Tacını xalqa bağışlayan Şah (“Paralel dünyalar” silsiləsindən)

Elçin Hüseynbəyli

Tozlu-torpaqlı yolla gedirdik. Hava günəşliydi. İsti bizi boğurdu.  Sanki Günəş xəstələnmişdi, hərarəti xeyli qalxmışdı, özü də qırmızıydı, bizi də qızartmışdı. Ətrafda bir ağac da yox idi ki, kölgələnəsən. Yolun aşağısından arx keçirdi. Yuxarıdakı - bizim üz tutduğumuz dağlardan, süzülürdü, yəqin. Ona görə də tuluqlarımızı həmin su ilə doldururduq, dəsmalımızı tez-tez isladıb başımıza qoyurduq.

Bir az getmişdik ki, hardansa bir qara bulud peyda oldu və Günəşin qabağını kəsdi. Xeyli sevindik. Xalıq dedi ki, mənim bəxtimdəndir, çünki bir az da keçsəydi, gün allergiyasına tutulub boğulacaqdım. Amma bu sevincimiz uzun çəkmədi, naməlum adamlar, elə bil, yerin altından çıxıb qabağımızı kəsdilər. Əyin-başları cır-cındır idi, uzun saçlı və boz saqqallı idilər, sanki min ilin adamıydılar və tamam başqa dildə danışırdılar. Deyəsən, bu qədim adamların diliydi və çoxdan unudulmuşdu. Qəribəydi ki, biz onları başa düşürdük.

-Burdan keçmək olmaz! -deyə əy uzun saqqallı və ən qoca adam hökmlə dedi.

Təəccübləndik və çiynimizi çəkdik.

"Niyə?" - deyə baxışlarımla  soruşdum.

-Görürsünüz bu yazını, -deyə o,  bir-iki addım aralıdakı gümüşü rəngli lövhəni göstərdi. Lövhəyə əyri-üyrü xətlə bir neçə söz yazılmışdı və mən onu oxuya bildim: "Sən indi burdan nə atla, nə də piyada keçirsən! Sən nə yerin altında, nə də üstündəsən. Sən bizim qəlbimizdəsən! Amin!"

-Əgər dalınızda damğanız yoxsa, sizi burdan buraxa bilmərik. Çünki Onun təbəələrinin dalında damğası var. Aşağı yolla gedə bilərsiniz, -deyə çayın altı tərəfini göstərdi.

"Damğa" sözü yadıma alman əsirliyindən qurtulanların taleyini yadıma saldı. Onları hər yerdə ələ salır və deyirdilər ki, filankəsin dalında damğası var...

Biz mübahisə eləmədik və arxın üstündəki tirin üstündən adladıq. O tərəfə keçən kimi qara bulud harasa yox oldu və Günəş təzədən bizi yandırmağa başladı. Arxa enib, üzümüzə su vurduq və  tuluqlarımızdakı isti suyu yerə boşaldıb, sərin suyla doldurduq, dəsmallarımızı yenidən isladıb başımıza qoyduq. Uzaqdakı dağlardan hərdən meh əsir, qəlbimizə sərinlik gətirirdi. Güman ki, onların arxasında qalın, yaşıl meşə gizlənmişdi. 

Yolumuzun üstündə daxmaya bənzər bir tikili qaralırdı. Ora yaxınlaşanda gördük ki, qoca bir kişi əlindəki quru çörəyi suya batırır və çürümüş dişləri ilə gəvələyir. Onun əynində orta əsr şahlarına məxsus köhnə paltar var idi: uzun rəngli xalat və uzun çarıq.

Bizi görəndə başını qaldırdı, əlini gözlərinin üstünə qoyub üzümüzə baxdı. Handan-hana:

-Yolunuz uzaqdır, yəqin, qonağım olun.

Bizə kölgələnmək lazım idi, ona görə də qamışdan hörülmüş, quru ot döşənmiş yerdə oturduq, sərinlədik.

-Yuxarı yoldan buraxmadılar, eləmi? -deyə xırıltılı səslə soruşdu.

-Hə, - deyə hamının əvəzindən mən cavab verdim.

-Ora heç kimi buraxmırlar, elə mənim özümü də.

-Siz kimsiniz ki?

-Mən onların qəlbində olan adamam, onların əbədi şahları. Özüm öz əlimlə tacımı onlara verdim. Xalqım rahat olsun deyə, amma rahatlıq tapmadılar.

-Bizim dünyada da bir kasıb şah var, o da vəzifəsindən və varından imtina edib, kənddə yaşayır, yer əkib becərir, - dedim.

Amma mənə torpaq vermədilər. Yalnız burda oturmağıma icazə verdilər. Dedilər ki, Sən bizim əbədi qəlbimizdəsən, bəsindir...

Aprelin əvvəli, 2019

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR