Ermənistan parlament seçkilərini Kremldə keçirir?

Rusiya Sərkisyanın partiyasını seçki qutusundan çıxara biləcəkmi?
 

Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca siyasi çəkişmələr artmaqda davam edir. Ölkə daxilində vəziyyətin gərginləşməsi heç şübhəsiz ki, cəbhə xəttində də özünü büruzə verir. Belə ki, son günlər Ermənistan-Azərbaycan təmas xəttində gərginliyin artması, ermənilər tərəfindən təxribatların çoxalması buna bariz misaldır. Parlament seçkiləri öncəsi cəbhədə təxribat törədən Sərkisyan hakimiyyəti daxili auditoriyanı sakitləşdirməkdən ötrü müxalifətə qarşı da amansız mövqe nümayiş etdirməkdədir. Digər tərəfdən isə əhalinin sosial vəziyyətinin ağırlaşması, Sərkisyan hakimiyyətinə etirazların artması, əsgər ölümlərinin gizlədilməsi, sabiq prezident Ter-Petrosyanın aktivləşməsi, sabiq müdafiə naziri Ohanyanın Sərkisyan hakimiyyətinin törətdiyi cinayətləri açıqlaya biləcəyi bəyanatı və s. hallar işğalçı ölkə rəhbərliyini təşvişə salıb. Artıq "Erməni Milli Konqresi" İrəvanda baş tutan etiraz aksiyalarını davam etdirmək niyyətindədir. Nəzərə almaq lazımdır ki, mitinqlər təbliğat adı ilə reallaşsa da siyasi şüarlar, cəbhədə baş verən son hadisələrlə bağlı çağırışlar Sarkisyan hakimiyyətinin dayaq nöqtəsini laxladıb. Xatırladaq ki, "Erməni Milli Konqresi"nin lideri Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan hələ 2016-cı ilin 17 dekabrında partiyasının qurultayında çıxışı zamanı "Qarabağ münaqişəsi Ermənistanın inkişafına əsas əngəldir" bəyənatı ilə çıxış etmişdi. O, ərazilərin təcili qaytarılması və münaqişənin həll olunması tezisini irəli sürərək qeyd etmişdi ki, daha sonra hər şey Ermənistan üçün daha pis nəticə verə bilər. Ölkədə baş verənlərdən qorxuya düşən Ermənistan Prezidenti Serj Sərkisyan martın 14-də Moskvaya səfəri planlaşdırılır. Rusiya mətbuatı xəbər verir ki, Sərkisyanın Moskvaya səfəri iki gün davam edəcək. Səfər zamanı erməni lider Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Maraqlıdır, Sərkisyanın Rusiyaya səfəri Ermənistanı siyasi və hərbi böhrandan xilas edə biləcəmi?
Sərkisyanın Moskva səfərini şərh edən erməni politoloq Musa Mikaelyan erməni liderin bununla öz hakimiyyətini qorumağa çalışdığını bildirib: "Ermənistan və Rusiya liderlərinin görüşü işgüzar prosesdir, ona görə də burada təəccüblü heç nə yoxdur. Lakin Sərkisyanın budəfəki səfəri ölkənin daxili inkişafı baxımından mühüm ola bilər. Səfərin parlament seçkisindən öncə və ya sonra olması önəmli deyil. Burada əsas məqam bu səfərin daxili siyasi və hakimiyyətdaxili status-kvo üçün mühüm rol oynayacağıdır. Sərkisyanın budəfəki səfəri Baş nazir Karen Karapetyanın yanvardakı Moskva səfərinə cavab olacaq. Məsələ ondadır ki, Karapetyan Moskvada həm Rusiya hökuməti, həm də erməni biznesmenlər tərəfindən çox isti qarşılanıb. Bütün bunlar, şübhəsiz, Karapetyanın hökumət daxilində dayaqlarını gücləndirib. Karapetyanın mövqelərini gücləndirməsini Sərkisyan özünün hakimiyyətini qorumaq məsələsində əsas problem kimi görür. Sərkisyan heç bir halda Karapetyanı özünün xələfi saymır. Görünür, Moskva üçün Karapetyan xələf kimi görünür. Sərkisyan Moskvada məhz Karapetyanın nüfuzunu salmağa çalışacaq. Hazırda Sərkisyan üçün əsas varis müdafiə naziri Vigen Sərkisyandır". "Yelk" alyansından deputatlığa namizəd olan siyasətçi Nikol Paşinyan öz tərəfdarları qarşısında çıxışı zamanı söyləyib ki, Serj Sərkisyanın rəhbərlik etdiyi Respublika Partiyasının korrupsiya fəaliyyətləri ölkəni çarəsiz vəziyyətə salıb: "Sərkisyan administrativ rıçaqları vasitəsilə yaratdığı bataqlığı genişləndirmək istəyir. Burada Sərkisyanın məqsədi öz fəaliyyətinin səmərəliliyinin təmin edilməsidir. Bu bataqlıqdan da çıxış yolu var". Rusiyalı politoloq Aleksandr Skakov bildirib ki, Ermənistan Prezidenti Serj Sərkisyanın həm Parisə səfəri, həm də Moskvaya səfəri daha çox daxili siyasətə hesablanıb. O, Sərkisyanın prezident olaraq qalmaq istədiyini və buna görə də fərqli ölkələrin paytaxtlarına səfər edərək, beynəlxalq tərəfdaşlarından dəstək almağa çalışdığını bildirib: "Qarabağ ətrafında situasiya bu səfərlər sırasında müzakirə edilə bilər, amma bu, əsas mövzu deyil. Əsas məsələ Ermənistanın daxilində hökm sürən situasiya, seçkilər və Sərkisyanın gələcəyə dair planlarıdır. Ona vacib olan prezident qalması üçün dəstək ala bilməsidir. Ümumiyyətlə, Avropa Birliyinin Qarabağ məsələsində aktivləşməsini gözləmək üçün heç bir əsas yoxdur. Bu gün AB-nin daha vacib problemləri var. Onların ən vacib işi ABŞ-la münasibətləri düzəltməkdir. Fransa lideri Fransua Olland isə gedən prezident olduğu üçün Qarabağla məşğul ola bilməz. Ona görə də Parisdə əsas müzakirə mövzusu Ermənistandakı daxili situasiya olub. Sərkisyan hakimiyyəti heç kimə vermək istəmir. Belə olmasaydı, o, konstitusiya dəyişiklikləri etməzdi. Sərkisyan Baş nazir Karen Karapetyana Moskvadan verilən ümidi qısqanır". Politoloq Fikrət Sadıqov isə deyib ki, Rusiya müttəfiqi Ermənistanı hər zaman dəstəkləyib: "Ermənistan Rusiyanın Cənubi Qafqazda dayaq nöqtəsidir. Ancaq Moskvada onu da dərk edirlər ki, Azərbaycan kifayət qədər önəmli və güclü bir tərəfdaşdır. Yaranmış hazırkı qarşıdurma fonunda Azərbaycanla əməkdaşlıq Rusiya üçün daha faydalıdır. Çünki Rusiyanın vəziyyəti o qədər ürəkaçan deyil, ABŞ-la münasibətlər gərgin olaraq qalmaqdadır. Düzdür, Moskva İrəvanla müttəfiqlik münasibətlərini qırmayacaq. Ancaq son zamanlar hiss olunur ki, Rusiya Ermənistanı birmənalı şəkildə dəstəkləmir. Hətta sırf buna görə ölkənin siyasi elitası və erməni dairələrində narazılıq dalğası var. Bu da ona görə baş vermir ki, ortada Azərbaycan amili var. Bakı-Moskva münasibətlərinin yüksək səviyyədə olması bu gün Moskvanı İrəvana açıq dəstəkdən çəkindirir".

Alim

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR