“Türk dünyasının Kıbrısı” kitabının təqdimat mərasimi keçirilib

Bakıda "Türk dünyasının Kıbrısı" kitabının təqdimat mərasimi keçirilib. Yazıçı-publisist Afət Sadıqoğlunun müəllifi olduğu kitabın təqdimat mərasimində Quzey Kıbrıs Türk Cumhuriyyətinin (QKTC) Azərbaycan nümayəndəliyinin rəhbərliyi, bu ölkənin milli təhsil və mədəniyyət naziri Özdemir Berova, Türkiyənin Bakıdakı səfirliyinin təmsilçiləri, millət vəkilləri, tanınmış ictimai-siyasi xadimlər, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə açan Quzey Kıbrıs Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turqaner deyib ki, təqdimat mərasimi keçirilən "Türk dünyasının Kıbrısı" kitabı ölkəsinin Azərbaycanda daha yaxından tanıdılmasına böyük töhfədir. Kitabda Quzey Kıbrısla bağlı bütün məqamların əks olunduğunu deyən Ufuk Turqaner qeyd edib ki, sözügedən kitabla oxucular Kıbrısın təbiəti, turizmi, təhsil imkanları, coğrafiyası barədə daha geniş bilgilər əldə edə bilərlər. Xanım Turqaner belə bir dəyərli kitab qələmə aldığına görə, müəllifə təşəkkürünü ifadə edib.

Daha sonra təqdimat mərasimində çıxış edən Quzey Kıbrıs Türk Cümhuriyətinin milli təhsil və mədəniyyət naziri Özdemir Berova da kitabın məziyyətlərindən danışıb. Nazir Berova da "Türk dünyasının Kıbrısı" kitabının ölkəsinin təbliğatı, tanıdılması baxımından dəyərli töhfə olduğunu diqqətə çatdırıb. Daha sonra kıbrıslı nazir Quzey Kıbrıs Türk Cümhuriyyəti ilə Azərbaycan arasında mövcud olan əlaqələrdən danışıb. Nazir bildirib ki, Azərbaycan Türkiyədən sonra ikinci bir ölkədir ki, Kuzey Kıbrısla yaxın əlaqələr qurur. Özdemir Berova ölkəsi ilə Azərbaycan arasında əlaqələrin bütün sahələr üzrə sürətlə inkişaf etdiyini deyib və qeyd edib ki, xüsusilə təhsil və turizm sahəsində əlaqələr məmnunedicidir. Hər il Azərbaycandan yüzlərlə gəncin ali təhsil almaq üçün Quzey Kıbrıs Türk Cümhuriyyətinə getdiyini deyən mili təhsil və mədəniyyət naziri ildən-ilə bu rəqəmin artmasından da məmnunluq ifadə edib. Bildirib ki, gənclərin Quzey Kıbrısda ali təhsil almaq istəkləri də başadüşüləndir. Çünki Quzey Kıbrıs təhlükəsiz, sakit bir ölkədir. Həmçinin azərbaycanlı gənclər Kıbrısda özlərini vətənlərindəki kimi hiss edirlər. Bundan başqa Quzey Kıbrıs Türk Cümhuriyyətinin ali təhsil müəssisələri dünyanın tanınmış ali təhsil ocaqları ilə eyni kateqoriyaya malikdir və yüksək dərəcələrə sahibdirlər. Özdemir Berova əmin olduğunu bildirib ki, bundan sonra da Quzey Kıbrıs Türk Cümhuriyyəti ilə Azərbaycan arasında əlaqələr yüksələn xətlə inkişaf edəcək və əməkdaşlıq üçün yeni-yeni imkanlar açıalacaq. Quzey Kıbrısın milli təhsil və mədəniyyət naziri yazın aylarda ölkəsindən yeni bir qrupun, nümayəndə heyətinin Azərbaycana səfər edəcəyini də diqqətə çatdırıb. Bildirib ki, həmin səfər də Kuzey Kıbrısın Azərbaycanda tanıdılması, təbliği məqsədilə həyata keçiriləcək. Çıxışında Azərbaycanın inkişafına da toxunan nazir ilk dəfə ölkəmizə gəldiyini və burada sürətli inkişafın şahidinə çevrildiyini deyib. Özdemir Berova Azərbaycanın da gözəl bir coğrafiyada yerləşdiyini, yaxşı turizm imkanlarının olduğunu diqqətə çatdırıb. O, qeyd edib ki, bu baxımdan ölkələr arasında turizm sahəsində əlaqələr daha da inkişaf etdirilə bilər. Çünki hər iki ölkədə bununla bağlı potensial var.

Daha sonra "Türk dünyasının Kıbrısı" kitabının müəllifi Afət Sadıqoğlu çıxış edib. O, belə bir kitabın ərsəyə gəlməsində ona göstərdiyi dəstəyə görə hər kəsə təşəkkürünü bildirib. Afət Sadıqoğlu əmin olduğunu bildirib ki, müəllifi olduğu "Türk dünyasının Kıbrısı" kitabı Azərbaycan-Türkiyə- Quzey Kıbrıs əlaqələrinin genişlənməsinə töhfə verəcək.

Qeyd edək ki, Quzey Kıbrısın tarixi, keçmişi və bu gününə həsr olunmuş kitab Quzey Kıbrıs Türk Cümhuriyyətinin Bakı nümayəndəliyinin maliyyə dəstəyi ilə işıq üzü görüb. Müəllif kitabda ölkələrimiz arasında əlaqələrin genişlənməsi, bu ölkənin Cümhuriyyət, Barış və Müstəqillik bayramlarında iştirakı, həmin tədbirlərdə dövlət və hökumət rəhbərləri ilə görüşləri, QKTC-nin tarixi, ictimai, siyasi və sosial həyatı barədə fikirlərini qeydə alıb.

Süleyman İsmayılbəyli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR