Bir daha “Əli və Nino” haqqında...

Elçin Hüseynbəyli

"Bir daha" ona görə deyirəm ki, hələ 2005-ci ildə "Azərbaycanın kimlik kartı: Əli və Nino" barədə böyük bir məqalə yazmışam və orada sübut eləməyə çalışmışam ki, əsərin müəllifi əsl Azərbaycan-türk ziyalısı, yazıçısı Yusif Vəzir Çəmənzəminlidir. O zaman Almaniyada yaşayan yazıçı Orxan Aras, Los Ancelesdə yaşayan "İnternəşnəl Azərbaycan" jurnalının baş redaktoru axnım Betti Bler də mənim versiyamı dəstəkləmişdilər, hətta sonuncu bu mövzuda geniş bir araşdırma  aparmış və dərc elətdirmişdi.

"Bir daha" həm də ona görə deyirəm ki, əsərin Yusif Vəzirə məxsusluğu barədə bir sıra görkəmli alimlərimiz də araşdırmalar ortaya qoyub, Azərbaycan Yazıçılar Birliyi də zamanında qərar qəbul edib. Düzdü, qərarla müəlliflik məsələsi həll olunmur, amma bu nüfuzlu bir qrumun konkret mövqeyini əks elətdirir.

"Bir daha" ona görə deyirəm ki, Azərbaycanımızdakı bəzi nəşriyyatlar hələ də "Əli və Nino" əsərini müxtəlif imzalarla çap edirlər. Bəzi üzdəniraq araşdırmaçılar isə bu möhtəşəm əsərin gah yəhudi Lev Nissenbauma, gah Məhəmməd Əsəd bəyə (deyilənə və yazılana görə dələduz olub, sonrada İtaliyada vəfat edib), gah da Qurban Səid adlı mifik şəxsə mənsub olduğunu canı-dildən sübut eləməyə çalışırlar. Sizi inandırıram ki, (inandırmağa ehtiyac da yoxdur, çünki özünüz gözəl bilirsiniz) əgər bu əsəri gürcünün, ya ermənin adına çıxarsaydılar, çoxdan bunu sübut edib özəlləşdirmişdilər.

"Bir daha" ona görə deyirəm ki, bəndənizin "Yenə iki od arasında" romanında da bu məsələyə geniş bir bölüm həsr edib və xalq yazıçısı Anar öz yazısında "Əli və Nino"nun bu versiyasını "Orijinal" və "inandırıcı" adlandırıb.

Mənə elə gəlir ki, "Əli və Nino"nun məhz Yusif Vəzirə məxsus olmasını sübut eləmək üçün konkret işlər görmək lazımdır. Necə olur ki, gürcülər Əli və Ninoya heykəl qoyurlar (özü də yarıtmaz şəkildə), biz bunu eləmirik. Mən indiyə kimi bir neçə təklif irəlü sürmüşəm, heyf ki, eşidən və əməl edən olmayıb. Birincisi, repressiya qurbanlarına parkın salınmasını və abidə ucaldılmasını, ikincisi isə "Sahil bağı"nın "Sənətkarlar bağı"na çevrilməsini. İndi üçüncü təklifi irəli sürürəm. Gəlin Əli və Ninonun şərəfinə park salaq. Səhv eləmirəmsə Bakıda "Love" (sevgi, məhəbbət) bağı var. Onun adını da dəyişdirmək olar: "Əli və Nino bağı (parkı)".

Nəyinsə bizə məxsusıuğunu sübut eləmək əvəzinə, ondan qaçmaq bizim əbədi və əzəli adətimizdir, deyəsən...

Martın sonu, 2019

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR