Yeni Ağ Ev administrasiyası Türkiyəyə xüsusi önəm verir

Vaşinqton Ankaranın regional güc sahibi olduğunun fərqindədir

Birləşmiş Ştatların sayca 45-ci prezidentinin həm ölkəsi, həm də dünya üçün bir sıra sürprizlər bəsş edəcəyi barədə deyilənlər demək olar ki, tədricən özünü doğruldur. Ağ Evdə qərar tutduğu ilk gündən atdığı addımlar, verdiyi qərarlar da bunu təsdiqləyir. Bu günlərdə Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri general Maykl Flippin Rusiya ilə əlaqələrdə şübhəli bilinərək vəzifədən kənarlaşdırılması deyilənlərin təsdiqidir. Qarşıdakı müddətdə Donald Trampın daha radikal addımlarla gündəmi zəbt edəcəyi şübhəsizidir. Elə əksər ekspertlər də bu qənaətdədirlər. Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də deyir ki, Donald Tampın gəlişi ilə dünya siyasətinin yenidən dizayn ediləcəyi qaçılmazdır. Hazırda da bir çox maraqlı hadisələr baş verməkdə olduğunu deyən Əli Əliyev qeyd edib ki, Əl-Babda türk əsgərinə rus bombalarının tuş gəlməsi də təsadüfi hadisələrdən sayılmamalıdır və sözügedən hadisə də yeni Ağ Ev rəhbərliyinin mesajlarından sayıla bilər: "Hadisələrin dinamikasına diqqət yetirək. Böyük Britaniyanın baş naziri xanım Tereza Mey Donald Trampın prezident statusunda qəbul etdiyi ilk rəsmi şəxs oldu. Maraqlısı odur ki, xanım Mey Vaşinqtondan dərhal Ankaraya səfər etdi. Ondan 2 sutka sonra Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkellə görüşüb. Proseslərin davamı kimi Donald Trampla Rəcəb Tayyib Ərdoğanın telefon danışığı baş tutdu. Bu ərəfədə Mərkəzi Kəşfiyyat İdarəsinin yeni təyin olunmuş direktoru Mayk Pompeo da ilk səfərini Türkiyəyə edib. Maraqlı məqam ondan ibarətdir ki, bu ərəfədə Donald Tramp müstəşarlara Fətulla Gülən işi haqda arayış hazırlanması tapşırığı verib". Əli Əliyevin sözlərinə görə, bütün bunlardan anlaşılan odur ki, yeni Ağ Ev administrasiyası rəsmi Ankara ilə Gülən məsələsi səbəbindən sərinləşən münasibətləri yenidən istiləşdirməyə maraqlıdır: "Əslində Birləşmiş Ştatlar Mey vasitəsilə mesajını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana çatdırdıqdan sonra aydın olur ki, yeni Amerika prezidenti Donald Tramp Türkiyəyə xüsusi önəm verir. İran və Rusiya ilə bağlı mesajlar da aydın edir ki, Birləşmiş Ştatlar Yaxın Şərqdə mövqelərini bərpa etmək istəyəcək. Bunun üçün Türkiyə maraqlarının nəzərə alınmasının birinci şərt olduğunu Ağ evdə anlamağa başlayıblar. Almaniya kansleri Angela Merkelin gəlişini isə Avropa Birliyinin Türkiyəyə yaxınlaşma mesajı kimi anlamaq olur. Bu o deməkdir ki, yaxın dövrdə biz Türkiyə-Qərb münasibətlərinin yaxınlaşmasının şahidi olacağıq". Partiya sədri onu da diqqətə çatdırıb ki, Türkiyə-Qərb yaxınlaşması isə öz-özlüyündə Türkiyənin Suriya siyasətinin dəyişməsinə gətirib çıxara bilər və bu prosesin də şahidinə çevrilməmiz mümkümdür: "Beləliklə, Türkiyədən təyyarə qalmaqalına görə "yanıqlı" olan və xarici siyasət prioritetlərinə yenidən baxa biləcəyindən narahat olan Rusiyadan belə "yanlışı" gözləmək olardı. Ukraynada yeni müharibə fazasının qızışması, Belorusla münasibətlərin son dərəcə gərgin olduğu, yeni Ağ Ev rəhbəri Donald Trampla bağlı gözləntilərin puça çıxması da Rusiyanın maraqlarına zərbə kimi qiymətləndirilə bilər. Əfqanıstan müharibəsinin uzanmasında, bir sıra Avropa dövlətlərində, o cümlədən Bolqarıstan, Makedoniya,

Xorvatiya, Fransa, Kosovo, Serbiya, Moldova və s. siyasi müstəvidə baş verənlərdə günahlandırıldığı vaxtda Rusiyanın özünümüdafiə instinktinin işə düşməsi bəraətli olmasa da, başa düşüləndir. Ancaq onu da yadda saxlamaq lazımdır ki, bu kimi "sürpriz" görüntülü, qisas mahiyyətli müqavimət tədbirlərinin olacağı gələcəkdə də istisna olunmamalıdır". Əli Əliyev hesab edir ki, Türkiyə-Qərb münasibətlərinin yenidən mülayimləşməsi, bunun əksinə Ankara ilə Moskva arasında sərinliyin yaranma mümkünlüyü yaşadığımız coğrafiyaya, eləcə də Azərbaycana müəyyən mənada təsir göstərəcək:" Maraqlısı belə proseslərin baş tutacağı təqdirdə Azərbaycanın vəziyyətidir. Türkiyənin Qərblə yaxınlaşacağı təqdirdə Rusiya-İran tandeminin təzyiqinin artacağı qaçılmaz olacaq. Hətta Azərbaycandan mövqe də tələb edilə bilər".

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR