Viktor Orbanın partiyası Avropa Xalq Partiyasının sıralarından kənarlaşdırılıb

Macarıstanın baş naziri Viktor Orbanın "FİDES-Macarıstan vətəndaş birliyi" partiyası" Avropa Xalq Partiyası (AXP) sıralarından müvəqqəti olaraq kənarlaşdırılıb.

Avropa Birliyinin ən böyük partiyası "FİDES"i Birliyin institutları haqqında dezinformasiyalar yaymaqda suçlayıb. Qərarı jurnalistlərə partiyanın qurultayından sonra onun sədri Cozef Dol açıqlayıb.

"FİDES"in üzvlüyü növbəti qərara qədər dayandırılıb. Bu qətnaməyə partiyamızın 190 üzvü lehinə, 3 nəfər əleyhinə səs verib. Üzvlüyün dayandırılması partiyanın müxtəlif görüşlərdə iştirakına qadağa gətirilməsi, onun səs hüququndan məhrum edilməsi, namizədlərini AXP-nin rəhbər orqanlarına irəli sürə bilməyəcəyi anlamına gəlir",-deyə Cozef Dol bildirib.

Bundan daha öncə AXP-nin baş katibi Manfred Veber FİDES-in üzvlüyü məsələsinin Macarıstanda qanunun aliliyinin hansı dərəcədə təmin olunması ilə bağlı aparılacaq təhlillərdən sonra həll olunmasını təklif etmişdi.

Avropa Komissiyası FİDES-in seçkilər öncəsində Birlik institutlarının və milyarder Corc Sorosun beynəlxalq strukturlarının əleyhinə apardığı kampaniyaya görə ayrıca qınayıb.

Belə ki, partiyanın küçələrdəki bilbordlarında Avropa Komissiyasının sədri Jan-Klod Yunker və Corc Sorosun birgə fotoları ilə onların Macarıstana qarşı əlbir olduğu barədə şüarlar yayılıb.

Musavat.com

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR