Su, yaxud çox şeyə sevinmək...

Elçin Hüseynbəyli

Bu fikir səhərə yaxın, yarıyuxulu olarkən ağlıma gəldi. Yağış pəncərəni döyəcləməyə başladı və mən öz-özümə narazılıq elədim: Yenə də başladı da, bu danqa-dunq! Və birdən özümə acığım tutdu. Fikirləşdim ki, həyatda çox şeyə sevinmək lazımdı: Günəşə də, yağışa da, onu pəncərəyə döyəcləyən küləyə də. Çünki sənin ən böyük xoşbəxtliyin həyata gəlməyindi. Ona görə də çox şeyə sevinməlisən. Düzdü, bu, Kornegidə də var. Deyir ki, hər şeydən zövq almaq lazımdır. Amma mən "çox şeyə sevinməliyik" deyirəm. Çünki (allah uzaq eləsin) həyatda itkilər də var. Bəs niyə "su" dedim. Çünki su ilkinlikdi. Yəqin elə ona görə də  də bu fikirləri yağış ağlıma saldı. Mənimlə yaşıd olanlar xatırlayarlar ki, kənddə qadınlar yağış suyu ilə başlarını yuyurdular, yumşaq olsun deyə. Bəlkə onu Tanrının ərməğanı saydıqları üçün...

Bəziləri, elə mən özüm də fikirləşirəm ki, insan sudan yaranıb.  "Balıq adam" romanımda ona böyük bir epizod həsr eləmişəm. Cənublu filosof deyir ki, insan sudan yaranıb və suya da dönəcək. Dünyanın ən çox hissəsi də sudur.

Su şəffafdır, təmizdir, safdır, ona görə də natəmiz bir şeyi özündə saxlamır. Su o qədər təmiz  və safdır ki, hətta ona yazı da yazmaq olmaz. Çünki yazmaq istəyəndə qırçınlanıb gedir. İnsan doğulanda ilk dəfə suya sevinir və son məkana da, əbədi mənzilə də suyla təmizlənib gedir.

Bir adam uzaq səfərə gedəndə də onun arxasınca su atırlar.

Xarici şəhərlərdən birində olarkən (deyəsən Varşava idi) bizə dedilər ki, bu hovuza pul atsan, deməli, bir də bura qayıdacaqsan.

Dünyada ən çox sevilən və narahtlıq doğuran da sudur: birdən dünyada su tükəndi, bəs onda nə olacaq. İsraillilər dəniz suyunu şirinləşdirən ilk millətlərdən biridir. Çünki su həyatdır.

İnsan aclığa dözə bilər, amma susuzluğa yox. Uşaq vaxtı bizə deyirdilər ki, quş su içəndə başını yuxarı qaldırıb Tanrıa dua edir. Dua edir ki, bu neməti ona göndərib. Ötən yay Bakıda su kəsiləndə insanlar suyun nə qədər qiymətli olduğunu anladılar, amma tez də unutdular. Çünki bəzən deşilmiş boruları, yaxud kiminsə məsuliyyətsizliyindən küçəyə boş-boş axıdılan suları görürəm və qanım qaralır...

Səhərki yağışdan dərhal sonra, gün çıxdı və  yaxınlıqdakı parkdan sarıköynəklərin səsi gəldi. Mənə elə gəldi ki, onlar Günəşə sevinirlər. Mən də sevindim. Ona görə də "çox şeyə sevinək" deyirəm...

Aprel səhəri, 2019

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR