“Türkiyə ilə NATO eyni blokda təmsil olunsa da, Rusiya ilə də qarşılıqlı münasibətləri var” – Arzu Nağıyev

Xəbər verdiyimiz kimi, ABŞ və İngiltərə ilə birgə şənbə günü Suriyanın paytaxtı Dəməşqi bombalayan Fransanın birgə əməliyyatından sonra prezident Emmanuel Makronun dediklərinə Kremldən etiraz gəlib.  Makronun "Biz bir əməliyyatla Türkiyə iləRusiyanı ayırmağı bacardıq. Türkiyə kimyəvi silah hücumunu qınayıb və ardınca da əməliyyatı dəstəklədiyini bildirib" fikrinə Kremlin sözcüsü Dmitri Peskov cavab verib.

Peskov deyib ki, bu əməliyyat Rusiya ilə Türkiyəni ayırmayıb: "Moskva və Ankaranın bir çox məsələdə fərqli fikirlərdə olduğunu hamı bilir. Bunun bizim dialoqa və böyük layihələr həyata keçirməyimizə maneçiliyi yoxdur".

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Arzu Nağıyev deyir ki, buna ən yaxşı cavabı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO-nun baş katibi Yens Stoltenberqlə görüşü zamanı verdi: "Baxmayarq ki, Türkiyə ilə NATO eyni blokda təmsil olunur, amma Rusiya ilə də özünün qarşılıqlı münasibətləri var. Heç kim də kimisə xarici siyasətdə geri döndərə bilməz. Düşünürəm ki, Rusiya-Türkiyə münasibətləri davam edəcək, çünki onların ümumi maraqları var. Bilirsiz ki, xarici siyasətdə də ümumi maraq olanda hər hansı şəxsi münasibət və dostluq olmur. Buna görə də baxmayaraq ki, NATO ilə Türkiyə eyni blokda təmsil olunur, hətta Amerika Birləşmiş Ştatlarının, Böyük Britaniyanın və Fransanın Suriyadakı əməliyyatı məsələsində birmənalı şəkildə NATO-nu dəstəklədi, özünün də xarici siyasətdə marağı var.

Fransa preizdenti Emmanuel Makronun da o cür danışmağının səbəbi də odur ki, Makron dərin siyasətçi deyil, bu, məlum məsələdir. Yəni, o, Fransanın prezidenti olmasına baxmayaraq, ümumiyyətlə belə bəyənatla çıxış etmək onun nüfuzuna heç bir xeyir gətirməz. Ona görə də belə sözlərə çox fikir vermək lazım deyil. Rusiya ilə Türkiyə arasında 20 milyard dollarlıq "Akkuyu" layihəsi var, eyni zamanda "S-400" raketləri məsələsi var. Eyni zamanda, bu gün sanksiyalarla təqib olunan Rusiya regionda özünə normal dövlət kimi Türkiyəni seçib. Təbii ki, Türkiyənin də Rusiyada öz real maraqları var. Buna görə də Emmanuel Makronun verdiyi açıqlamalar və buna bənzər digər açıqlamalar birmənalı şəkildə dərin siyasətçi açıqlaması deyil.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada NATO-nun baş katibi Yens Stoltenberqlə keçirdiyi birgə mətbuat konfransında deyib ki, Fransa prezidenti Emmanuel Makron Türkiyə-Rusiya-İran prezidentlərinin Ankarada keçirdiyi görüşdə iştirak etmək istədiyini bildirub: "Biz Rusiya prezidenti Vladimir Putinlə danışdıq, etiraz etmədi. İran prezidenti isə üç ölkənin görüşündən sonra Fransa ilə birlikdə də görüş keçirilməsini məqbul saydı". Fransa prezidentinin bu görüşdə iştirak etmək istəməsinin Dumada kimyəvi silah tətbiqindən əvvəl olduğunu xatırladan M. Çavuşoğlu Fransa prezidentinin yalan danışdığını bildirib: "Bir ölkənin prezidenti belə yalan danışmamalıdır".

M. Çavuşoğlu qeyd edib ki, Türkiyənin Rusiya ilə çox güclü əlaqələri var: "Ancaq bu əlaqələr Türkiyə-NATO əlaqələrinə alternativ deyil. Fransa prezidentini ciddi olmağa dəvət edirik".

Xatırladaq ki, Emmanuel Makron Suriyaya zərbə endirərək Türkiyəni Rusiyadan ayırdıqlarını, Ankaranın kimyəvi hücumu pislədiyini söyləyib. Fransa prezidenti Suriyada sülhə nail olmaq üçün Türkiyə, Rusiya və İran ilə görüş keçirmək istədiyini, ancaq Dumada kimyəvi silah tətbiqi ilə əlaqədar görüşün baş tutmadığını bildirib. Metbuat.az xarici KİV-ə istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR