Hollandiya Türkiyədən üzr istəyəcək! AKTUAL+ANALİZ

Hadisələr məhz buna doğru inkişaf edir

Türkiyə ilə Avropa İttifaqının (Aİ) Almaniya, Hollandiya, İsveçrə və s. kimi ölkələri arasında yaşanan gərginlik sonda bir daha təsdiq etdi ki, qoca qitənin yürütdüyü "demokratiya" siyasəti heç də bu amili ehtiva etmir və bu siyasətin pərdə arxasında dayanan amillər ikiüzlülük, riyakarlıq tandemləri ilə ölçülür. Ümumiyyətlə, Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın irəli sürdüyü ittihamları fonunda biz Aİ-də demokratiyanın deyil, faşizm ideologiyasının vüsət almasının şahidlərinə çevrilirik. Xüsusilə, Hollandiyada türk toplumunun dövlətçilik maraqlarının müdafiəsinə qalxmasının itli-atlı polis tərəfindən zorakılıqla, hətta faşist üsul-idarəsi ilə alınması bu iddianın nə qədər reallığa yaxın olduğunu göstərir.

Maraqlısı da budur ki, hazırda Aİ-yə daxil olan ölkələrin bəziləri necə deyərlər, onlara lazım olan "Avropa dəyərlərini" əsas gətirərək, Türkiyəyə qarşı səlib yürüşünü reallaşdırmağa çalışırlar. Düzdür, hələlik bütün baş verənlər diplomatik qalmaqallarla müşahidə olunur. Ancaq belə davam edərsə, çox yəqin ki, qoca qitə Türkiyənin əsl gücünü görməli olacaq.

Xristian klubunun üzvləri hələlik "Tanrı səni qorusun" deyib, bir-birlərinə xaç çəkməklə məşğuldurlar...

Hələlik isə Almaniyanın kansleri Angela Merkel və onun timsalında olan digərləri Türkiyə dövlətinə qarşı aşkar aqressiya nümayiş etdirməklə yanaşı, xristian klubu çərçivəsində bir-birlərinə "Tanrı səni qorusun" deyib, xaç çəkməklə məşğuldurlar. Məsələn, Angela Merkel Münxendə etdiyi çıxışında Türkiyə-Hollandiya böhranına toxunaraq, aşkar şəkildə Hollandiyanın tərəfini tutub və bu ölkəyə açıq dəstək mesajı verib.  Merkel Türkiyə prezidenti Ərdoğanın Almaniya və Hollandiyanın, eləcə də bir sıra Avropa ölkələrinin faşist siyasəti yürütməsi ittihamına cavab olaraq deyib ki, bu cür ittiham heç bir ölkəyə aid edilməməlidir. "Faşizm ittihamını qəbul edə bilmərik və Hollandiyaya dəstək olduğumuzu çatdırırıq", - deyə alman kansler bildirib.

Türkiyə mətbuatı hücum edənləri cavabsız qoymur - "Takvim" qəzetindən İsveçrənin "Blick" qəzetinə: "Referendum yaxınlaşdıqca, Avropa qudurur"

Daha bir anti-Türkiyə xəstəliyi İsveçrədə də müşahidə olunur. Bu barədə Türkiyənin "Takvim" qəzeti ötən nömrələrinin birində yazıb. "Avropa ölkələri Türkiyədəki referenduma sayılacaq günlər qalmış çirkin hücumlarına hər gün daha yenisini əlavə edir". -deyə  "Takvim" qəzeti "Referendum yaxınlaşdıqca, Avropa qudurur" başlıqlı yazı ilə çıxış edib.

Qeyd olunur ki, 16 aprel referendumuna həftələr qalmış ətəyi alışıb-yanan Avropa ölkələri hər keçən gün yeni bir qalmaqala imza atır.

"Belə ki, bu dəfə İsveçrənin "Blick" qəzeti alçaqcasına bir üslubla Türki dilində manşet qoyub və "Xeyr" səsi verin deyərək, tərəfini açıq şəkildə bəlli edib"-deyə türk qəzeti adıçəkilən İsveçrə qəzetdəki yazını şərh edərkən qeyd edir.

Bildirilir ki, İsveçrənin beynəlxalq yayını hesab olunan "Blick" sözügedən manşetdən İsveçrədəki Türkiyə vətəndaşlarına həm türk, həm də alman dillərində çağırış edib.

""Blick" qəzeti Türkiyə dövlət rəhbərliyinə qarşı qərəzli və böhtançı çıxış edərək "Ərdoğanın diktatorluğuna "yox" deyin" tipli alçaq manşetlə əsl dərdlərinin nə olduğunu ortaya qoyub"-deyə vurğulanır. 

"Rəsmən türk vətəndaşlarına şərt qoydu" deyə ikinci başlığın altında isə bildirilir ki, sözügedən yazıda "İsveçrənin dünyanın ən azad ölkəsi" kimi önə sürülür və ölkədəki türk vətəndaşlara qarşı şərt irəli sürülür. "Burada yaşamaq istəyirsinizsə, bizim sizdən bəzi gözləntilərimiz olduğunu unutmayın. "Yox" deyin""-deyə İsveçrənin "Blick" qəzetinin təxribatçı çağırışlarını şərh edən "Takvim" qəzeti yazıb.

Rəcəb Tayyib Ərdoğan: "Mənim vətəndaşlarımın üzərinə at, it sürəcəksənsə, bunun hesabını verəcəksən...Hollandiya bu tərbiyəsizliyin bədəlini mütləq ödəyəcək!"

Ancaq görünən budur ki, istər Merkelin, istərsə də İsveçrə mətbuatının, eləcə də Belçikanın, Danimarkanın və s. Avropa ölkələrinin cinsi azlıqlar ölkəsi kimi də qələmə verilən Hollandiyanın tərəfini saxlamaları heç də Türkiyəni çətin vəziyyətdə qoymur. Məsələn, qardaş ölkənin prerzidenti Rəcəb Tayyib Ərdoğan Koacaelidə etdiyi çıxışında Hollandiya hakimiyyətini sərt şəkildə qınayıb və bildirib ki, bunun cavabı veriləcək: "Hollandiya bu tərbiyəsizliyin bədəlini mütləq ödəyəcək!".

Türkiyə prezidenti ölkəsinin hər zaman və hər yerdə öz vətəndaşlarının yanında olduğunu bildirib: "Mənim vətəndaşlarımın üzərinə at, it sürəcəksənsə, bunun hesabını verəcəksən. Biz, bizə yetərik. Bizə bu millət yetər. Hollandiya bir Avropa İttifaqı ölkəsi kimi deyil, banan respublikası kimi davranıb. Avropadan səs çıxmır, çünki bunlar bir-birlərini dişləməz".

Başqa tərəfdən, əgər biz Ərdoğanın bu fikirlərinə daha dərindən diqqət yetirərsək, öncələr də Aİ ölkələrinin Türkiyəyə qarşı münasibətdə yanlış siyasi baxışlarının şahidlərinə çevrilərik. Ən azından FETÖ kimi terrorçu şəbəkə üzvlərinin ötən ilin yayında baş tutmayan qiyamlarının ardınca Avropa ölkələrinə qaçmaları və İnterpol aracılığı ilə axtarışa verilmələrinə rəğmən onların həbs edilərək Türkiyəyə təhvil verilməmələri buna danılmaz sübutdur.
 

Türkiyə XİN: "Türkiyəyə qarşı aşırı qərəzli fikirlər xarici düşmənçilik təsirini bağışlayır və anti-türk faktoru qabardılır"

Bu arada Türkiyənin xarici işlər nazirliyi Avropa İttifaqının (Aİ) ikiüzlü davranışlarına qarşı sərt münasibət göstərib. Artıq qardaş ölkənin baş diplomatik nümayəndəliyindən Aİ-nin "Avropa Birliyinin Hollandiyanı dəstəkləməsi mühümdür" kimi bəyanatına qarşı cavab addımları atılır. Türkiyə XİN-dən bildirilib ki, Aİ-nin bəsirətsiz açıqlaması heç bir dəyər daşımır və bu cür fikirlər vəziyyətin daha da gərginləşməsinə səbəb olur.  

XİN-nin bəyanatında qeyd edilir ki, Türkiyə və bəzi Aİ ölkələri arasında yaşanan hadisələrlə bağlı Aİ xarici işlər və təhlükəsizlik siyasətinin ali təmsilçisi Federika Mogerini və Aİ-nin qonşuluq və genişlənmə komissiyasının rəsmisi komissar Yohan Hahn tərəfindən martın 13-də verilmiş açıqlamalar tamamilə qərəzli fikirlərlə əhatə olunub.

Həmçinin qeyd edilib ki, "vəziyyətin gərginləşməsinə səbəb olan ölkələrin davranışları Türkiyəyə qarşı aşırı qərəzli fikirlər xarici düşmənçilik təsirini bağışlayır və anti-türk faktoru qabardılır. Bu baxımdan, Aİ rəsmiləri bu amilin fərqinə varmalıdırlar". 

Yuxarıda da qeyd eidldiyi kimi, Türkiyənin xarici diplomatik nümayəndəliyinin bəyanatında FETÖ terror şəbəkəsi barədə də haqlı ittihamlar yer alıb. Bəyanatda bildirilir: "Avropa İttifaqı istər ölkə konstitusiyasını, istər demokratik quruluşu hədəfə alan xain 15 iyul qiyamı iştirakçılarının, istərsə də beynəlxalq terrorçular siyahısında yer alan PKK üzvlərinin verilməməsində obyektivlikdən uzaq hərəkətlərə yol veriblər". 

Nabi Avcı: "Hollandiyaya qaçmış FETÖ üzvləri hazırda media və lobbi baxımından təsiredici qüvvəyə malikdirlər və onları xüsusilə sosial mediada aktiv fəaliyyətə keçiblər"

Qardaş Türkiyənin dövlət rəsmiləri də mövcud böhranla bağlı bəyanatlar səsləndirməkdə davam edirlər. Belə ki, Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı, terrorçulara ev sahibliyi edərək Türkiyə ilə münasibətlərini laxladan Avropanın FETÖ-nün mərkəzi halına gəldiyini bəyan edib. 

Nabi Avcı bu gün Almaniyanın və Hollandiyanın bir sıra bürokratik dairələrində FETÖ-çülərin qaldığını bildirib və qeyd edib ki, hazırda Avropa ölkələri ilə Türkiyənin arasında yaşanan böhranda gülənçilər ciddi rol oynayırlar.  

"Hollandiyaya qaçmış FETÖ üzvləri hazırda media və lobbi baxımından təsiredici qüvvəyə malikdirlər və onları xüsusilə sosial mediada aktiv fəaliyyətə keçiblər"-deyə nazir bildirib.

Bekir Bozdağ: "Türk millətinin və Türkiyə dövlətinin şərəfi ilə kimsənin oynamasına izn verməyəcəyik"

Türkiyənin ədalət naziri Bekir Bozdağ da Türkiyənin Hollandiya və Almaniyanın faşizm baxışlarına qarşı beynəlxalq hüququn tanıdığı haqları sona qədər istifadə edəcəyini bəyan edib. Bozdağ deyib: "Hollandiya və Almaniyanın qalmaqallı münasibətlərinə gəlincə, Türkiyə beynəlxalq hüquq çərçivəsində nələr edə bilər, əlbəttə ki, beynəlxalq hüququn tanıdığı haqları, səlahiyyətləri sonuna qədər istifadə edəcək və bu məsələnin təqibçisi olacağıq. Türk millətinin və Türkiyə dövlətinin şərəfi ilə kimsənin oynamasına izn verməyəcəyik".  

Onu da qeyd edək ki, Avropanın bəzi siyasi dairələri artıq sözügedən məsələ ilə bağlı narahatlıqlarını ifadə edərək, Hollandiya, Almaniya kimi ölkələrin və bu ölkələrin davranışlarını müdafiə edən dövlətlərin doğru seçim etmədiklərini bəyan edir.

AŞPA rəsmiləri böhranlı vəziyyətin aradan qaldırılacağına ümid etdiyini deyib və bir sıra çağırışlarda bulunub

Belə ki, AŞPA sədri Pedro Arqamunt Türkiyə ilə Avropa arasında artan xətlə davam edən gərginliyin narahatedici olduğunu deyib. "Türkiyəyə qarşı gərginlik başa çatmayıb"-deyə qeyd edən Arqamunt böhranlı vəziyyətin aradan qaldırılacağına ümid etdiyini deyib və bir sıra çağırışlarda bulunub.  

Digər avropalı siplomat Torborn Yaqland isə bəzi Avropa İttifaqı ölkələriylə Türkiyə arasında yaşanan gərginliklə bağlı dialoq çağırışı edib. "Belə bir vəziyyətin yaranması həm demokratiyaya, həm də diplomatiyaya zərər verir. Bu gərginliyin artmasına izn verməyəcəyik"-deyə baş katib qeyd edib.

Boris Consondan  türkiyəli həmkarına zarafat və jest: "Cənab Çavuşoğluya mənimlə günorta naharı yemək istəyirsə, onu dayandıra biləcək heç bir şey yoxdur"

İngiltərənin xarici işlər naziri Boris Conson isə Hollandiyada baş verənlərlə bağlı deyib ki, orada yaşananlar onu çox üzüb: "Məncə, son dərəcə üzücü bir haldır. Hər iki ölkə NATO üzvüdür və bizim böyük dostlarımızdır"-deyə, Conson Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun ona zəng etdiyini və o da sözügedən məsələ ilə bağlı fikir mübadiləsi apardıqdan sonra türkiyəli həmkarı ilə zarafat etdiyini də gizlətməyib. O, Çavuşoğluna hər zaman Avropaya yolunun açıq olduğunu deyib.

"Cənab Çavuşoğluya çox dəqiq şəkildə əgər gəlib mənimlə günorta naharı yemək istəyirsə, onu dayandıra biləcək heç bir şeyin olmadığını söylədim"- deyə, Boris Conson Mövlüd Çavuşoğlu ilə necə zarafat etdiyini də mediaya bildirib.

"The Times": "Hollandiyadakı Mark Rutte hökuməti Türkiyə nazirlərini deportasiya edərək, təhlükəli bir yola girdi"

Nüfuzlu qəzetlər sırasında yer alan İngiltərinin "The Times" qəzeti Avropa İttifaqına aid ölkələrin Türkiyəyə qarşı davranışlarını sərt şəkildə qınayıb və "Ərdoğan tərəfdarlarını susdurmaq Qərb dəyərlərinə xəyanətdir" maşeti ilə çıxış edib. İngilis qəzeti qeyd edib ki,  kimliyindən asılı olmayaraq, sülhməramlı aksiya keçirmək konstitusion hüquqdur.

"The Times" Türkiyə nazirlərinin mitinqlərini yasaq edən Avropa ölkələrinin ifadə azadlığı məsələsində bütün dəyərləri aşdıqlarını və xəyanət etdiklərini yazır.

"Qərb ölkələri təməl bir haqq olan ifadə azadlığna sadiq qalmaq istəyirlərsə, bunun üçün dözümlü olmaları lazımdır. Putin təərəfdarı, Putin əleyhdarı, Kim Yong tərəfdarı, Kim Yong əleyhdarı, kim olursa-olsun, sülhməramlı mitinq keçirmək konstitusion hüquqdur"-deyə nəşr vurğulayır.

İngilis qəzeti Hollandiya hökumətinin başçısı Mark Rutteni də ittiham etməyi unutmayıb və qeyd edib: "Hollandiyadakı Mark Rutte hökuməti Türkiyə nazirlərini deportasiya edərək, təhlükəli bir yola girdi. Bu həmlə Avropa İttifaqının Türkiyəyə yönəlik islahatlar çarğırışlarının təsirini azaltdı. Türkiyənin önəmli bir üzvü olduğu NATO daxilindəki qalmaqalları artırarkən, türk əsilli miqrantların inteqrasiyası məsələsini daha da qarmaqarışıq hala gətirdi".

Beləliklə, sözügedən siyasi böhranda Türkiyənin tamamilə haqlı mövqedə dayanması göz önündədir. Biz bunu Qərbin tərəfsiz siyasi dairələrinin açıqlamasından da görürük. Söz yox ki, istər Hollandiyanın, istərsə də Almaniyanın Türkiyəyə qarşı apardıqları çirkli oyunlardan dolayı üzr istəyəcəkləri gün də uzaqda deyil. Gec, ya da tez bu baş verəcək.

Rövşən NURƏDDİNOĞLU   

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR