Ermənistanda 25 ildir ki, seçkilər saxtalaşdırlır

Sarkisyan konstitusiya dəyişikliklərini də o məqsədlə edib ki, özü və dəstəsi ölkənin sükanı arxasında qalsın

Ermənistanda keçirilən prezident seçkilərinə qarşı etiaz dalğaları səngimək bilmir. Əslində təşkil olunan etiraz aksiyaları bu ölkədə prezident seçkisinin qanunsuz, beynəlxalq standartlara zidd olmasına qarşı yox, bütövlükdə rejimə qarşıdır. Çünki, indiyə qədər Erməistanda keçirilən seçkilər heç bir halda qanun çərçivəsində baş tutmayıb, xalqın iradəsini ifadə etməyib. Nəzərə almaq lazımdır ki, Ermənistan dövlət kimi heç bir qanun-qayda tanınmır, bu ölkədə hüquq normalarına qətiyyən əməl olunmur. Məlumat üçün qeyd edək ki, bu ölkənin keçmiş prezidenti Robert Koçaryan Dağlıq Qarabağda yaradılmış qondarma rejimin rəhbərliyindən Ermənistan prezident postuna gətirilmişdi. Halbuki, işğalçı ölkə qanunvericiliyinə görə, prezident seçilən şəxs ən azı 6 il bu ölkədə yaşamalıdır. Həmçinin, Serj Sarkisyan Ermənistan vətəndaşı olmasa da prezident seçilmişdi. Yeni seçilmiş prezident Armen Sarkisyan da Britaniya vətəndaşıdır. Buna baxmayaraq o, prezident kürsüsünə əyləşdirildi. Daha doğrusu, Serj Sarkisyan həmişə olduğu kimi ölkə konstitusiyasını ayaq altına ataraq özünə lazım olan adamı prezident seçib. Deməli, Ermənistanda saxta seçkilərlə hakimiyyətə gəlmək adi siyasi prosedurdur. Buna adət etmiş ölkə siyasətçiləri bütövlükdə reyimi hədəf götürüblər. Gətirilən arqument ondan ibarətdir ki, möcud rejim Ermənistanı dövlət kimi xəritədən silmək həddinə çatdırıb, əhali isə ağlıq və səfalət içərisində yaşayır. Məlumat üçün qeyd edək ki, martn 2-də Ermənistanda prezident seçkiləri keçirilib. İşğalçı ölkə tarixində ilk dəfə olaraq dövlət başçısı ümumxalq seçkisi ilə yox, parlamentdəki səsvermə ilə seçilib. Prezidentliyə yalnız bir nəfər namizəd olub. Həmin şəxs Ermənistanın Böyük Britaniyadakı 65 yaşlı səfiri Armen Sarkisyandır. 1996-cı ilin noyabrın 8-dən 1997-ci ilin fevralın 28-dək Ermənistanın baş naziri olmuş A.Sarkisyan gizli səsvermənin nəticələrinə görə, düşmən ölkənin 4-cü prezidenti seçilib. Yeni seçilmiş prezident vəzifəsinin icrasına aprelin 9-da başlayacaq. Ermənistan konstitusiyasına edilən dəyişiklik və əlavələrdən sonra yeni qaydalar əsasında keçirilən seçkilərin nəticəsinə görə, qalib elan olunan A.Sarkisyan 5 il yox, 7 il prezidentlik kürsüsündə əyləşəcək. Lakin düşmən ölkədə əvvəlkitək hakimiyyət prezident kreslosunu baş nazir kreslosuna dəyişməyə hazırlaşan Serj Sarkisyanda olacaq. Bununla da Ermənistan prezident respublikasından parlament üsul-idarəli ölkəyə çevriləcək.

Ermənistan parlamentinin vitse-spikeri Arpine Ovannisyan baş nazir seçkilərinin aprelin 17-si keçiriləcəyini açıqlayıb. Elə Serj Sarkisyanın baş nazir postuna yiyələnmək niyyətinə də ciddi etirazlar mövcuddur. Hakim partiya bu vəzifəyə Serj Sarkisyanın namizədliyini irəli sürmək niyyətini gizlətmir. Amma qeyd olunduğu kimi, cəmiyyətin, müxalifət qüvvələrin Sarkisyanın namizədliyinə qarşı kəskin etirazları mövcuddur. Müxalif "İrs" partiyasının sədr müavini Armen Martirosyan vurğulayıb ki, Serj Sarkisyanın baş nazir vəzifəsinə yiyələnməsinə cəmiyyətdə kəskin etirazlar var. O, xatırladıb ki, 2018-ci ilin ötən dövründə Ermənistanda sosial-iqtisadi vəziyyətin pisləşməsi və ərzaq məhsullarının qiymətlərinin bahalaşması ilə əlaqədar artan etirazlar Sarkisyan üçün ciddi əngəldir. Armen Martirosyan bildirib ki, cəmiyyət Sarkisyanı daha hakimiyyət başında görmək istəmir. Maraqlıdır ki, erməni lobbisi də Sarkisyanın baş nazir vəzifəsinə gəlməsinə qarşı çıxır. "Erməni dirçəlişi" təşkilatının Paris şöbəsinin koordinatoru Şant Voskerçyan qeyd edib ki, Ermənistan hələ də sovet epoxasından çıxa bilməyib və orada hər addımda insan haqları pozulur. Müxalifətin hansısa hərəkətlər eləməyə hüququ yoxdur. Cəmi 3 milyon əhalisi olan bir ölkədə 100-dən çox siyasi məhbusun olması anormaldır: "Ermənistan prezidenti konstitusiya dəyişikliklərini də o məqsədlə edib ki, özü və dəstəsi ölkənin sükanı arxasında əbədi qalsın. Sarkisyan böyük yalançı, narkoman və qumarbazdır. 25 ildir ölkədə seçkilər saxtalaşdırılır. Bu azmış kimi, son vaxtlar özünü göstərən bahalaşma sırf süni xarakter daşıyır. Bu, Serj və dəstəsinin varlanmasına xidmət edir. Erməni xalqı bütün bunlara hələ də dözür. Nə vaxtadək? Bunlar xalqın səbir kasasını doldurmalıdır, insanlar küçəyə çıxmalıdırlar. Əgər aprel ayında o, baş nazir postuna əyləşsə bu, Ermənistanda böyük bir partlayışa səbəb olacaq. Həmin partlayış nəticəsində Serj və dəstəsi tarixin zibilliyinə atılacaq". Qeyd edildiyi kimi, cəmiyyətdə, müxalif siyasi qüvvələr arasında da Serj Sarkisyan və onun komanda üzvlərinə qarşı narazılığın əhəmiyyətli dərəcədə artması özünü qabarıq surətdə büruzə verir. Hesab edilir ki, narazılıq dalğasının genişlənməsi fonunda Serj Sarkisyanın baş nazir, onun prezident kürsüsünə əyləşdirdiyi Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sarkisyanın dövlət başçısı postunuda uzun müddət qalması elə də asan olmayacaq. Baş verənlərlə bağlı erməni siyasətçisi Naira Zohrabyan vurğulayıb ki, xalq Sarkisyan rejiminin yenidən hakimiyyət başında qalmasına imkan verməməlidir. Onun sözlərinə görə, hakimiyyəti vətəndaşların taleyi maraqlandırmır və bu səbəbdəndir ki, Ermənistan ən ağır günlərini yaşayır: "Ölkə borc içində boğulur, əhali ölkəni tərk edir. Serj Sarkisyan rejimi isə on ildə yaratdığı problemləri aradan qaldırmaq əvəzinə hökumət postunda möhkəmlənmək uğrunda mübarizə aparır. Hakimiyyət illərdir xalqı talayıb. Bu səbəbdən vətəndaşları həlledici qərar verməyə çağırıram. Ermənistanın bundan başqa yolu yoxdur. Ölkə iqtisadiyyatı tamamilə iflasa uğrayıb. Ermənistan büdcəsi isə miqrant pullarından asılı vəziyyətə düşüb. Bunları nəzərə almayan Serj Sarkisyanın əsas məqsədi nəyin bahasına olursa-olsun yenə hakimiyyəti ələ keçirməkdir".

Politoloq Armen Qriqoryan ölkədə yaranmış acınacaqlı vəziyyəti onunla izah edir ki, Serj Sarkisyanın prezidentlik müddətinin 10 ilində ölkə yalnız tənəzzülə gedib. O, Sarkisyanın Ermənistana rəhbərlik etdiyi illəri "böhran dövrü" adlandırıb. Politoloq bildirib ki, bu dövrü Ermənistan üçün uğurlu adlandırmaq olduqca çətindir. Onun sözlərinə görə, Sarkisyanın idarəçiliyi dövründə Ermənistanın xarici borcu 1,5 milyard dollardan 6,3 milyard dollara yüksəlib. Ermənistan iqtisadiyyatın geriləməsində rekord qazanıb. Belə ki, milli iqtisadiyyatda 14 faiz geriləmə müşahidə olunub. Ölkəni birdəfəlik tərk edənlərin sayı davamlı olaraq artır. Politoloq diqqətə çatdırıb ki, 10 ildə nə iqtisadi, nə də siyasi sahələrdə hər hansı müsbət meyl müşahidə edilib. Digər politoloq Lilit Avakyan isə "Armtimes" saytında bu xüsusda yazır ki, Sarkisyan hakimiyyəti əldən verməmək üçün yeni plan hazırlayaraq ölkəni parlament tipli respublikaya çevirib özünü baş nazir elan etmək istəyir: "Parlament tipli respublikanın prezident tipli respublikadan əsas fərqi ondadır ki, burada hakimiyyət bölgüsü zamanı baş nazirə daha çox səlahiyyət çatır. Odur ki, Sarkisyan bundan səmərəli istifadə etməyə çalışır. Ermənistan ictimaiyyətinin etirazlarına baxmayaraq, Sarkisyan ələbaxan prezident axtarır. Amma Ermənistana, ümumiyyətlə prezident lazım deyil. Prezidentlik institutu onsuz da güc-bəla ilə doldurulan Ermənistan büdcəsinə əlavə yükdür. Sarkisyanın prezident olduğu dövrdə prezidentin lazımsız vəzifə olduğu bütün çılpaqlığı ilə özünü göstərdi.Taleyüklü məsələlərin həlli zamanı prezident ya ölkədə olmayıb, ya da susub. Məsələn, 2013-cü ilin iyununda ölkədə nəqliyyat xidmətlərinin qiyməti 50 faiz artdı və onsuz da ağır sosial vəziyyətdə olan əhalinin durumu daha da pisləşdi. Bütün xalq ümidini prezidentə bağladı ki, bəlkə o nə isə bir iş görər və qiymətlər 50 yox, heç olmasa 25 faiz artar. Lakin Sarkisyan heç nə olmamış kimi istirahətə yollandı. 2016-cı ilin iyun ayında silahlılar İrəvandakı polis şöbəsinə hücum edib oranı tutanda da dövlət başçısından səs çıxmadı. Bütün dünya İrəvanda baş verən silahli insidentdən danışdı, amma ölkə prezidenti bir kəlmə də olsun danışmadı. Həmin vaxt ictimaiyyəti baş vermiş silahlı hadisədən daha çox prezidentin susması maraqlandırırdı. İnsanlar bir-birinə sual verirdi: Görəsən prezident niyə susur?" Göründüyü kimi erməni siyasətçiləri özləri də etiraf edirlər ki, ölkədə sosial-iqtisadi vəziyyət olduqca ağırdır. Sarkisyan rejimi isə ortalığa yaranmış vəziyyətin aradan qalrılılacağı ilə bağlı heç bir proqram qoymayıb. Əslində ötən on illik prezidentlik dövrünün təhlili deməyə əsas verir ki, Sarkisyan və onun komandası ölkəni yaranmış ağır vəziyyətdən xilas etmək iqtidarında deyil. Buna baxmayaraq, Sarkisyan baş nazir postuna yiyələnməkdə israrlı görünür. Bu isə o deməkdir ki, Serj Sarkisyan hakimiyyət iddiası erməni xalqına baha başa gələ bilər.

Alim

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR