Afina-Ankara münasibətlərinin inkişafı İrəvanda narahatçılıq yaradıb.

Ermənistan bütün istiqamətlərdə özünün dərin böhran dövrünü yaşayır. Bir tərəfdən Paşinyan hakimiyyətinin siyasi səriştəsizliyi, bacarıqsızlığı İrəvanı diplomatik sahədə uğursuzluqlarla üzləşdirdiyi halda, digər tərəfdən Ermənistanın işğalçılıq siyasətini davamn etdirməsi səbəbindən Azərbaycanın yürütdüyü təcrid siyasəti İrəvana şok effekti yaşadır. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən bütün regional layihələrdən təcrid olunan Ermənistan, Türkiyədən də anoloji zərbə ilə üzləşir. Belə ki, son illər Ankara ilə Afinanın yaxınlaşması, uzun illər aralarında problem yaşanan bu iki ölkənin münasibətlərində yaranan yeni mərhələ Ermənistanda ciddi narahatçılıq yaradıb. Erməni lobbisinin güclü olduğu ölkələrdən biri sayılan, İrəvanla münasibətləri yüksək səviyyədə olan Yunanıstanın indi Türkiyə ilə yaxınlaşması ermənilərdə, daha doğrusu Ermənistan hakimiyyətində belə bir təşviş yaradıb ki, bundan sonra Afina bir sıra məsələlərdə, xüsusilə regional layihələrdə məhz Ankaranın mövqeyindən çıxış edəcək ki, bu da İrəvanın növbəti təcridolunması demək olacaq. Elə bu səbəbdən dolayı Yunanıstandakı erməni lobbisi yeni mərhələyə qədəm qoyan Afina-Ankara münasibətlərinə zərbə vurmaq üçün dəridən-qabıqdan çıxır. Hətta ermənilər Yunanıstan baş nazirinin bu günlərdə Türkiyəyə səfər etməsinə qarşı da çıxıblar. Bəs görəsən Ermənistanın Afina-Ankara münasibətlərinə zərbə vurmaq cəhdi baş tutacaqmı? Ümumiyyətlə, İrəvan başqa hansı səbəblərdən dolayı bu münasibətlərdən ciddi narahatçılıq keçirir?

Millət vəkili Zahid Orucun sözlərinə görə, Yunanıstanın baş naziri Aleksis Siprasın Ankaraya özünün dediyi kimi, 4-cü tarixi səfəri yeni Ermənistan hakimiyyətini çox məyus edib. O, bildirib ki, bir vaxtlar İrəvanın rəsmi şəxslərinin Afinaya səfər edərək, yunan tərəfinə "əbədi düşmənləri"nə qarşı vahid cəbhədə vuruşmağı təklif etməsi yaddaşlardan silinməyib: "Keçmiş hakim partiyanın-respublikaçıların danışan dili, indi siyasi arxaik materiala çevrilən Eduard Şarmazanovun iki il öncə yunanlı parlament sədri Nikolas Vusisə açıqca təklif etdiyi "Türkiyənin qonşularına qarşı apardığı müstəmləkəçilik siyasətini birgə durdurmaq lazımdır və bundan ötrü bütün işbirliklərinə hazırdılar" bəyanatı hamının yaxşı yadındadır. Əslində gətirdiyimiz bircə misal göstərir ki, on illər ərzində Eçmiədzinlə yunan poplarını bir-biri ilə qardaşlaşdıranlar üçün ayrı bir siyasi dünyagörüş heç vaxt gündəmdə olmayıb. İndi Kıprıs və Egey dənizi ətrafında özun on illər boyu davam edən savaşların mirasını real siyasətin yeminə çevirməyin faydasını görməyən qalstuksuz lider Sipras üçün Türkiyə ilə gərginlik heç bir cəhətdən faydalı deyil. Üzücü dərin iqdisadi böhrana son qoymaq gərəkdir.O biri yandan Birləşmiş Ştatların çətiri altında mini NATO layihəsi ilə regionda mühüm siyasi təşəbbüslər də Ankara ilə sinxronlaşdırmanı tələb edir. Xatırladaq ki, İsrail və İordaniya kimi ölkələri Avroatlantika dünyası ilə daha yaxın hərbi alyansda tutmağı hədəfləyən Vaşinqton sözügedən strategiyanı məhz indi masaya yatırıb və xeyli maliyyə-enerji resurslarını ora yönəldib. Yunan tərəfi Türkiyənin "Avropa Birliyi"ndə lobbiçisinə çevrilmək adı ilə bir neçə məqsədi eyni anda əldə tutmağa çalışır. Yəni, Ankaradan müəyyən ucuz kreditlər qazanılsa, o cümlədən, Rusiyanın sərt sanksiyalar altında üzünü Avrasiyaya çevirdiyi "türk axını" layihəsindən bəhrənilə bilsə, dənizdəki və havadakı Türkiyə ilə dil tapmaq xeyli asanlaşar, yunan sol hökumətinin nəfəsliyi bir qədər genişlənərdi".

Bəs, İrəvan nədən narahatdır və erməni ekspert camiyəsi nə üçün Afina əleyhinə sərt ittihamlar yağdırır?Gerçəkdənmi qədim ellin yurdunun varisləri öz xarici siyasətlərini Paşinyanla uzlaşdırmaq öhdəliyini götürüblər? Millət vəkili deyir ki, sosial media seqmentində müşahidə olunan mənzərə "yunan xalqının çəkməli olduğu qırmızı xətt"ə köklənib: "Yəni, bu boyda tarixi məğlubiyyətlər və qırğınlardan sonra keçmişi unudaraq dövlət maraqlarını üstün tutanları az qala xəyanətkar adlandırmağa hazırdılar. Erməni bloqosfer dünyası bir başqa millətə şərəf və ləyaqət dərsi keçir, türklərlə barışa gedənləri qətiyyətlə pisləyirlər. 80 milyonluq Türkiyənin Avrasiya məkanındakı yerini qiymətləndirmədən, onun Rusiya ilə son illər yaxınlaşan hərbi-siyasi əlaqələrinə dərin qiymət vermədən geopolitikanın yedəyində gedən adamlar Yunanıstanın səngər qazaraq, daim Türkiyə ilə bir nömrəli döyüş vəziyyətində olmasını arzulayırlar. Halbuki, İrəvanın hava məkanı Moskvanın əlindədir. Üstəlik, Rusiya İncirlikdəki NATO bazalarının hər bir hərəkətini cənub cinahı üçün təhlükə kimi səciyyləndirir və Yaxın Şərq ətrafında heç kəsə getmədiyi güzəştləri türk lideri Rəcəb Tayyib Ərdoğana təklif edir. Bəli, Putin Şərqi yaxşı tanıyır və o, Qərbin toqquşdurub ayrımağa çalışdığı iki imperiya varisinin ən azı qarşıdırmasını arzulamadığı açıq nümayiş etdirir".

Zahid Oruc hesab edir ki, Ermənistanın yeni hökuməti Afinadan qəzəbli olmaq əvəzinə daha fərqli bir siyasətlə necə qazana biləcəyini doğrudan da görmür: "Nikol Paşinyana inqilabın birinci ildönümünə qədər nəyin bahasına olursa olsun Avropaya çıxış yolları lazımdır. Gerçək tranzit, hava və su əraziləri əldə etmədən hər növbəti erməni iqtidarı ənənəvi siyasətə dönməyə məhkum qalacaqdır. Robert Koçaryan, Serj Sarkisyan rejiminin çöküşünün səbəblərini həm də burada axtarmaq lazımdır. Ona görə də demokratik Ermənistanı Türkiyə ilə münasibətləri qurmadan əldə etmək sadəcə xülyadır". Millət vəkili bildirib ki, Nikol Paşinyan günlər öncə verdiyi müsahibədə ölkəsinin ərazisindən boru kəmərlərinin keçməsi arzusunu dilə gətirmişdi: "İlk baxışda, bu coğrafiya bilgisizliyindən əziyyət çəkən adamın siyasi-iqtisadi təcridolmadan xilas üçün hansı psixoloji duruma gəlib çatdıqlarının göstəricisidir.Ona görə Yunanıstandakı 100 minlik erməni icmasına göndərilən gizli diplomatik tapşırıqları bir kənara tullayıb və yüzillik keçmişin girovluğundan xilas olub cəsarətli addımlar atmaq lazımdır.Təkcə erməni liberal-demokratiyasının taleyi deyil, eləcə də bütöv bir millətin təhlükəsizliyi məhz bundan asılıdr. Bəli, Parisdə, Berlində və ümumən Avropa Birliyində hazırda Türkiyə əleyhinə böyük qəsd planları oynanılır. Rəcəb Tayyib Ərdoğanın onsuz da heç vaxt sakit günü olmayıb. Amma İrəvan üçün Ankara və Afina arasında "Troya atı"na çevrilmək fəlsəfəsinə birdəfəlik vida deyilməlidir. Dövlətlərin bir nömərli xarici siyasət vəzifəsi dostlarının sayını artırmaqdır. Elə o üzdən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bütün qonşularını nəzərə alıb son görüşündə uca kürsüdən deyirdi ki, "bizim məqsədimiz düşmən" qazanmaq deyil". İrəvana öldürülməkdən qorxmadan bu sözləri deyə biləcək şəxsiyyətlər lazımdır.

Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə isə deyib ki, Türkiyə ilə Yunanıstan arasında son illərdə gərgin siyasi böranın yaşanmasına baxmayaraq siyasi əlaqələrin normallaşması istiqamətində irəliləyiş nəzərə çarpır. Onun sözlərinə görə, hətta ötən il prezident Rəcəb Tayyib Ərdoğanın Yunanıstan səfərində baş nazir A. Çiprasla birgə mətbuat konfransında gərgin anlar yaşandı: " Bundan əlavə, iki ölkə Egey dənizində adalar üzərində nəzarət uğrunda münasibətlər gərginləşdi. Xüsusilə "Kardak" adasına yunan tərəfinin işğal planı, Ankara tərəfindən sərt hərbi tədbirlərlə nəticələndi və bu da Afinanın geri çəkilməsi ilə sonuclandı. Təbii ki, burada Qərbin bəzi dövlətləri Yunanıstanı Türkiyəyə qarşı təzyiq aləti kimi istifadə edirlər. Yoxsa, rəsmi Afina təkbaşına Ankaraya qarşı bu kimi demarşlar etməyə cəhd etməzdi. Türkiyənin müstəqil siyasəti, regional güc olmasının narahatçılığıdır ki, Yunanıstanın əli ilə Ankaranı təxribata çəkməyə, mümkün təzyiq siyasətinə əl atmağa çalışırlar. Fikir versək, Türkiyənin Rusiya ilə Suriyada koordinasiyalı fəaliyyətindən sonra, Egey dənizində və Şərqi Aralıq dənizində Ankaraya qarşı təzyiqlər başladı".

Politoloq deyib ki, Yunanıstanla Türkiyənin arasında kifayət qədər problemlər var. Bu problemlər xüsusilə Yunanıstan tərəfindən qaynaqlanır: "Tərəflər Şərqi Aralıq dənizində kəşf olunmuş milyardlarla kumbemtrə malik qaz yataqlarına nəzarət üstündə müharibə etmək riskinə malikdir. Yunanıstan Kiprin yunan hissəsi ilə burada Misir və İsraillə birgə müqavilə imzalayaraq birgə qaz yataqlarının istismarını həyata keçirməyi planlaşdırır. Bunun müqabilində Türkiyəyə qarşı hərbi ittifaq müqaviləsi masada var. Yunan baş nazir A.Çiprasın Ankaraya səfərində əsasən FETÖ üzvülərinin ekstradisiyası, PKK terror təşkilatına dəstək məsələlərinin kəsilməsi, adalarda yaşanan hərbi gərginlik müzakirə edilib. Qeyd edim ki, tərəflərin mümkün razılaşmaya gəlməsi mümkün olmasa da, müəyyən dərəcədə dövlətlərarası münasibətlərdə normallaşma prosesi olacaq. Qeyd edim ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanla əlaqələri normal əməkdaşlıq səviyyəsinə gətirmək istəyir. Afina da buna gedə bilər. Amma, Yunanıstan Türkiyəyə qarşı Qərbin əlində təzyiq dövləti olaraq qalacaq. Baxmayaraq ki, yunan liderləri mütəmadi Türkiyəyə səfər edib, mülayim mesajlar verirlər. Yalnız, bu dövlətlərarası münasibətləri normal məcrada saxlamağa hesablanıb. Yunan baş nazir A.Çiprasın səfəri heç də problemlərin həll edilməsi istiqamətində uğurlu olmayacaq". Mərkəz rəhbəri onu da diqqətə çatdırıb ki, Azərbaycan, Yunanıstanla Türkiyə arasında baş verə biləcək hər hansı insdentdə birmənalı Ankaranın yanındadı: "Həmçinim Şimali Kiprə də öz dəstəyini ifadə edir. Əgər, Türkiyəyə qarşı Aralıq dənizində müharibə ehtimalı olarsa, rəsmi Bakı, Şimali Kiprin müstəqilliyini tanımalıdır".

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR