Ermənistan: 2 aprel parlament seçkiləri nə vəd edir?

Yeni Ermənistan konstitusiyasına əsasən, aprelin 2-də keçiriləcəyi gözlənilən parlament seçkilərindən sonra ölkənin yarımprezident idarəetmə üsulunun əvəzinə parlament idarəetmə sisteminin tətbiq ediləcəyi nəzərdə tutulur. Eyni zamanda yeni konstitusiyanın bir sıra müddəaları 2018-ci il aprel ayından sonra, Serj Sarkisyanın son prezidentlik müddəti başa çatdıqdan sonra tətbiq edilməyə başlayacaq.

Yeni Konstitusiya üzrə prezident dövlət başçısı hesab edilir, lakin konstitusiya həyata keçirildikcə, 101 üzvdən ibarət Milli Məclis ölkənin əsas hakimiyyət orqanına çevriləcək.
Ölkə prezidenti ümumxalq seçkiləri vasitəsilə deyil, Milli Məclis tərəfindən seçilir.
Bəzi yerli təhlilçilər yeni Konstitusiya üzrə parlament çoxluğu tərəfindən formalaşdırılan nazirlər kabinetinin rəhbəri - baş nazirin də siyasi rolunun xeyli artacağını qeyd edirlər.

Seçki məcəlləsi də bu yeniliklərə uyğunlaşdırılaraq, radikal şəkildə dəyişib.
Yeni Seçki Məcəlləsinə əsasən, ölkədə 41 seçki dairəsi əvəzinə 13 seçki dairəsi fəaliyyət göstərəcək - dördü paytaxt İrəvanda, doqquzu - rayonlarda.

Parlament seçkilərində namizədliyini kim irəli sürə bilər?

Parlament üzvlüyünə namizədlər partiya və partiya blokları tərəfindən irəli sürülə bilər. Namizəd yalnız bir partiya siyahısı üzrə irəli sürülə bilər, partiya bloku isə azı iki partiyadan təşkil olunmalıdır.
Birgə bloka daxil edilmiş partiyalar seçkilərdə tək iştirak edə bilməz.

Seçki siyahıları necə tərtib olunur?

Partiya (və ya partiya blokları) Mərkəzi Seçki Komissiyasına iki hissədən ibarət ümumdövlət siyahı və, bundan başqa, seçki dairələrinin hər biri üzrə ayrıca ərazi siyahısını təqdim edir.

Blokun ümumdövlət siyahısı bloka daxil olan partiyalar tərəfindən təqdim edilən siyahılar əsasında tərtib edilir. Siyahıya, namizədlərin ümumi sayının 30 faizindən artıq olmayaraq, bitərəf, yəni partiya üzvü olmayan, namizədlər də daxil edilə bilərlər.
Yeni Seçki Məcəlləsi üzrə siyahılara mütləq qadın namizədlərin daxil edilməsi nəzərdə tutulur.
Partiya siyahılarının dörd bölmədən ibarət ikinci hissəsi ölkədə yaşayan sayca daha çox olan milli azlıqlar üçün nəzərdə tutulur.

Yeni parlamentin əvvəlkindən əsas fərqi

Seçkilərdə iştirak edən qüvvələr arasında səslərin bölünməsindən asılı olaraq, yeni Milli Məclis üzvlərinin sayı 101 nəfərlə məhdudlaşa bilər. Mövcud parlamentdə millət vəkillərinin sayı 131 nəfərdir.
Seçki Məcəlləsi əsasən nəzərdə tutulan qayda üzrə, yeni parlamentdə milli azlıq nümayəndələri üçün yerlər ayrılır.
Yeni parlamentdə seçkilərin yekunları yaxud siyasi koalisiya təşkil etmək vasitəsilə mütləq "sabit parlament çoxluğu" təşkil olunmalıdır.

Bu o deməkdir ki, seçkilərdə iştirak edən hər hansı siyasi partiya və ya partiya bloku seçkilərin birinci turunda qələbə üçün kifayət sayda (54 faiz) səs qazanmasa, səsvermədən sonra 6 gün ərzində, üç partiyadan artıq olmayaraq, siyasi koalisiya təşkil edilməlidir. Koalisiya üzvlərinin birgə topladığı səslərin sayı 54 faizdən aşağı olmamalı və koalisiya üzvləri gələcək hökumətdə baş nazirin namizədliyi üzrə ümumi razılığa gəlməlidirlər. Əks halda birinci turda daha çox səs qazanmış iki partiya, yaxud iki blokun iştirakı ilə seçkilərin ikinci turu keçirilə bilər.

Əslində, Ermənistanda süni şəkildə ikipartiyalı sistem yaradılır.
Yeni Konstitusiyanın tənqidçiləri, o cümlədən, sabiq prezident Robert Koçaryan bunu Ermənistanda birpartiyalı diktatura yaratmaq və partiya lideri üçün, Sovet İttifaqı Kommunist Partiyası baş katibi kimi, ömürlük vəzifə təmin etmək cəhdi hesab edirlər. Bir halda ki, partiya öz lideri ilə hər 5 ildən bir Milli Məclisin fəaliyyət müddəti başa çatdıqdan sonra yenidən parlament seçkilərində iştirak edə bilər.

Ordu kimə tabedir?

Yeni idarəetmə sistemi üzrə, ölkə prezidenti, əslində, baş ali komandan vəzifəsindən məhrum olur. Müharibə şəraitində isə bu vəzifəni baş nazir icra etməlidir.
Silahlı Qüvvələri Hökumətə tabedir və Hökumətin qərarı ilə hərəkətə gətirilir. Təxirəsalınmaz hallarda isə, baş nazir müdafiə nazirinin təklifi ilə qərar qəbul edir və dərhal Hökumət üzvlərinə məlumat verir.
Təhlükəsizlik Şurası tərəfindən müdafiə sahəsində müəyyən edilən əsas siyasi istiqamətlərin həyata keçirilməsi Müdafiə nazirinin vəzifəsidir.

Silahlı Qüvvələrdə ən yüksək vəzifəli hərbi qulluqçu baş nazirin təklifi ilə respublika prezidenti tərəfindən təyin edilən baş qərargah rəisidir.
Qeyri-müharibə şəraitində baş qərargah rəisi baş nazirə tabedir, müharibə zamanı Silahlı Qüvvələrə ali baş komandanı qismində baş nazir rəhbərlik edir.
Silahlı Qüvvələrə dair ölkə prezidentinin səlahiyyətləri baş nazirin təklifi ilə yüksək ali komanda heyətini vəzifəyə təyin və azad etmək, yüksək rütbələr təqdim etməklə bağlıdır.

Ölkə prezidentini kim seçir?

Yeni konstitusiyaya əsasən, müstəqil prezident seçkiləri ləğv edilir. Ölkə prezidenti 7 il müddətinə Milli Məclis üzvləri tərəfindən seçilir.
Prezident ölkə başçısı hesab edilir.
Prezident vəzifəsinə son 6 il ərzində daimi Ermənistanda yaşayan, yalnız Ermənistan Respublikası vətəndaşı olan, seçki hüququna malik, erməni dilini bilən, qırx yaşı bitmiş şəxs seçilə bilər.
Eyni şəxs bir dəfədən artıq ölkə prezidenti seçilə bilməz və prezident səlahiyyətlərini yerinə yetirdiyi dövrdə heç bir siyasi partiya üzvü ola bilməz. Bu barədə Milli.az BBC-yə istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR