Ermənistan sürətlə boşalır

Ölkədə hərbi xidmətə çağırış yaşlı gəncləri tapmaq müşkülə çevrilir

Siyasi, iqtisadi, diplomatik müstəvidə Azərbaycana məğlub olan Ermənistan artıq hərbi müstəvidə də belə bir məğlubiyyətlə üzləşdiyinin fərqindədir. Xüsusilə, keçən ilin aprelində Azərbaycan Silahlı Qüvvələrinin erməni təxribatına qarşı həyata keçirdiyi uğurlu hərbi əməliyyat və neçə illə düşmən tapdağı altında qalan bir sıra strateji yüksəkliklərin işğaldan azad edilməsi uzun illərdən sonra bu məğlubiyyətin ilk təməlini qoydu. İrəvan bu günə qədər tam etiraf etməsə də, Azəbaycan Silahlı Qüvvələri tərəfindən sarsıdıcı zərbə alaraq son illərin ən böyük canlı qüvvə və hərbi texnika itkisini verdi. Məhz bu uğurlu hərbi əməliyyatlardan sonra Ermənistan ordusunda fərarilik, hərbi xidmətdən yayınma halları artmağa başladı. Bir neçə dəfə işğalçı ölkənin prezidenti Serj Sərkisyanın Dağlıq Qarabağa səfər etməsi də erməni əsgərlərində heç bir ruh yüksəkliyi yaratmadı. Artıq vəziyyət o həddə çatıb ki, Ermənistan ordusuna çağırış yaşlı gəncləri tapmaq qeyri-mümkünə çevrilib. Bunun isə başlıca səbəbi yuxarıda qeyd etdiyimiz kimi keçən ilin aprelində Azərbaycan Silahlı Qüvvələrinin İrəvana yaxşı hərbi dərs keçməsidir. Bildirilir ki, məhz aprel olaylarından sonra erməni ailələr çağırış yaşlı övladlarını tez-tələsik ölkədən kənara çıxarmağa, xaricə qaçırmağa başlayıblar. Bu proses o qədər sürətli xarakter daşıyıb ki, hazırda ordu sıralarına çağrılmaq üçün ölkədə yeniyetmə gənc tapmaq müşkülə  çevrilib. Təsadüfi deyil ki, hətta Ermənistan rəsmiləri də bunu dolayısıyla etiraf edirlər. Bu günlərdə Ermənistan Ordusunda xidmət edəcək əsgərlərə 10 min dollar məbləğində maddi yardımın göstəriləcəyi barədə yayılan xəbər də məhz qeyd etdiyimiz problemdən irəli gəlir. Yəni, Ermənistan hakimiyyəti hərbi xidmət yaşına çatmış gəncləri şirnikləşdirici vədlər verməklə orduya cəlb etmək istəyir. Ancaq hər zaman bütün oyunlarını yalan üzərində quran Ermənistan hakimiyyətinin bu dəfə də yalan vədlər verdiyi şübhəsizdir. Çünki elə sadə ermənilər yaxşı bilirlər ki, iqtisadi cəhətdən dərin böhran dövrünü yaşayan Ermənistanda hərbi xidmət keçən şəxslərə 10 min dollar maddi yardımın ayrılması qeyri-mümkündür. Məlumat üçün qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsun Ovannisyan bildirib ki, döyüş hissələrində xidmət keçmək istəyən, döyüş vəzifələrini yerinə yetirmək həvəsində olan hərbi çağırışçılar yeni sistemdə xidmət edəcəklər. Bu da "təcili-müqavilə" adlandırılır. Ovannisyan müharibə zonasına öz istəyi ilə gedənlərə tətbiq ediləcək güzəştlərdən bəhs edərkən qeyd edib ki, xidmətin altıncı ayından etibarən hərbi qulluqçu aylıq 1+1+2 sistemində xidmətdə olacaq. Yəni bir həftə tətildə, bir digər həftə döyüş növbəsinə hazırlıqda, daha iki həftə isə ön xətdə. Beləliklə, hərbi qulluqçu 7 aylıq xidməti dövründə 31 gün evdə, 24 gün isə hərbi hissədə, yaxud ön xətdəki mövqedə olacaq. Ermənistan hakimiyyəti gəncləri daha da şirnikləndirmək üçün hərbçilərə "muzd" da təklif edib. Belə ki, hərbi xidmətdən azad edilən hərbi qulluqçu xidməti müqabilində 5 milyon dram (10 min ABŞ dollarına yaxın) vəsait əldə edə biləcək.  Nazirlik rəsmisi deyib ki, bu, hazırkı hərbi çağırışla bağlı mövcud olan varianta alternativ proqramdır və yaxın vaxtlarda ictimai müzakirəyə çıxarılacaq.


Məsələ ilə bağlı fikirlərini bölüşən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Ermənistan hakimiyyəti və generalları etiraf etməsələr də, son illərdə cəbhə bölgəsində üzləşdikləri itkilərin yerini doldurmaqda çətinlik çəkirlər. Politoloqun sözlərinə görə, bunun obyektiv səbəbləri var: "Birincisi, gənclər Ermənistanı tərk edirlər, onlar Dağlıq Qarabağda ölməmək üçün ya Rusiyaya işləməyə gedirlər, ya da Qərb dövlətlərinə mühacirət edirlər. İkincisi, Ermənistanın əhalisi onsuz da azalır, Azərbaycanın isə əksinə artır, yaxınlarda sayımız 10 milyona çatacaq. Bu tendensiya Ermənistanı narahat edir, döyüşməyə adam tapmaqda çətinlik çəkirlər". Elxan Şahinoğlu qeyd edib ki, Ermənistan mülki müdafiə naziri Viqen Sarkisyan bu vəziyyətdən çıxış yolu kimi yeni ideya irəli sürüb: "Könüllü surətdə döyüş bölgələrində 3 il hərbi xidmət keçən hər gəncə xidməti bitirdikdən sonra 10 min dollar ödənəcək". Başqa sözlə Ermənistanın müdafiə naziri gənclərə pulsuz ölməməyi təklif edir. Bu ideya yaxınlarda parlamentdə qanun şəklinə gələcək. Görək Ermənistanda 10 min dollara nə qədər gənc ölümə hazır olacaq?. Burada bir məqama diqqət yetirməyi lazım bilirəm. Azərbaycanın insani potensialı kifayət qədərdir, döyüş bölgəsində xidmət problemimiz yoxdur. Aprel döyüşləri də göstərdi az qala bütün əhali döyüşə atılmaq istəyirdi. Ancaq mənə elə gəlir ki, biz də cəbhə bölgəsində xidmət keçənlərə xüsusi imtiyazlar haqqında düşünməliyik. Doğrudur, aprel döyüşlərində şəhid olanların ailələrinə və yaralanan hərbçilərə böyük diqqət göstərildi. Ancaq bunun qanun şəklinə gətirilməsinə bizdə də ehtiyac var. Yəni ölümə gedən bilməlidir ki, qanun tələbi ailəsi, övladları daima dövlət qayğısı içində olacaqlar".

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR