Güneyli soydaşlarımız ayaqda

Artıq bir neçə gündür ki, Güney Azərbaycan yenidən ayaqdadır. Səbəb isə yenə eynidir. Azərbaycan türkünün təhqir olunması. Artıq bu tendensiya ənənə halını alıb desək yanılmarıq. Yaxın bir neçə ilə nəzər salsaq görərik ki, cənub qonşumuzun televiziya və radioları, kütləvi informasiya vasitələri fürsət düşdükcə Güneydəki soydaşlarımızı, Azərbaycan türkünü təhqir edir, onu alçaldır. Belə xoşagəlməz hadisələrdən biri də bu günlərdə baş verib. İranın "Kanal-2" televiziyasının "2 Fitilə" proqramında azərbaycanlılar inanılmaz şəkildə təhqir edilib. Belə ki, proqramın "Hotel Fitilə" adlanan hissəsində hoteli pis iyisinə görə tərk etmək istəyən azərbaycanlı ata və oğulun saxta dastanı təsvir edilib. Təhqiramiz dastanda diş fırçası əvəzinə tualet fırçasından istifadə edən azərbaycanlı oğlan atası ilə birlikdə hoteldə pis iyinin olmasına etiraz edir və sonda anlayırlar ki, elə bu iyin mənşəyi onların özüdür. Telekanalın heç bir etik prinsiplərə sığmayan bu reportajı, Azərbaycan türkünü bu şəkildə təhqir etmək çox keçmədən öz nəticəsini göstərib. Reportaj efirə getdikdən dərhal sonra Güneydə on minlərlə soydaşımız ayağa qalxaraq öz etirazlarını bildiriblər. Soydaşlarımız sosial şəbəkələr və müxtəlif şəhərlərdə çağırışılar yayaraq əhalini fars irqçiliyinə qarşı kütləvi etirazlara səfərbər edib. Aksiyanin Təbrizlə yanaşı Zəncan, Ərdəbil, Qəzvin və Astaranı əhatə etməsi İran hakimiyyətində ciddi təşviş yaradıb. Bütün siyasətini Güneydəki soydaşlarımızı təhqir etməyə, onlara öz milli haqlarından istifadə etməyə məhdudiyyətlər yaratmağa sərf edən İran görünür etiraz aksiyasının bu qədər geniş vüsət alacağına ümid etmirmiş. Ancaq görünən odur ki, Azərbaycan türkü artıq ayrıseçkilikdən, təhqir olunmaqdan bezib və özündə güc taparaq dirəniş göstərir, yaşadığı ölkənin hakimiyyətindən hüquqlarına hörmətlə yanaşmağı tələb edir. Necə ki, İran ərazisində yaşayan və sayları Azərbaycan türklərindən qat-qat az olan erməni, kürd və digər xalqların nümayəndələrinə hörmətlə yanaşır, eləcə də eyni münasibət Güneydəki soydaşlarımıza göstərilməlidir. Baxmayaraq ki, Azərbaycan türklərinin hər zaman İran dövlətinin inkişafına, onun ayaqda durmasına böyük töhfəsi olub. Lakin təssüflər olsun ki, onların bu əməyi qarşılığını almayıb.

Artıq haqq, ədalət tələb etməyin zamanı yetişib. Son illərdə İran ətrafı ölkələr, İraq, Suriyada baş verən proseslər, Qərbin həmin ölkələrdə həyata keçirdiyi "inqilablar" da sübut etdi ki, ortaya real güc, potensial qüvvə qoymayacağın təqdirdə səninlə hesablaşmayacaqlar. İraqda türkmənlərin bu gün də azlıq olaraq göstərilməsi və onların bir çox hüquqlardan məhrum edilməsi buna əyani sübutdur. Ona görə də artıq dirəniş göstərməyin zamanıdır. "Kanal-2" telekanalının yol verdiyi səhv Azərbaycan Türkünün ayaqlanması və öz hüquqlarına nail olana qədər mübarizə aparması üçün fürsət olmalıdır. Əgər fars şovinizminin əsas siyasəti Azərbaycanın tamamilə məhv edilməsinə yönəlibsə, heç şübhəsiz Azərbaycan türkü də bu irqçi və məhvetmə siyasətinə susmayacaq. Bugünkü şəraitdə öz haqlarımızı əldə etmək istiqamətində milli iradəmizi bir bütün olaraq ortaya qoyub, beynəlxalq hüququn verdiyi imkanlardan yararlanaraq dinc etirazlar keçirmək və haqlı etirazlarımızı daha mütəşəkkil formada aparmalıyıq.


S.İsmayılbəyli
 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR