Rəsulullahın(s) möcüzələri haqqında- BU YAZI COX MƏTLƏBLƏRƏ AYDINLIQ GƏTİRƏCƏK

Tərcümə edəni Elmira Qafarova

Oxuculara təqdim olunan bu yazı "Məvahibu-l-ləduniyyə"-("İlahi rəhmət") əsərindəndir. Əsərin müəllifi Əbdülabbas Şihəbuddin Əhməd İbn Muhəmməd Əl Qəstəlanidir(h.t 851-923;miladi 1473-1545). 

Əvvəli 6 iyul tarixli sayımızda 

Yağış duası

İmam Buxari və Müslim Ənəs bin Malikin bunu danışdığını qələmə alıblar: "Peyğəmbərin(s)zamanında quraqlıq ucbatından bir il qıtlıq oldu. Cümə günlərinin birində Allahın Elçisi(s)xütbə oxuyarkən bir bədəvi ərəb ayağa qalxıb: "Ya Rəsulullah, heyvanlarımız susuzluqdan tələf olur, külfətimiz acından ölür. Allah-Təalaya dua et, yağış yağdırsın!"-dedikdə Peyğəmbər(s) mübarək əllərini göyə qaldırıb dua etməyə başladı. Allaha and olsun,bir müddətdən sonra göy üzündə bulud olmasa da yağış yağmağa başladı. Səmanı buludlar tam alana qədər Peyğəmbər(s)əllərini aşağı salmadı, minbərdən düşmədi. Onun mübarək saqqalından mirvari dənələri tək yaş axdığını gördüm. Bir azdan yağış gücləndi və növbəti cümə gününə qədər davam etdi... Yenə xütbə zamanı həmin bədəvi ərəb ayağa qalxıb: "Ya Rəsulullah, evlərimiz su altında qalıb, mal-qaramız tələf olur, Allah-Təalaya dua et, yağışı kəssin!"-dedikdə Peyğəmbər(s)yenə mübarək əllərini yuxarı qaldırdı və: "Ya Rəbbim, yağışı evlərin üzərinə deyil, əkin-biçinə, bağ-bağçalara yağdır!"-deyə dua etdi.  Bir azdan Allah-Təala buludları Peyğəmbərin(s) dediyi yerlərə yönəltdi. Buludlar Mədinə səmasını halqa kimi dövrəyə aldı. Yağış düz bir ay sərasər yağdı. Uzaq yerlərdən Mədinəyə gələnlərin hamısı bu yağışdan bəhs edirdilər".

Bir rəvayətə görə Peyğəmbər(s)belə dua etmişdi: "Ya Rəbbim,yağışı üzərimizə deyil, ətrafımızdakı dağlara,dərələrə və vadilərə yağdır!" Peyğəmbər(s) insanlar və ev heyvanları ziyan çəkməsinlər deyə bu duanı etmişdi.

Abdullah bin Abbas belə nəql edir: "Bir gün mən: "Ya Ömər, çox çətin günlər keçirmisiniz. Onlardan bəhs edərsinizmi?"-dedim. Ömər dedi: "Təbuk yürüşünə yollanmışdıq. Şiddətli isti vardı. Uzun müddət yol getdikdən sonra düşərgə saldıq. Susuzluqdan dilimiz-ağzımız qurumuş, əldən düşmüşdük. Bəziləri naəlac qalıb dəvələrini kəsib bağırsaqlarındakı suyun bir qədərini içir, qalanını bədənlərinə sürtürdülər. İnsanların əziyyət çəkdiyini görən Əbu Bəkr: "Ya Rəsulullah, bəlkə yağış yağdırması üçün Allaha dua edəsən!?"- dedi. Peyğəmbər(s) dərhal əllərini göyə qaldırıb dua etməyə başladı. Yağış yağana qədər Allahın Elçisi(s)əllərini  aşağı endirmədi.Güclü yağış yağmağa başladı, müsəlmanlar qablarını doldurdular, həm özləri, həm də heyvanları doyunca su içdilər. Sonra ordu yoluna davam etdi və düşərgə saldığı yerdən uzaqlaşdı.Biz başqa yerlərdə yağışın yağmadığının və insanların  quraqlıqdan əziyyət çəkdiyinin şahidi olduq".

Bu hədisi bir çox alimlər,o cümlədən İbn İshaq qələmə alıb. Qazi İyyaz da özünün "Şifa"əsərində  bu haqda bəhs edir.

Peyğəmbərin(s) duası ilə yeməyin bərəkətlənməsi

Peyğəmbərin(s)möcüzələrindən biri də duası ilə yeməyin bərəkətlənməsidir.

İmam Buxari və İmam Müslim Cabirin belə nəql etdiyini yazırlar: "Xəndək müharibəsi zamanı Cabir zövcəsinə: "Peyğəmbərimiz aclıqdan taqətdən düşüb, yeməyə bir şey hazırlaya bilərsənmi?-dedikdə, zövcəsi: "Hazırlayaram"-deyib evdə olan arpanı əl dəyirmanında üyüdüb xəmir yoğurdu, sonra bir quzu kəsib ətini bişirməyə başladı. Yemək hazır olanda Cabir Peyğəmbərin(s)yanına gəlib: "Ya Rəsulullah,yemək hazırlatmışam,münasib bildiyin bir neçə səhabə ilə evimizə buyura bilərsiniz"-dedi.Allahın Elçisi(s): "Ya Cabir,mən gələnə qədər yeməyi ocaqdan götürməyin, çörəyi təndirə salmayın!"-deyə buyurdu. Sonra o, ətrafa boylanıb: "Ey camaat, işinizi dayandırın, Cabirin evinə yemək yeməyə gedirik!"-deyə uca səslə çağırdı. Minə yaxın adam toplaşdı. Hamı Peyğəmbərlə(s)birlikdə Cabirin evinə gəldi. İlk olaraq Allahın Elçisi(s)içəri keçdi və ocaq üstə qaynayan qazanın içinə və yoğrulmuş xəmirin üstünə dua edib tüpürdü.Sonra xəmirdən çörək bişirildi. Peyğəmbər(s)hər kəsə  pay çəkib yeməyi buyurdu".

Cabir soyləyirdi ki, gələnlərin hamısı doyunca yemək yedikdən sonra iş başına qayıtdılar. İçi yeməklə dolu olan qazan isə hələ də ocağın üstündə idi,sanki ona əl dəyməmişdi, xəmir də xeyli adamın yeyib doymasına baxmayaraq əvvəlki həcmdə qalmışdı"

Peyğəmbərin(s)duası ilə yeməyin bərəkətlənməsi haqqında bir hədisi də Ənəs bin Malik danışıb: "Bir gün atam Əbu Təlhə anama dedi: "Ey Ümm Süleym, Peyğəmbərin asta danışmasından onun ac olduğunu hiss edirəm.Yeməyə bir şey hazırlaya bilərsənmi?"-dedikdə anam: "İndi!"-deyib bir-iki çörək çıxardı, onları bir parçaya büküb mənə verdi və Peyğəmbərə çatdırmağı buyurdu.Mən Peyğəmbərin yanına gələndə orada xeyli adam vardı. Allahın Elçisi(s)məni görüb: "Çörəyi Əbu Təlhə göndərib?"-deyə soruşdu."Bəli"-dedim. Peyğəmbər(s)yanındakılara: "Qalxın gedək!"-deyə buyurub hamı ilə bərabər Əbu Təlhənin evinə yollandı. Mən hamıdan əvvəl gəlib atama Peyğəmbərin təşrifini xəbər verdim. Əbu Təlhə anama: "Ey Ümm Süleym, Peyğəmbərimiz(s)bizə gəlir, yeməyə də heç bir şey yoxdur,nə edək?"-dedikdə anam: "Allah da, Onun Peyğəmbəri də vəziyyətimizi bilirlər"-deyə cavab verdi. Sonra atam çıxıb Peyğəmbəri(s) qarşıladı, anama isə: "Ya Ümm Süleym,yeməyə nə varsa gətir!"-dedi.Anam az öncə Peyğəmbərə(s) göndərdiyi çörəkləri süfrəyə gətirdi. Peyğəmbər(s)çörəkləri kəsdi, anam isə tulumda qalmış cüzi miqdarda yağı bir nimçəyə çəkib süfrəyə qoydu. Allahın Elçisi(s)yeməyə başlamazdan əvvəl onun bərəkətlənməsi üçün Allah-Təalaya dua etməyə başladı. Peyğəmbərlə(s)birlikdə gələn adamlar həyətdə gözləyirdilər. Duanı bitirdikdən sonra Allahın Elçisi(s): "Mənimlə gələnlərdən on nəfərini içəri dəvət edin!"-deyə buyurdu. On nəfər içəri keçib doyunca yeyib-içdikdən sonra həyətə çıxdılar. Beləcə, növbə ilə on nəfər içəri keçir, doyunca yeyib-içir, çıxıb gedirdilər. Həmin günü düz səksən nəfər doyunca yemək yedi".

Bir rəvayətə görə, Peyğəmbər(s)gəldiyi zaman Əbu Təlhə ona: "Ya Rəsulullah, yeməyimiz az olduğundan Ənəsdən yalnız sizi dəvət etməsini xahiş etmişdim, gələnlərin hamısına verəcək yeməyimiz yoxdur!?"-dedi.Allahın Elçisi(s):

-"Həqiqətən də Allah-Təala yeməyinizə bərəkət ehsan edib onu artıracaqdır"-cavabını verdi.

Peyğəmbərin(s)səhabələri on-on çağırmasının səbəbi yeməyin yalnız bir boşqabda olması idi. Sıxlıq və narahatlıq olmasın deyə Peyğəmbər(s)bu cür etmişdi.

İmam Müslimin dediyinə görə, səhabələr içəri on-on girdikcə Peyğəmbər(s)onlara: "Yeməyə başlamazdan əvvəl mütləq "bismilləh" deyin!"-buyururdu. Onlar da "bismilləh"-deyib yeməyə başlayırdılar. Beləcə, səksən nəfər doyunca yemək yedi. Ən sonda Allahın Elçisi(s)evin sahibləri ilə bərabər yemək yedi. Hələ bundan sonra da xeyli yemək qalmışdı. Mübarək bin Füzalənin dediyinə görə, Allahın Elçisi(s) Əbu Təlhəyə:

-Yağınız varmı?-deyə soruşduqda Əbu Təlhə:

-Tulumda bir az var-deyib tuluğu  süfrəyə gətirdi.Tuluğu sıxıb çox az miqdarda yağ çıxardılar.Rəsulullah:"Bismilləh"-deyib yağı çörəyin üzərinə sürtdükcə həm çörək, həm də qabdakı yağ artırdı.

Nədr bin Ənəs atasının belə soylədiyini danışıb: "Yağ tuluğunu  gətirib Peyğəmbərin(s)qarşısına qoydum. Peyğəmbər(s)onun bağını açıb: "Bismilləh, ey Allahım, bu yağın bərəkətini artır"-deyə dua etdi. Bu haqda bir çox hədis var. Hamısının da məğzi eynidir.Yəni Rəsulullahın(s)dua etməsi ilə az miqdarda olan yeməyin bərəkətlənməsi və xeyli adamın doyması haqqındadır.

Bu hədisi isə Əbu Hüreyrə danışıb: "Təbuk yürüşü zamanı əsgərlər acmışdı. Ömər:

-Ya Rəsulullah, səhabələri  çağır, qoy hər kəs özündə olan azuqəni bir yerə toplasın, siz də o azuqənin üzərinə bərəkətli duanızı edin"-deyə xahiş etdi. Allahın Elçisi(s) Ömərə:

-Otur!-deyə buyurdu və yerə bir süfrə salınmasını əmr etdi. Hər kəs özündə olan azuqəni gətirib süfrəyə qoydu. Toplanmış azuqənin üzərinə Allahın Elçisi(s): "Ya Rəbbim, bu azuqəyə bərəkət ehsan et!"-deyə dua etdi, sonra da mübarək üzünü müsəlmanlara tutub: "Yaxın gəlin, hər kəs qabına yemək qoysun!"-deyə buyurdu. Camaat yeməkdən götürüb qablarına çəkdi, yemək götürməyən bir nəfər belə qalmadı. Hamı doyub çəkildikdən sonra da süfrədə xeyli yemək qalmışdı. Bu açıq möcüzə qarşısında Peyğəmbər(s)Allah-Təalanın tək olduğuna və Onun tərəfindən göndərildiyinə şəhadət etdikdən sonra: "Bu şəhadətlə Allahın hüzuruna gedən qulun(bəndənin)Cənnətə girəcəyindən qəti şübhəsi olmasın!"-deyə buyurdu. Bu hədisi İmam Müslim rəvayət edib.

İmam Buxari və Müslim Ənəs bin Malikin belə danışdığını söyləyirlər: "Peyğəmbərin xanımı, möminlərin anası Zeynəbin toy günü anam Ümm Süleym xurma, yağ və un qarışığından yemək bişirib boşqaba qoydu və: "Ey Ənəs, bu yeməyi aparıb Peyğəmbərə verərsən, məndən də  salam söyləyərsən"-dedi. Mən Peyğəmbərin yanına gəlib salam verdim. Yemək olan qabı ona uzadarkən o mənə: "Ya Ənəs, əlindəki qabı yerə qoy və gedib filankəsləri,eləcə də yolda qarşına çıxacaq hər kəsi bura çağır!"-deyə buyurdu. Mən Peyğəmbərin(s)adlarını sadaladığı adamları və yolda qarşıma çıxan kəslərin hamısını çağırdım. Geri döndükdə xeyli adamın toplaşdığını gördüm. Bəziləri məndən: "Ya Ənəs, həmin günü nə qədər adam toplaşmışdı?-deyə soruşduqda, mən:

-Təqribən üç yüz nəfər-deyə cavab verirdim. Peyğəmbərin(s)mübarək əlini gətirdiyim yeməyin üstünə qoyduğunu və yeməyin bərəkəti üçün Allah-Təalanın dilədiyi sözlərlə dua etdiyini gördüm. Daha sonra o, səhabələri on-on süfrəyə dəvət edib: "Yeməyə "bismilləh"lə başlayın, hər kəs önündən yesin!"-deyə buyururdu.

Ənəs sözünə davam edir: "Hamı doyunca yemək yedi. Sonra Peyğəmbər(s) mənə: "Boşqabını götür!"-deyə buyurdu. Mən yemək olan boşqabımı süfrədən götürdüm. Çoxlu insanın yeyib doymasına baxmayaraq qabda hələ də xeyli yemək qalmışdı".

Imam Müslim Cabirin belə söylədiyini yazır: "Bir gün Peyğəmbərdən (s)yemək istəmək üçün yanına bir nəfər gəldi. Peyğəmbər(s)ona bir az arpa verdi.Həmin adam, zövcəsi və onların qonağı bir müddət həmin arpadan bişirilmiş çörəklə dolandılar. Bir gün həmin adam(arpanın bitmədiyindən təəccüb edərək)onun çəkisini öyrənmək üçün tərəzidə çəkdi-bundan sonra arpa qurtardı.O, vəziyyəti Rəsulullaha(s)bildirdi. Peyğəmbər(s): "Əgər arpanı çəkməsəydin, ömrünün sonuna qədər qurtarmayacaqdı"-deyə söylədi.

Müslim Cabirin belə söylədiyini qələmə alıb: "Ümm Malik bir tulumdan Peyğəmbərə(s) bir az yağ pay verdi. Övladları ondan yavanlıq istədikdə başqa bir şey tapa bilmədiklərinə görə daim o tuluğdan yağ götürüb yeyərdilər. Bir gün Ümm Malik tuluğu sıxdıqda yağın qurtardığını gördü və gedib vəziyyəti Peyğəmbərə(s)danışdı. Allahın Elçisi(s): "Tuluğu sıxmısanmı?-deyə soruşdu. Ümm Malik cavab verdi: "Bəli sıxmışam". Peyğəmbər: "Əgər sıxmasaydın, yağ qurtarmayacaqdı"-deyə buyurdu.

İmam Nəvəvinin dediyinə görə, arpanı ölçmək, tuluğu da sıxmaqla qurtarmasının hikməti odur ki, Allah-Təalanın rəhmətinə şübhə etmək olmaz. Əslində isə Allaha verdiyi və artırdığı bərəkətə görə təvəkkül edilməliydi. Allahın əsrar (gizliliklər)dolu hökmünü  anlamaq lazım idi.

Peyğəmbərlə(s) bərabər yüzlərlə səhabənin on-on gəlib bir boşqabdan yemək yeyib doyması, yeməyin azalmaq əvəzinə get-gedə daha da artması haqqında bir-birindən fərqli hədislər rəvayət olunub.

Hədis alimlərindən İbn Əbu Şeybə,Təbərani və Əbu Nüeym Əbu Hüreyrənin belə danışdığını yazırlar: "Peyğəmbər(s) bir gün mənə Süffə əhlini yanına çağırmağı buyurdu. Mən də çağırdım. Hamı toplaşdıqda  yerə süfrə sərildi və önümüzə bir boşqab yemək qoyuldu. Hamımız doyunca yesək də boşqabdakı yeməyə sanki əl vurulmamış, olduğu kimi qalmışdı".

"Şifa" əsərində Əlinin(ə)bunu danışdığı yazılıb: "Bir gün Peyğəmbər(s)Əbdülmüttəlibin övladlarını yanına dəvət etdi.Qırx nəfər toplaşdı. Bunların doyunca yedirib-içirilməsinə bir kiçik dəvə və yüz iyirmi parç su tələb olunurdu. Peyğəmbərin(s)göstərişi ilə onların qarşısına  bir boşqab yeməklə bir dolça su qoyuldu. Hamı doyunca yemək yedikdən sonra süfrədən qalxdı-yeməklə suya isə sanki əl dəyilməmişdi. Düzünü Allah bilir.

                     Peyğəmbərin(s)ölüləri diriltməsi

Peyğəmbərin(s)möcüzələrindən biri də ölüləri dirildib onlarla söhbət etməsi,eləcə də körpə uşaqların onun nübuvvətinə şəhadət etmələridir. Buna aid çoxlu hədis mövcuddur.

İmam Beyhəqi özünün "Dələilu-n-nübuvvati"əsərində belə yazır: "Allahın Elçisi(s)bir nəfərə islamı qəbul etməyi təklif etdi. O isə: "Mənim ölmüş qızımı diriltməsən sənə inanmayacağam"-dedi.Rəsulullah(s):

"Mənə qızının məzarını göstər"-deyə buyurdu. Peyğəmbər(s)qızı adı ilə çağırdı.Qız məzardan: "Buyur, ya Rəsulullah"-dedi. Peyğəmbər(s):

"Dünyaya gəlməkdən sevinərsənmi?"Qız:

- Xeyr, ya Rəsulullah,həqiqətən də mən Allah-Təalanı anamdan da, atamdan da üstün gördüm, axirət isə mənə dünyadan daha xeyirlidir"-dedi."

İmam Təbərani Aişənin belə söylədiyini yazır: "Bir gün Allahın Elçisi(s)üzgün halda Hacun qəbiristanlığına getdi.Orada bir müddət qaldıqdan sonra sevincli halda geri qayıtdı və: "Rəbbimdən dilədim və O anamı diriltdi, mənə iman etdikdən sonra isə təkrar əvvəlki  halına döndərdi"-dedi".

İbn Ədiyy,İbn Əbi Dünya, Beyhəqi və Əbu Nüeym Ənəs bin Malikin bunu danışdığını yazırlar:"Bir gənc ənsar vəfat etmişdi. Ənsarın kor anasına başsağlığı verib: "Allah rəhmət eləsin"-dedik.O isə:"Oğlum öldümü?"-deyə soruşdu. "Bəli"-dedik.Bunu eşitcək ana əllərini göyə qaldırıb: "Ya Rəbbim, əgər müsibət və bəlada mənə yardımçı olmaq xahişi ilə Həzrətinə və Peyğəmbərinə inandığımı bilirsənsə bu bəla və müsibəti mənə yükləmə"-deyə dua etdi. Biz qadından hələ ayrılmamışdıq ki, gəncin dirildiyini və üzərindəki örtüyü qaldırıb atdığının şahidi olduq. Sonra gənc yemək istədi və biz də onunla bərabər yemək yedik".

Nüman bin Bişr isə belə nəql edir: "Zeyd bin Harisə ənsarların başçılarından idi. Bir gün o Mədinədə yol gedərkən qəflətən yıxılıb öldü. Ənsarlara xəbər göndərdim, onlar gəlib Zeydi evinə apardılar və üzünü örtdülər. Evə toplaşmış qadın və kişilər ağlayırdılar. Xeyli müddət keçdi.Camaat üstü örtülü vəziyyətdə olan cənazənin ətrafına toplaşıb ağlayırdı. Axşamçağı idi.Birdən: "Susun, qulaq asıb dinləyin"-deyə bir səs eşidildi. Hamı susdu. Səs cənazənin örtüyünün altından gəlirdi. Dərhal onun üzünü açdılar. Ənsarların başçısının diliylə danışan bir səs gəlirdi: "Muhəmməd Rasulullah ən-nəbiyyi-l-ummi xatəmə-n-nəbiyyin lə nəbiyyə bədəhu kənə zəlikə fil-kitəbi-l-avval"-"Muhəmməd Allahın Elçisidir, ümmidir(yazıb-oxumağı bilmir), sonuncu peyğəmbərdir, ondan sonra peyğəmbər gəlməyəcək, ilk kitabda belə yazılıbdır". Sonra "doğrudur", "doğrudur"-dedi. Sonra isə:  "Həzə Rasulullah,əs-sələmu aleykə, ya Rasulullah va rahmətullahi və bərəkətuhu"-söylədi.

Bu hadisəni Əbu Bəkr bin Əbi-d-Dunya belə qələmə alıb. Lakin onun rəvayətində meyidin dilindən bu sözlərin eşidildiyi qeyd edilir, onun dirildiyinə dair bir söz deyilmir.

Əbu Bəkr bin Dəhhaq  Səid bin Müseyyibin belə danışdığını yazır: "Ənsarlardan bir nəfər vəfat etmişdi. Meyid  yuyulub kəfənləndikdən sonra camaat onu dəfn etmək üçün götürdüyü zaman cənazədən "Muhəmməd Rasulullah"-səsi gəldi. Camaat bu sözləri eşitdi".

Əbu Nüeym belə yazır: "Cabir bir qoyun kəsib bişirdi. Üzərinə tirid deyilən yeməklə birlikdə iri bir qaba qoyub Peyğəmbərə(s)gətirdi. Allahın Elçisi(s)yanındakılara: "Buyurun yeyin,lakin sümüklərini atmayın"-deyə əmr etdi.Yeməkdən sonra Rəsulullah(s)sümükləri bir yerə topladı və mübarək əlini üzərinə qoyub bir neçə söz söylədi.Qoyun dərhal dirildi və qulaqlarını dikib ayaqları üzərinə durdu". Düzünü Allah bilir.

          Körpə uşağın Peyğəmbərlə(s)danışması

Müeyqib Əl-Yəmami nəql edir:"Vida həccini icra etdikdən sonra Məkkədə bir evə gəldim. Orada Peyğəmbəri(s)gördüm və qəribə bir hadisənin şahidi oldum. Yəmaməlilərdən bir nəfər həmin gün anadan olmuş bir körpəni gətirmişdi. Rəsulullah(s)ondan:

- Mən kiməm?-deyə soruşdu.Körpə:

"Sən Allahın Elçisisən!"-deyə cavab verdi.Peyğəmbər(s):

- Doğru söylədin-deyib ona xeyirli dualar etdi.Sonra həmin uşaq böyüdü, həddi-buluğa çatdı,lakin hələ də danışa bilmirdi. Biz bu uşağa "mubaraku-l-Yəmamə"(Yəmamə mübarəki)adı qoymuşduq. Onun gənc yaşına qədər danışa bilməməsinin səbəbi sırf körpə ikən danışmaqla Rəsulullahın(s) bu möcüzəsini bildirmək üçün idi".

İmam Beyhəqi Fəhd bin Atiyyənin belə söylədiyini yazır: "Bir gün Peyğəmbərin(s)yanına danışa bilməyən bir gənci gətirdilər. Rəsulullah(s)ondan:

- Mən kiməm?-deyə soruşdu. Həmin anda gənc dil açıb:

-Sən Allahın Elçisisən"-deyə cavab verdi.

Darimi İbn Abbasın bunu danışdığını yazir: "Bir qadın oğlunu Peyğəmbərin(s) yanına gətirib: "Ya Rəsulullah,bu övladımda dəlilik(tutması) var, ən çox səhərlər və axşamlar, yemək vaxtları baş verir"-dedi. Peyğəmbər(s)mübarək əli ilə gəncin sinəsini sığalladı-bu zaman gənc qusdu,onun içərisindən kiçik bir heyvan ( bizcə bu parazit qurdu olub-tərc.) çıxıb qaçdı".

      Peyğəmbərin(s)duasının bərəkəti ilə xəstələrin sağalması

Rəvayət edilir ki, Ühüd müharibəsində Əbu Qətadə bin Nümanın gözü yaralanıb yerindən çıxmış, bəbəyi yanağına düşmüşdü. Onu Peyğəmbərin(s)yanına gətirdilər.Əbu Qətadə: "Ya Rəsulullah,zövcəmi çox istəyirəm, məni bu vəziyyətdə görüb iyrənəcəyindən qorxuram"-dedi. Allahın Elçisi(s)mübarək əliylə onun gözünü qaytarıb yerinə qoydu və: "Ya Rəbbim, bu gözə sağlıq və gözəllik ver!"-deyə dua etdi. Əbu Qətadənin həmin gözü o birisindən daha gözəl və sağlam oldu. O biri gözü ağrıyanda bu biri heç ağrımazdı.

Əbu Qətadənin nəvələrindən biri xəlifə Ömər bin Əbdüləzizin yanına gəlmişdi. Xəlifə ondan:

"Sən kimsən?"-deyə soruşdu. O isə dörd beytlik şeirlə xəlifəyə cavab vermişdir. Həmin şeirin mənası belədir: "Biz yaralanıb gözü yanağına düşən, Peyğəmbərin(s)mübarək əliylə həmin gözü yerinə qoyub sağaldan adamın övladıyıq". Bu şeiri söyləməkdə məqsəd Peyğəmbərin(s)mübarək əlinin dəyməsi ilə şərəflənən atasının gözünü və yanağını tərifləməkdir. Xəlifə şeiri dinlədikdən sonra həmin adama hədiyyələr verdi.

Bəziləri Əbu Qətadənin hər iki gözünün çıxdığını söyləyirlər.

Bir çox məxəzdə Xeybərə yürüş zamanı Peyğəmbərin(s)Əlinin(ə)ağrıyan gözlərinə tüpürüb dua etdikdən sonra dərhal sağaldığı yazılıb.

İmam Təbərani Əlinin (ə)belə söylədiyini yazır: "Peyğəmbər(s)Xeybərdə gözlərimə tüpürüb dua edərək əlimə döyüş bayrağını verdiyindən bəri nə göz, nə də baş ağrısının nə olduğunu bilmirəm".

İmam Müslim İyyaz bin Sələmədən,o da atasından bunu danışıb: "Xeybərə yürüş zamanı Peyğəmbər(s)Əlini(ə)yanına çağırmağa məni göndərmişdi. Mən Əlinin(ə)yanına gəldim. Gözləri bərk ağrıyırdı. Əlindən tutub Peyğəmbərin(s)yanına gətirdim. Allahın Elçisi(s)onun hər iki gözünə tüpürdü. Ağrı dərhal kəsildi."

Hakim Peyğəmbərin(s) Əlinin(ə)gözlərinə tüpürərək sağaltdığı barədə onun özünün danışdığını qələmə alıb: "Peyğəmbər(s)başımı dizləri üstünə qoydu və mübarək əlinin içinə tüpürərək gözlərimi ovuşdurdu. Gözlərimin ağrısı dərhal kəsildi.

İmam Buxari belə yazır: "Xeybər yürüşü zamanı Sələmənin dizi yaralanmışdı.Peyğəmbər(s)dua oxuyub üç dəfə yaranın üzərinə üflədi-yara dərhal sağaldı.

Hədis alimlərindən İbn Əbu Şeybə, Bəğavi, Beyhəqi, Təbərani və Əbu Nüeym yazırlar: "Füdeyk adlı səksən yaşlı bir qoca vardı. Onun gözləri ağrıyırdı, heç görmürdü.Peyğəmbər(s)onun gözlərinə üfürdü. Qocanın gözləri elə yaxşılaşdı ki, o yaşda iynə saplayırdı".

Ardı var

P.S. Oxucuların nəzərinə bu yazı ilə bağlı bir incə məqamı çatdırmaq istəyirik.Ola bilsin ki bu yazıda söhbəti gedən bəzi məsələlər sizdə şübhə yaratsın. Amma diqqətlə gündəlik həyatınızı müşahidə etsəniz görərsiniz ki burda deyilənlər günü bu gün də həyatımızda baş verir. Məsələn bəzi imanlı adamlar evdə hər hansı bir ərzaq qurtaranda "filan şey bərəkət oldu" deyərlər.Bu isə o deməkdir ki Allahın verdiyi nemətlər bitib-tükənməzdir.Sadəcə Allaha da onun bərəkətinə də ürəkdən inanmaq müqəddəs dinimizin qanunlarına əməl etmək lazımdı.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR