Gülmə qonşuna...

Elçin Hüseynbəyli

Bu yaxınlarda zarafatcıl dostumla səfərə çıxmışdıq və yolumuzu qısa eləmək üçün iki əhvalat danışdı. Həmin əhvalatlardan biri xaricə səfər zamanı yol yoldaşının, o birisi isə hər ikisinin başına gəlmişdi. Düzdü, başqasının uğursuzluğuna gülməzlər, amma məzəli olduğu üçün danışıram ki, ovqatınız açılsın.

Aldı görək nə dedi:

-İş yoldaşımla xarici səfərə getmişdik.  Elə təyyarəyə minən kimi yol yoldaşımın qanı qaraldı, çünki onun oturduğu kreslonun söykəncəyi qırıq idi və söykənən kimi arxaya gedirdi, arxada oturmuş adam isə deyinirdi. Ona görə də yol yoldaşım dişini-dişinə tutub oturmuşdu. Birdən necə oldusa dodağının altında gülümsəməyə başladı və bir neçə il öncə öz dostu ilə necə məzələnməyi barədə danışmağa başladı: "Məhəmmədi tanıyırsan da, nə şair kimi şairdi, nə də biznesmen kimi biznesmen. Tümendə yaşayırdı, hərdən də mənə öz adından poema və şeir yazdırır, para-puradan verirdi. Amma bir gün kefimə soğan doğradı və dedi ki, daha Tümenə qayıtmaq istəmir, biznesin də daşını atmaq fikrindədir. Mən də əsəbiləşdim və dedim ki, sənin, əslində  yazdıqların(m) bir zibil deyil və biznesin daşını atsan, hamımız acından öləcəyik...Aradan bir neçə gün keçəndən sonra Məhəmməd könlümü almaq üçün dedi ki, məni Tümenə aparmaq istəyir, gedim oraları gəzim istirahət edim. Nəsə, düşdük yola, amma mən hələ də acıqlıydım, ona görə də təyyarədə bələdçi qız bizə şirə təklif edəndə dedim ki, dostum tomat şirəsini xoşlayır, ona görə də ona ağzına kimi süzsün. Qız mən deyən kimi də elədi, stəkanı ağzına kimi doldurdu. Dostum şirəni başına çəkəndə üstünə tökdü, ağappaq köynəyi, qalstuku, kostyumu qırmızıya boyandı. Mən də təyyarə enənə kimi ona baxıb doyunca güldüm, qəzəbim də bir az soyudu..."

Yol yoldaşım söhbətini bitirər-bitirməz, stuardessa bizə yaxınlaşdı, nə içəcəyimizi soruşdu. Hər ikimiz tomat şirəsi sifariş elədik. Dostum stəkanı başına çəkəndə özünü unutdu, arxaya söykəndi, söykəncək dala getdi. Ona görə də tomat şirəsi üstünə dağıldı. Məni gülmək tutdu. Bayaq danışdığı əhvalatı yadıma saldım. Amma dostumun uğursuzluğu bunanla bitmədi. Bizə yemək gətirdilər. Dostum qutunun qapağını açanda içini boş gördü, rəngi qapqara qaraldı. Amma mənim vecimə də deyildi. Mən ona baxıb elə hey gülürdüm...

"Bunların məqsədi, deyəsən, məni infarkt eləməkdir," -dedi və yazıq stuardessanı o ki var, əcaib rus dilində söydü.

Qız qıpqırmızı qızardı, susdu, yəqin ki, yol yoldaşımın nə dediyini anlamadı və çıxıb getdi...

O ki qaldı ikinci qəribə əhvalata, onu gələn dəfə danışaram...

Aprelin sonu, 2019

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR