Kislota və qızıl güllər... (“Paralel dünyalar” silsiləsindən)

Elçin Hüseynbəyli

Qoca Mələk məni uçuruma itələyəndən sonra ağ başlı Berkuta çevrildim və aşağıdakı mənzərəni seyr eləməyə başladım. Ürəkparçalayan mənzərəydi. Bir az uçandan sonra yerə qondum və yerə qonan kimi də özümə çevrildim.

Gözümü açanda 15-16 yaşlı bir oğlan gördüm. O, sanki yatmışdı və indi oyanıb yuxulu-yuxulu ətrafa baxırdı. Mən də key kimiydim və harda olduğumu bilmirdim. Hava boz-bulanıq idi. Yerə iki meyid uzadılmış və üstlərinə pərdə salınmışdı. Mən o kirli pərdəni götürüb altdım. Onun altındakını təxmin eləsəm də, nədənsə bu iyrənc hərəkəti elədim. Onun altında, doğrudan da kəfənlənmiş cənazə vardı. Onlar, deyəsən güllələnmişdilər. Çünki kəfənlərində qan ləkələri vardı. Tfu! Kənardakı krantdan kirli su damcılayırdı, adamlar onu içmək istəsələr də, kimsə mane olurdu...

Bayaq gördüyüm oğlan qəfildən mənim çiynimdən tutdu və yuxulu gözlərini oynada - oynada soruşdu:

-Bilirsiniz, bura haradır?

Mən onun qəfil hərəkətindən və bu sualından qorxdum, qorxduğuma görə də gülümsədim və yumor hissimi işə salıb dedim:

-Bura hamının dediyi yerdir, fərqli iki məkandır, amma cənnətə düşmədiyimə dəqiq əminəm.

Bu sözləri deyəndən sonra oradan uzaqlaşdım. Oğlan bir az dalımca gələndən sonra dayandı və ümidsizcəsinə əlini yelləyib getdi. Görünür, o bu yerlərdə çox olmuşdu və yeni nəsə görəcəyinə əmin deyildi.

Çətinliklə yeriyirdim, sanki yuxudaydım. Dağlar qəribə rəngdəydilər, onların döşünə səpələnmiş heyvanlar da özlərinə oxşamırdılar: nə inək kimi inək idilər, nə qoyun kimi qoyun.

Dağa qalxdım. Ordan aşağı boylandım. Aşağıda intihar edənlərin qara kömürlə adları həkk olunmuşdu.

-Onlar intihar ediblər, amma ölməyiblər, burda heç kim ölmür, onları ölməyə qoymurlar, cəhənnəm də elə budur, -kimsə böyürdən dedi, amma bu sözləri deyənin kim olduğunu bilmədim. Bayaqkı cavanın səsinə oxşayırdı.

Fikir verdim ki, həmin yazıların içində mənim də adım var. Heç üşənib eləmədim də. Sanki buraların əbədi sakiniydim...

Və birdən gözlərim qarşısında gül-çiçəkli bir vadi canlandı. Orkestr gözəl musiqi çalırdı. Məni heyrət bürüdü. Bu gözəllik hardandı, görəsən? Bu zaman donuza oxşar iki məxluq mənə yaxınlaşdı. əllərində gül səbətləri vardı:

-Ser, icazə verərsinizmi, bu gözəl musiqiyə görə onlara iki səbət gül bağışlayaq? - deyə misqiçiləri göstərdilər.

Mən cavab verməmiş hardansa əcaib təyyarə peyda oldu. Təyyarə astaca yerə qondu. Uçan boşqablara oxşayırdı. Təyyarədən bir cütlük düşdü: kişi və qadın.

Donuzlar qorxuya düşdülər və astadan qulağıma pıçıldadılar:

- Bu cənab Veberdir. Buraların sakini. Gözəlçəsi də yanındadır.

Musiqiçilər də səslərini kəsdilər və al-qırmızı göbələyə çevrildilər.

Cənab Veber ayağı ilə onlardan birini vurub aşırdı:

-Rədd olun, şeytanın törəmələri!

Cütlük içəri girdi və bir azdan cənab Veberin xanımının gurultulu səsi eşidildi:

-Mayor Eşli, harda qalmısan!? Kislota hardadır!? Güllərə tökməyə kislota tapa bilmirəm! Bilmirsən ki,  gözəl güllərdən zəhləm gedir! Mən yalnız onları yandırıb külə döndərəndə sevinirəm!

Bu sözlərdən sonra hər şey bitdi, ətraf sakitliyə qərq oldu. Və birdən həmin xanımı gördüm. Onun ağzı yox idi, daha doğrusu, ağzının yeri vardı. Ona diqqətlə baxdığımı görüb olmayan ağzını əydi. Mən də acığa düşdüm və cavabında:

-Yəqin sizin oranız da  yoxdur, sonsuzsunuz, eləmi?

-Bəlkə sizin oranız var!? -deyə əcaib-əcaib güldü.

-Var, ancaq o indi  heç nəyə yaramır, -dedim və yox oldum...

Mayın ortası, 2019

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR