Qeyd edək ki, İranda yerli valyutanın dəyərdən düşməsi Həsən Ruhaninin prezidentliyi dönəmində daha da şiddətlənib. Bu ilin əvvəlində 1 ABŞ dolları 45-48 min rial ətrafında dəyişdiyi halda maydan bu yana sürətlə dəyər itirib. Xüsusən də prezident Trampın İranla nüvə anlaşmasını ləğv etməsi və Tehrana qarşı sanksiyaları bərpa etmək qərarı İran rialına ağır zərbə vurub. Hətta hökumətin dollar satışını nəzarətə götürməsi belə inflyasiyanın qarşısını ala bilməyib. Əksinə, "qara bazar" çiçəklənib. Ən son olaraq "qara bazar"da dollar 90 min riala satılıb.

BBC-nin məlumatına görə, Tehranın mərkəzindəki Laləzar küçəsində ticarətçilər mağazalarını bağlayıb. Onlar təkərlərə od vurublar. Məlumatlara görə, etirazlar həmçinin Kirmanşah və Təbriz şəhərində də keçirilib. Çərşənbə axşamı günü etirazlar silsiləsi parlamentdə müzakirəyə çıxarılıb. Məclis üzvlərindən bəziləri güc nazirliklərini hesabat verməyə səsləyiblər.

İran parlamentinin Xarici siyasət və milli təhlükəsizlik məsələləri üzrə komissiyasının fövqəladə toplantısı keçirilib. Toplantıda ölkəyə xarici sərmayə cəlb olunması müzakirə olunub. Ancaq aydın məsələdir ki, indi İrana sərmayə cəlb eləmək çox çətindir. Sanksiyalar isə günü-gündən daha da dərinləşir. Bu isə o deməkdir ki, Ruhani administrasiyasının iqtisadi-siyasi kursu əhəmiyyətini itirir. Məsələ ondadır ki, 2013-cü ildə Həsən Ruhani iranlılara məhz sanksiyaları ləğv edib xarici sərmayəni ölkəyə cəlb edəcəyinə inandırıb. Seçicilər isə məhz sanksiyaların ləğv olunacağı, ölkənin iqtisadi baxımdan xarici sərmayələrə açılacağı ümidi ilə Ruhanini seçdilər. Lakin Trampın gəlməsi ilə bu proses pozuldu. Baxmayaraq ki, 2015-ci ildə İran nüvə anlaşmasını imzalamaqla ABŞ-la münasibətləri yumşaldıb, müəyyən bir nəfəslik əldə etmişdi.

Lakin indi vəziyyət dəyişib. Aydın olub ki, ABŞ bütün dünyanı İrana qarşı sanksiyalara cəlb etmək istəyir. Doğrudur, böyük mənada Rusiya, Çin, qismən Avropa və region ölkələri İranla ticarət əlaqələrini davam etdirəcək. Lakin bu, o qədər də yetərli olmaya bilər. İndi İranın xilası yenidən daxili istehsalı gücləndirmək, xaricdən, xüsusən də "etibarsız" Qərb ölkələrindən asılılığı azaltmaqdır. Ruhani hökumətinin isə bu yöndə təcrübəsi və necə deyərlər, plan-proqramı yoxdur.

Üstəlik, daxili iqtisadiyyatın böyük hissəsi "bunyadlar", yəni vəqflər vasitəsilə inqilabçı qurumların, o cümlədən ordunun - Sepah - nəzarətindədir. Ordu isə Ruhani hökuməti ilə yola getmir. Ötən gün ali dini liderin hərbi məsələlər üzrə müşaviri, Sepahın keçmiş komandanı Yəhya Rəhim Səfəvi hökuməti sərt şəkildə tənqid edib. Səfəvi deyib ki, hökumətin yaratdığı problemlər ölkə əhalisində bir sıra rahatsızlıqlar yaradır: "Bu, hakimiyyətə qarşı etiraz aksiyalarının keçirilməsinə səbəb olur. Bazarda tacirlərin hakimiyyətə təzyiqi ölkədəki narahatlıqları göstərir".

O, İran hökumətinə başçılıq edən prezident Həsən Ruhanini hədəf alaraq bildirib: "Belə görünür ki, hökumət olmasa, ölkəni daha rahat idarə etmək olar. Ali rəhbər nüvə məsələsi ilə bağlı müzakirələri dəstəkləmədi. Ancaq İran konstitusiyasına bağlılığını irəli sürən Həsən Ruhani hökuməti bu müzakirələrə icazə verdi".

Generalın açıqlaması ordu və hökumət arasındakı vəziyyəti gün üzərinə çıxarır. Mühafizəkar xətt və onun flaqmanına çevrilən Sepah hökumətin ABŞ-la nüvə danışıqlarına getməsini hələ də bağışlaya bilmir və təslimçilik kimi qiymətləndirir. İndi isə nüvə sazişi faktiki olaraq qüvvədən düşüb və ölkə iqtisadiyyatının çökməsi müxaliflərinin Ruhaniyə yüklənməsinə səbəb olur.

Ölkədə isə vəziyyət getdikcə daha da çətinləşir. Hökumət inflyasiyanın qarşısını ala bilmir, bahalaşma sürətlə gedir. Digər tərəfdən, İranın region düşmənləri ona qarşı basqıları daha da artırır. BƏƏ təhlükəsizlik idarəsinin rəisi deyib ki, hazırda İsrailin ərəblərlə ciddi bir problemi yoxdur, ancaq İran bizim üçün əsas təhdiddir. ABŞ, İsrail, region müttəfiqləri İrana qarşı təzyiqləri günü gündən artırır. Bu isə o deməkdir ki, qarşıdakı günlərdə İranda daxili siyasi hadisələr daha da gərginləşəcək. Hökumət təcili tədbirlər görməsə, vəziyyətin daha da pisləşməsi gözləniləndir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR