Türkiyəli mütəxəssis: “Vəziyyətə “Bir millət iki dövlət” prizmasından baxanda sizin neft və qazınız var, bizim isə bunlara ehtiyacımız var”

Türkiyənin "Habertürk" qəzetinin, "Bloomberg" və "Habertürk" TV kanallarının iqtisadi məsələlər üzrə şərhçisi Əbdürrəhman Yıldırımın  müsahibəsi.

- Türkiyədə iqtisadiyyatda yaşanan problemlərlə bağlı müəyyən tədbirlər görüldü, hazırkı vəziyyəti necə qiymətləndirirsiniz? Problemlər həll edilə bilirmi?

- Müəyyən dərəcədə tarazlıq yaradıla bilindi. Xarici kəsirimiz milli gəlirin 6%-nə çatmışdı. İdxalatdakı azalma və ixracatdakı nisbi artım sayəsində xarici kəsirimiz milli gəlirin 3%-nə düşdü. Ona görə yarıbayarı düzəlmə var. 3%-lik kəsir maliyyəşdirilə biləcək və davam etdirilə biləcək səviyyədir. Türkiyə buradan 25 milyard dollar valyutaya qənaət etdi və o qədər xarici maliyyə mənbəyinə ehtiyacı azaldı. Ən mühüm tarazlıq ünsürü budur. İnflyasiyada sıçrayış olmuşdu. 25%-ə yüksələn inflyasiya 20%-ə düşsə də bu sahədə mühüm nəticə əldə edə bilmədik, ona görə tədbirləri davam etdirməliyik. Böyük ehtimalla, ilin ikinci yarısında bu sahədə də ciddi tədbirlər görməyə çalışacaqlar ancaq inflyasiya probleminin sürətlə həll edilə biləcəyinə ehtimal vermək çətindir. Xüsusilə, istehsaldakı və topdan qiymətlərdəki problemlərə görə, ərzaq və meyvə-tərəvəzin yüksək qiymətini aşağı salmaq mümkün olmur. Deyəsən, xarici kəsirdə əldə etdiyimiz uğuru inflyasiyanın aşağı salınmasında əldə edə bilməyəcəyik. Biz xarici kəsirdəki tarazlığı iqtisadiyyatımızın böyümə tempini daraldaraq əldə edə bildik. İqtisadiyyatımızdakı 7-75 %-lik böyümə, böyük ehtimalla, 2-2.5%-ə düşdü. Bu ilki böyümə hədəfi 2.3%-dir. Baş tuta da bilər, tutmaya da bilər. Bu, Türkiyədəki işsizlik problemini azaldacaq böyümə deyil, bunu davam etdirməyin də faydası yoxdur. Böyümə tempimizi artırmağımız lazımdır. Ancaq infrastruktura sahəsində lazımi tədbirləri görmədən iqtisadiyyatın böyümə tempini artırmağa çalışsaq, yenidən cari kəsir meydana gələcək. Ona paralel şəkildə yenidən məzənnə riskiylə üzbəüz qalarıq. Ona görə yeni tarazlıqlar yaradarkən Türkiyə bəzi infrastruktura problemlərini həll etməlidir. Onlardan biri bütün sahələrdə istehsal planlaşdırması aparmaqdır. Xüsusilə, kənd təsərrüfatı sahəsində aparılmalıdır. Yəni, ehtiyacımızın çox olduğu sahələrdə daha çox məhsul əldə etməli, ehtiyacımızın olmadığı sahələrdən isə çəkilməliyik. Məhsuldarlığı artırmalıyıq. Xidmət və inşaat sahələrindən uzaqlaşıb sənaye və kənd təsərrüfatındakı istehsalı çox artırmalı, bunu daxili imkanlarımız hesabına etməliyik. İxracatı maksimum dərəcəyə çıxarmalıyıq ki, keçmişdəki böyümə tempimizə çatanda yenidən cari kəsirimiz olmasın. İnvestisiya mühitinin yaxşılaşdırılması, etimad mühitinin gücləndirilməsi lazımdır.Əgər bələdiyyə seçkisindən sonra infrastruktura islahatlarını həyata keçirməsək,onda bizi daha çətin günlər gözləyəcək.Ona görə işlərin pis məcraya doğru getməməsinin əsas şərti- infrastruktura sahəsində lazımi tədbirləri görməkdir.

- Yayın axırı, payızın əvvəllərində xarici borc məsələsi də gündəliyin üst tərəfində yer tuturdu. Sanki o məsələ də gündəmin arxa planına keçdi. Yoxsa biz o problemləri görə bilmirik? Borcların vaxtı gəlmədi yoxsa ödəndi?

- Borc ödəndi. Lazımi miqdarda pul əldə edildiyinə görə, o məsələ gündəlikdən çıxdı. Sentyabrda banklar yüksək miqdardakı borclarını təzə borclar alaraq ödədilər. Türk bankları bu işin öhdəsindən gəldilər. Hazırda banklar xaricə nə qədər lazımdırsa, o qədər borc ödəyir. Kreditlərdəki azalmaların səbəbi də budur. Ancaq şirkətlər ödədikləri borclardan daha çox borc alır. Yəni, borclarımızı borc alaraq ödəyə bilirik. O sahədəki qara buludlar dağıldı. Bunun əsas səbəblərindən biri-valyuta məzənnəsinin aşağı düşməsi oldu. 25 milyard dollar cari kəsirin də aradan qalxması ölkənin xarici maliyyə vəsaitinə olan ehtiyacını azaltdı. Bunun sayəsində etimad mühiti yarandı. Beynəlxalq miqyasda faizlərin artmaması,üfqi şəkildə davam etməsi, FED-in əyləcə basması inkişaf etməkdə olan ölkələrə marağı yenidən artırdı və xaricdən sərmayə gəlməyə başladı. Yanvar ayında bunu gördük.

- Sərmayənin gəlməsi mənasında deyirsiniz?

- Bəli,Türkiyəyə 1 milyard dollar sərmayə gəldi.Xaricdən sərmayə gəlməsi, içəridəki vəziyyətin yaxşılaşması və bankların öz borclarını ödəyə bilməsi və valyuta məzənnəsinin aşağı düşməsi keçən ilin avqustunda iqtisadiyyat sahəsində aldığımız yaranın bir az yaxşılaşmasına səbəb oldu.

- Xəzinənin 7.5%-lik borcla satışa 2 milyard dollarlıq aksiya çıxarması, daha sonra qızıl üzəridən 4.5%-lik borclanma tənqid edildi. Bu cür borclanmalar risk yaradır yoxsa xəzinə hər hansı risk görmədiyi üçün bu qədər yüksək faizlə aksiyalar satır?

- 7.5%-lə borclandıq, indi 5.5%-ə düşdü. O günkü problemlərin öhdəsindən gəlmək üçün yüksək faizlərlə borc almağın xeyri oldu. Bu gün daha aşağı faizlərlə borc ala biliriksə,o yüksək faizlərlə qapıları açmağımızın rolu böyükdür. Məzənnəni aşağı salmağımızın da bunda rolu var, hamısı bir-birinə bağlıdır. O vaxtkı risklər indi hər şeyin yarıya enməsində böyük rol oynadı.

- Mərkəzi bankın gördüyü tədbirlər nə dərəcədə faydalı oldu? Bank tam müstəqil şəkildə hərəkət edib lazımi addımları müstəqil şəkildə ata bilirmi? İnflyasiya ilə bağlı Mərkəzi bankın gördüyü tədbirlərin kifayət etmədiyini düşünürsünüz. Bu vəziyyətdə bazardakı "inflyasiyaçı təzyiq" davam edəcəkmi?

- Mərkəzi bankın müstəqilliyi müstəqilliyinə çox da inanmaq mümkün deyil. Böhranın ortasında Mərkəzi bank faizləri güclü şəkildə artırdı və hələ də öz faiz siyasətindən geri addım atmayıb. İnflyasiya düşməyənə qədər yüksək faizlərdən geri addım atmayacağını da bildirir. Hazırkı real vəziyyət pis deyil. İctimaiyyət Mərkəzi bankın müstəqil qərar qəbul edə bilmədiyini düşünsə də hazırda atılan addımlar düzdür və bundan nəticələr əldə edilir. Yüksək faiz artımının bir çox sahədə təsiri oldu. Bu mənada, mərkəzi bank ondan gözlənən funksiyanı yerinə yetirib.

-İddia olunur ki, nazirlər bazarlarda qiymətlərə nəzarət edirlər. Bazar iqtisadiyyatı şəraitində bu cür şeyləri düz hesab etmək olarmı?

- Sərbəst bazar iqtisadiyyatında belə şeylər olmamalıdır. Ancaq etdilər. Nəticə əldə edildi? Edilmədi. Xüsusilə, bəzi kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə daha çox diqqət yetirməliyik.İndiyə qədər kənd təsərrüfatı məhsullarının qiymətlərinin bu şəkildə artdığını görməmişdik. Bəlkə bu sürprizlər hökuməti bazar iqtisadiyyatının qaydalarına uyğun olmayan addımlar atmağa məcbur edib. Hələ ki, bu sahədə əsas addımları görmədik. Əsas addımlar- istehsal və istehsalın təşviqidir. Türkiyənin kənd təsərrüfatı sahəsindəki əsas ehtiyacı gübrəyə və yemədir. Onları xaricdən gətiririk. Onları özümüz istehsal etməliyik.İnfrastruktura tədbirləri isə həmişə lazımdır.

- Əcnəbi sərmayənin əhəmiyyətini vurğuladınız.Birbaşa əcnəbi investisiyalarda Azərbaycan birinci yerdədir. Türkiyəyə əcnəbi investisiyalar sahəsində Azərbaycanın yerini necə qiymətləndirirsiniz?

- Müsbət qiymətləndirirəm. Çox yerində atılan addımlardır. Çünki Azərbaycanın ən böyük iqtisadi varlığı neftdir. Türkiyənin ən çox ehtiyacı olan və idxal etdiyi xammal da neft və qazdır. Vəziyyətə "Bir millət iki dövlət" prizmasından baxanda görürük ki, sizin neftiniz-qazınız var, bizim isə neftə-qaza ehtiyacımız var. Və siz gəlib Türkiyədə neftayırma zavodu qurursunuz, buradan təbii qaz kəməri keçirirsiniz. Ehtiyaclarımızı sizdən təmin etməyimiz, pulu sizə verməyimiz "Bir millət iki dövlət" olmağın tələbidir. Neft məhsulları sahəsindəki investisiyalarınız bizim üçün çox əhəmiyyətlidir. Bu, son 15-20 ildə Türkiyəyə gətirilən ən böyük əcnəbi investisiya və eyni zamanda, ən böyük birbaşa və sıfırdan investisiyadır.Yerli və ya əcnəbi investisiya, fərqi yoxdur-sıfırdan və birbaşa ən böyük investisiyadır. İki tərəfi də bir-birinə daha çox bağlayan həmlədir. Bu investisiyalar gələcəkdəki daha böyük addımlara zəmin hazırlayır.

report

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR