Lənətlənmiş nəsil...

Elçin Hüseynbəyli

("Paralel dünyalar" silsiləsindən...)

...Qoca mələk məni uçurumun kənarına gətirdi. Qaranlıq boşluğu göstərərək:

-Burdan uç, -dedi.

Ətraf boz-boğanıq idi, sanki atom bombası atmışdılar. Adamın bu məkandan və mənzərədən ürəyi sıxılırdı. Ona görə də Qoca Mələyin dediyini dərhal anlamadım.

-Uç! - O, bu dəfə əmr elədi.

-Necə uçum, qanadlarım ki, yoxdu?

-Bax belə! -dedi və belimdən itələdi.

Mən uçuruma yuvarlanan kimi qartala çevrildim. Qorxsam da, çox inamlıydım. Ağ başlı berkut kimi göydə dövrə vurub, altımdakı mənzərəni seyr edirdim.

Bura qədər bəsdi...Sonrası daha maraqlıdı...

***

Yuvamızı dağıdandan, fatihəmizi verəndən sonra hərəmiz bir yerə dağılışdıq. Belə fikir vardı ki, aramızda satqın var və hərə mübarizəsini fərdi qaydada, yəni təkbaşına aparmalıdır. Çoxluq p...dur. Vəssalam, şüttəmam...

Amma bu söz-söhbətlər arvadımın vecinə deyildi. O, baxıcılara getməkdə və bizi izləyən lənətin kökünü axtarmaqda idi. Əvvəllər baxıcılara yüz xərcləyirdisə, indi iki yüz xərcləyirdi...

Lənətin səbəbini babam bilirdi. O isə haqq dünyasındaydı. Mən onu iki şərtlə görə bilərdim: ya yatıb yuxuda görməli, ya da öz xoşumla o dünyaya getməliydim. İkinci variant mənə heç cür sərf eləmirdi. Amma babamı tapıb, lənətin səbəblərini öyrənməliydim. Biz nə günah eləmişdik ki, bu qədər var-dövlət, imkan ola-ola heç cür özümüzə gələ bilmirdik. Nəslimiz pərən-pərən olurdu, müflisləşirdi.  Tanrının qəzəbinə gəlməyimiz apaydın idi, burda qaranlıq məsələ yoxuydu.

İş təkcə mənimlə bitmirdi. Dostlarımız fikirləşirdilər ki, hər şey təkcə mənim başımda deyil, hamımızın başındadır. Ona görə də lənətin kökünü birgə tapmalıyıq. Lənət bütün nəslin başındadır, çünki ayrı-ayrı məmləkətdən, tayfadan olsaq da, nəsil birdir və biz hamımız bir ağacın meyvəsiyik. Lap müqəddəs kitablarda deyildiyi kimi. İndi hamı müdrik olmuşdu, amma adamlar  axmaq-axmaq mülahizə yürüdürdülər, çünki çıxış yolunu bilmirdilər. Keçəl dərman hayındaydı, ancaq hamı ondan dərdinə əlac axtarırdı...

Özü də hər şey üst-üstə düşürdü: nə qədər çalışsaq, nə qədər işləsək də, ailəmizi bir qarın çörəklə də təmin edə bilmirdik...

Bir neçə ay müəmmalı və laübalı şəkildə yaşayandan sonra ən yaxın dostlar bir yerə yığışdıq ki, başımıza nəsə bir çarə qılaq. Xalıq təklif elədi ki, Ora gedək və Onlardan yardım istəyək. Yurdun ucu-bucağı olmasa da, yerin yumru olduğunu da nəzərə almaq lazımdır və harasa gedib çıxa bilərik. Təlim buna yumşaq etiraz elədi, dedi ki, Onlar bir çarə bilsəydilər özlərinə qılardılar, daha gedib qapalı bir yerdə yaşamazdılar ki...O, Cümə Hərəkatının üzvlərini nəzərdə tuturdu. Həmin adamlar məğlub olandan sonra dərviş həyatı seçmişdilər. Həmin qrup elə düşünürdü ki, zikrlə-fikrlə dünyanı dəyişəcəklər...

Özümüz nəsə fikirləşməliydik.

İlk görüşümüz elə üçümüzlə məhdudlaşdı və  bir qərara gələ bilmədik. Amma boş-bekar oturmaq da olmazdı...

Növbəti görüşümüzdə Xalıq dedi ki, Cümə Hərəkatının üzvlərindən birini tanıyır, uşaq vaxtı həytədə aşıq-aşıq oynayıblar və o zamandan həmin adamın Xalıqa borcu var.

Təlim kefimizi açmaq üçün:

-Aşığın elə o zamandan onda qalıb?-dedi.

Mən onlara acıqlandım və dedim ki, indi zarafatın yeri deyil...

Çox çək-çevirdən sonra Cümə Hərəkatı üzvlərinin yanına getməyi qərara aldıq, amma bir birimizə tapşırdıq ki, evdə hara getdiyimizi heç kimə deməyək, soruşsalar deyək ki, "malçişnik"ə gedirik, bir-iki günə qayıdacağıq və əgər ləngisək, özümüz xəbər verərik. Amma çevik telefonlarımızın səsini alıb evdə qoyaq ki, bizi heç kim güdə bilməsin. İşləmirdik ki, kimsə bizi axtarsın. İndi  qohum-əqrəba da bir-birindən aralı gəzirdi. Hamı bir-birinin yanında gözü kölgəliydi: kasıbçılıq olduğuna görə. Üfüqdə də heç bir işartı yoxuydu...

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR