Pəncərəmizdəki “qardan adam”

"Beləcə, uşaqların artıq bir qardan adam dostları olub. Qış boyu günəş çıxana qədər deyib-gülüb əyləniblər. Qar dənəsinin də əhvalı yerindəymiş. Lakin, günəş çıxıb, qar əriyəndə o da köhnə halına qayıdıb. Buna baxmayaraq, gələn qışa qədər ümidlə gözləməyə davam edib..."

Qar səsləri batırır, kölgələri uzadır, izləri gizlədir. Bu vaxt mən uşaqların qar əyləncəsinə çevirilirəm. İnsan əlləri ilə  burnumu kök, gözümü isə ən yaxşı halda kömür ilə əvəz edir. Dodaqlarıma gülüş ifadəsi çəkir, boynuma şərf bağlayır. Başıma papaq əvəzinə neçə ildir ki, bir kənarda qalıb istifadə edilməyən vedrə qoyur. Çubuqdan qollarımı düzəldir və çöpdən olan əlimə süpürgə verir. Gövdəmin önünə düyməəvəzi kiçik daşlar düzür... Bununla da kim üçünsə sıxışdırılmış qardan düzəldilən insana bənzər heykəl, kim üçünsə oynamaqdan yorulub evə qaçdığı zaman belə doymayıb bir daha pəncərədən baxdığı qardan adam, qardan dosta dönürəm. Əslində isə nə olduğumu yalnız özüm bilirəm. Əsil "qardan adamları" hər gün izləyirəm. Günortalar uşaqları əyləndirir, axşamları isə tək qalıb evlərin pəncərələrindən buzdan adamlara baxıram. Baxdıqca daha da soyuyuram, soyuduqca daha da möhkəmlənirəm. Kim bilir, bəlkə də soyuq gövdəm insan əlinin istiliyi ilə düzəldiyi üçün beləyəm. Kaş ki əlləri qədər  gözləri, ürəkləri  də isti olardı. Mən hər gün bu pəncələrdə soyuq baxışlar, küsgün uşaqlar görürəm. Bu gün ilk dəfə boz pərdəli evdəki uşağı gördüm. O qarlı qış tətilində qalın geyinib yoldaşlarına qatılırdı, lakin doya-doya oynamır, çox əylənmir, sanki vaxtın tez keçməsini gözləyirdi. Evə tələsmirdi... Hava qaralmağa doğru getdikcə kiçik üzü, daha da sıxılırdı. Boz pərdəli evin "qardan adamları" uşaqlarına verdikləri psixoloji problemin fərqinə varmırdılar.Valideynlərin araverməyən mübahisələri bir-birinə və uşaqlarına qarşı olan soyuq münasibəti, bəlkə də yaşıdlarından daha bacarıqlı olan bu uşağın, özünə tənqidi yanaşmasına, özünə qapanmasına, özünü bədbəxt hiss etməsinə gətirib çıxarırdı...

Mavi pərdəli evin ailə başçısı pəncərədən narahat və qayğılı görünür. Bu adam qardan deyil, lakin "qardan adamlar" onu narahat edir. O uşaqlarının gələcəyi üçün narahatdır. Düşünür ki, övladlarını daha çox nədən qorumalıdır?

Hər kəsin adını, simasını tanıdığı virtual personajlardan? Yumor filmi adı ilə etikadan kənar hərəkətlər, sözlər "rinqi"ndən?

"Hər kəsin öz zövqü var" deyimi ilə ucuz musiqinin təbliğatından? Yazılanda nə olduğu məlum olmayan, oxunanda nə demək istədildiyi anlaşılmayan və sonda "şer" olduğu ortaya çıxan mətnlərdən?

Ata "qardan adamlardan" narahatdır, lakin fərqinə varmır ki, bu adamların məşhurlaşmasında onları tənqid etsə də, izləyib istəmədən təbliğ edən cəmiyyətin böyük rolu var.

Yaşıl pərdəli evdəki qadının gözləri həmişə pəncərədə, baxışları uzaqlarda, döngələrdəki kölgələrdədir... Əlləri həyəcandan, həsrətdən buz bağlayıb qadının. Gələcək üçün keçmisini silən, yurdundan qaçan, qaçdıqca yolların da artdığının fərqinə varmadığı "qardan adam"ı gözləyir ana. Doğum yeri öz yanı olan övladının pasportunun rənginin dəyişəcəyi günü gözləyir.

Bəyaz pərdəli evin balaca sakini bu gün gülümsəyir, bir neçə gün əvvəl isə çox ağlayırdı. Batil inanclı nənə uşağın evdə açar oynatdığını, səhərdən bəri tək səbir gətirdiyini, bütün bunlar azimiş kimi evdəki hörümçəyi və qarışqaları öldürdüyünü görüb. Nənə hər iki canlıya zərər dəyməsinə baxmayaraq qarışqaya yox, məhz hörümçəyə görə nəvəsinə əl qaldırıb. O gündən sonra uşaq ay da görsə baxmağa qorxur ki, birdən onu aparar. Batil inanclı "qardan nənə" başa düşmür ki, batil inanc ifadəsinin əksi həqiqi inancdır. Bu inancın kökü yoxdur. Kökü və əsası olmayan məvhum isə məhvə məhkumdur.

Qış boyu bütün bunları izlərkən artıq Günəş şüalarının verdiyi istiliyin, baharın hənirtisinin məni də məhv etdiyini hiss edirəm. Qardan adam yox olur...  Bəs "qardan adamlar"?

Son pəncərə, çəhrayı pərdəli bu ev çox dəyərlidir. Çünki əriməkdə olan bu qardan adamın ən yaxın dostu olan kiçik qız bu evdə yaşayır. Babası ilə məni birlikdə düzəldiblər. Üzümə təbəssüm ifadəsini də bu insan əli çəkib. İndi isə dostu ilə gələn qışa qədər sağollaşmağa gəlib... Bir neçə fəsildən sonra görüşmək ümidi ilə...

Nigar Orucova

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR