ABŞ-dan “son dərəcə təhlükəli” addım: dünya üzrə korrupsionerlər rahat yata bilər?

ABŞ Konqresinin hər iki palatası indiyədək dünya boyu korrupsionerlərin və kleptokratların qorxulu röyasına çevrilmiş "Xarici Korrupsiya Aktı"nın tətbiq dairəsini məhdudlaşdırmağa hazırlaşır. Və bu, Donald Trampın prezidentliyə başlamasından cəmi 4 həftə sonra baş verir. Konqresin hər iki palatasında çoxluq respublikaçıların nəzarətindədir.

"The Guardian" yazır ki, Amerika 1978-ci ildə Xarici Korrupsiya Aktı haqqında qanunu qəbul etdikdən sonra daim beynəlxalq korrupsiyaya qarşı mübarizənin önündə olub. Sözü gedən qanunda söhbət müxtəlif şirkətlərin sərfəli kontraktlar üçün xarici hökumətlərə rüşvət verməsinin qarşısının alınmasından gedir. Bu qanunun qəbul edilməsində ABŞ özü üçün böyük fayda görürdü, çünki öz şirkətlərinin rüşvətsiz də kontraktlar əldə edə biləcəyinə əmin idi.

Buna baxmayaraq bir çox başqa ölkə şirkətləri xarici hökumətlərə və korrupsioner məmurlara rüşvət verməklə ABŞ şirkətlərini qapı arxasında qoyurdu. "The Guardian" yazır ki, məhz bu səbəbdən də "əliqamçılı beynəlxalq şerif kimi at belində başqa rüşvətxorları cəzalandırmaq" Amerikanın ürəyincə idi.

Lakin bu, yalnız indiyədək belə idi. İndi Donald Trampın prezidentliyinin 4-cü həftəsində, rüşvətə və korrupsiyaya qarşı beynəlxalq mübarizənin 40 ilindən sonra, dünya boyunca büdcə oğrularının və kleptokratların üzü gülə bilər.

Nə baş verib? Məsələ burasındadır ki, Konqresin hər iki palatası ABŞ-ın neft-qaz və digər mədən şirkətlərini öz gəlirlərini, lisenziyalarını və xarici hökumətlərə verdikləri pulları açıqlamağa məcbur edən qanunu "daraltmaq" niyyətindədir.

Bu qanun vaxtilə demokrat Senator Ben Kardin və respublikaçı senator Richard Lugar tərəfindən 2010-cu il tarixli Dodd-Frank qanuna düzəliş şəklində qəbul edilmişdi. Dodd-Frank qanunu yalnız Wall Street-ə şamil edilirdi. Kardin-Lugar qanunu Amerikanın maliyyə gözətçisi olan Qiymətli Kağızlar və Birja Komissiyasına mədən şirkətlərinin işinin şəffaflaşdırılması üçün müstəsna hüquqlar verir.

Təbiidir ki, böyük neft şirkətləri maliyyə sirlərini çox da böyük həvəslə bölüşmürlər. Amerika neft şirkətlərinin lobbiçisi American Petroleum Institute (APİ) ABŞ-dakı lobbiçi qrupları arasında ən yaxşı maliyyələşdirilən təşkilatdır. Bu təşkilat daim Kardin-Lugar qanunun əleyhinə çıxırdı. Bu məsələni məhkəmədən-məhkəməyə sürüməklə APİ 2019-cu ildə tam qüvvəsi ilə işə düşəcək Kardin-Lugar qanununu sıradan çıxarmaq istəyir. APİ-nin əsas strategiyası qanunun tətbiqini ləngitmək və "daha yaxşı" vaxtların gəlməsini gözləmək idi.

"The Guardian" yazır ki, ola bilsin, Donald Trampın prezident olması, üstəlik keçmiş Exxon-Mobil şirkəti başçısı Rex Tillersonun dövlət katibi təyin edilməsi məhz APİ-nin gözlədiyi "yaxşı məqamdır". Tillerson APİ-nin ən hörmətli üzvlərindən biridir. Lobbiçilər iddia edirlər ki, Kardin-Lugar qanunu ABŞ şirkətlərinin işinə əngəl törədərək başqa ölkələrin şirkətlərinə yol açır. Bundan çıxış edən Konqres indi Qiymətli Kağızlar və Birja Komissiyasına "qanunun Amerikaya daha sərfəli variantını" işləməyi tapşırıb.

"The Guardian" yazır ki, bu, əslində həqiqəti başayaq etmək tapşırığıdır. Məqalədə deyilir ki, korrupsiya bəladır və o, neft şirkətləri də daxil hamı üçün təhlükə təşkil edir. Korrupsiya qlobal olaraq hər il ÜDM-in 5 faizini "yeyir". Bu isə hər il 2, 6 trilyon dollar deməkdir. Korrupsiya xüsusilə də mədən sənayesində yüksək həddə çatıb. Təkcə 2012-ci ildə inkişaf etməkdə olan ölkələrdə rüşvət pulları 500 milyard dolları keçib. Bu, inkişaf etməkdə olan ölkələrə göstərilən maliyyə yardımından 3, 7 dəfə çoxdur.

Antikorrupsiya kampaniyaçıları ABŞ Konqresinin təşəbbüsünü son dərəcə təhlükəli hesab edirlər. "The Guardian" yazır ki, indiyədək ABŞ antikorrupsiya qanunları Avropa və başqa yerlərdəki şirkətlərə də göz dağı və xəbərdarlıq idi. Bundan başqa Avropa ölkələri ABŞ-a baxaraq daha sərt antikorrupsiya qanunları qəbul edirdilər.

"Amma indi ABŞ siqnal verir ki, daha az şəffaf və korrupsiya ilə mübarizədə daha az sərt olacaq" - "TheGuardian" yazr. Məqalədə deyilir ki, Kardin-Lugar qanunu rüşvətin kökünü kəsmirdi, amma heç olmasa onu alanların və verənlərin ürəyinə xof salırdı. (BBC-nin xülasəsi əsasında)

Virtualaz.org

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR