Rəsulullahın(s) möcüzələri haqqında- BU YAZI COX MƏTLƏBLƏRƏ AYDINLIQ GƏTİRƏCƏK

Tərcümə edəni Elmira Qafarova

Oxuculara təqdim olunan bu yazı "Məvahibu-l-ləduniyyə"-("İlahi rəhmət") əsərindəndir. Əsərin müəllifi Əbdülabbas Şihəbuddin Əhməd İbn Muhəmməd Əl Qəstəlanidir(h.t 851-923;miladi 1473-1545) 

Əvvəli 15 iyun tarixində

Peyğəmbərin(s)yazıb oxumağı bilməməsi

Peyğəmbərin(s) nübuvvətinin dəlillərindən biri də onun yazıb oxuya bilməməsidir. O, oxuyub yazmağı bacarmayan bir qəbilədə anadan olmuş və [savadsız insanlar] arasında böyümüşdü. "Huva-l-ləzi bəasə fi-l-ummiyyinə rasulən...-Ümmi(əksəriyyəti yazıb oxumağı bilməyən) ərəblərə özlərindən peyğəmbər göndərən Odur. Bu peyğəmbər-əvvəllər haqq yoldan açıq-aşkar azsalar da-onlara Allahın ayələrini oxuyar, onları [günahlardan] təmizləyər, onlara Kitabı və hikməti [Quranı] öyrədər"(Əl-Cumuə;2). Nə onun yaşadığı şəhərdə qədim ümmətlərin tarixini bilən bircə nəfər də olsun alim, nə də özünün başqa ölkələrə getmək, o ölkələrin  alimlərindən dərs almaq imkanı yox idi. Buna baxmayaraq, Muhəmməd(s)  "Tövrat", "İncil"və digər səmavi kitablarda keçmiş ümmətlərin tarixindən bəhs edilən hadisələrdən   xəbərdar idi.

O dövrlərdə [dini] kitablardakı məlumatlar dəyişdirilərək saxtalaşdırılır, insanlara səhv bilgilər verilirdi. Əsl həqiqəti bilənlərin sayı çox az idi. ("Fəveylun lilləzinə yəktubunə-l-kitəbə biəydeyhim... Vay o şəxslərin halına ki, öz əlləri ilə [istədikləri kimi] kitab [Tövrat] yazıb, sonra [onun müqabilində] bir az pul almaqdan ötrü:"Bu Allah tərəfindəndir!"-deyirlər.Öz əlləri ilə [təhrif olunmuş] kitab yazdıqlarına görə vay onların halına! Qazandıqları şey üçün vay onların halına!"(Əl-Bəqərə,79). Bununla belə, Allahın Elçisi(s)hər bir ümmətin tarixi və inancı haqqında elə müfəssəl və doğru məlumatlar  verirdi ki, bütün alimlər bir yerə toplaşsaydılar, onun qədər məlumat verə bilməzdilər. Çünki, Muhəmmədin(s)verdiyi bütün xəbərlər[vəhy yoluyla] Allahdan gəlirdi.

Möcüzələr möcüzəsi- "Qurani-Kərim"

Peyğəmbərin(s) açıq-aydın möcüzələrindən biri də "Qurani-Kərim" - dir. Məşhur şair və ədiblər Quranın bir surəsinin bənzərini yazmaq  üçün dəfələrlə yarışa çağırılsalar da onlar bu işi bacara bilməmiş , onun ecazı qarşısında boyun əymişlər.

Bəzi alimlərin fikrincə, Muhəmmədin(s) ərəblərə  gətirdiyi Quran, İsa(ə)-ın xəstələri sağaltmaq,ölüləri diriltmək möcüzəsindən daha üstündür. Allah-Təala ərəbləri xəstələri sağaltmaq, ölüləri diriltmək elmi ilə deyil,  Quranla  şərəfləndirmək istəmişdi.

Ərəb dilinin ,xüsusilə də Qüreyş qəbiləsinin dilinin zənginliyi şair və ədiblərin fəsahətli və bəlağətli şeir və nitq söyləmələrini mümkün edirdi. Ərəb şairləri bədahətən şeir söyləmək qabiliyyəti ilə digər ümmətlərdən seçilirdilər. Lakin onların Quran dili daşıyıcısı olmasına baxmayaraq ən məşhur şairləri belə Quranın bircə surəsinin bənzərini söyləməkdə aciz qalırdı. Çünki Quran bəşər övladının deyil, Allahın əsəridir. "Kul ləinictəməati-l-insu va-l- cinnu alə ən...- Əgər insanlar və cinlər bir yerə toplaşıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birilərinə kömək etsələr,yenə də ona bənzərini gətirə bilməzlər"("Əl-İsra;88). Bu, Peyğəmbərin(s) risalətinin və nübuvvətinin ən bariz dəlilidir. Bundan daha açıq, daha aydın möcüzə ola bilməz!

Peyğəmbərin(s) bəzi Quran ayələrini ərəb şair və ədiblərə oxuması, onların da bənzərini yaza bilməyəcəklərini etiraf etməsi yazılı mənbələrdə əksini tapır.

Məsələn, "Muhəmməd bin Kəb əl-Qürəzi belə nəql edir:"Qüreyş qəbiləsinin başçılarından olan Ütbə bin Rəbiə Hərami-şərifə, həmtayfasının toplaşdığı yerə gəldi. Allahın Elçisi(s) də bu zaman məsciddə idi. Ütbə bin Rəbiə dedi: "Ey Qüreyş! Bəlkə Muhəmmədin yanına gedib onunla danışım, bəzi seylər təklif edim? Bəlkə onlardan bəzilərini qəbul etdi. Bəlkə onun bəzi istəklərini yerinə yetirsək o bizdən əl çəkəcək?" Qüreyşilər dedilər: "Yaxşı, ey Əbulvəlid,get onunla söhbət et!"

Ütbə bin Rəbiə Allahın Elçisinin(s) yanına gəlib dedi: "Ey qardaş oğlu! Sən tayfan arasında hörmət və şərəf sahibi olduğunu yaxşı bilirsən. Lakin, uydurduğun dinlə qövmünə elə böyük bəla gətirmisən ki, ümməti parçalayıb onun inancını, allahlarını və dinini təhqir etmisən,əcdadlarının yolu ilə gedən insanları kafir adlandırmısan. Qulaq as mənə,ey Muhəmməd! Mənim sənə təkliflərim var, bəlkə onlardan hansınısa qəbul etdin!" Allahın Elçisi(s) cavab verdi: "Dinləyirəm səni, ey Əbulvəlid!". Ütbə bin Rəbiə dedi: "Ey qardaş oğlu! Əgər sən var-dövlət əldə etmək istəyirsənsə, o zaman biz öz sərvətimizdən istədiyin qədərini toplayıb sənə verərik ki, aramızda ən varlı adam olasan. Əgər daha yüksək mövqe tutmaq fikrindəsənsə, hakimiyyət əldə etmək istəyirsənsə, o zaman səni özümüzə başçı seçər və heç bir məsələni sənsiz həll etmərik. Əgər sənin gözünə görünən cindirsə və ondan canını qurtara bilmirsənsə, o zaman biz təbiblərə müraciət edər, bütün var-dövlətimizi sərf edərik ki, bu mərəzdən yaxa qurtarıb sağalasan. Sən canını mütləq ondan qurtarmalı, ona qalib gəlməlisən".

Muhəmməd(s) Ütbəni sona qədər dinlədikdən sonra dedi: "Bismilləhi-r-rahməni-r-rahim!*Ha,mim! [Bu Quran] mərhəmətli, rəhmli olan Allah tərəfindən nazil edilmişdir.*[O,]ərəbcə Quran olaraq[onu] bilən bir qövm üçün ayələri müfəssəl izah edilmiş bir Kitabdır. [Bu Quran]həm [möminlərə Cənnətlə]müjdə verəndir,həm də [kafirləri Cəhənnəm əzabı ilə]qorxudandır.*Onların[Məkkə əhlinin əksəriyyəti[Qurandan]üz döndərib[onu]dinləməz,[Allah kəlamının]müqəddəsliyi,hikməti haqqında düşünməz. [Ey Peyğəmbər!]Onlar deyərlər: "Sənin bizi dəvət etdiyinə[tövhid dininə]qarşı qəlblərimiz örtülü, qulaqlarımız da kardır və bizimlə sənin aranda pərdə vardır. Sən öz dininə əməl et,biz də [öz dinimizə]əməl edək"("Fussilət";1-5). Peyğəmbər (s)səcdə ayəsinə qədər oxudu və səcdə etdi.Sonra üzünü Ütbəyə tutub: "Ey Əbulvəlid! Eşitdinmi? İndi seçimini et!"-deyə söylədi.

Ütbə həmtayfasının yanına qayıtdı. Onlar Ütbəni görüb bir-birilərinə dedilər:"Allaha and olsun,Əbulvəlid sifəti dəyişmiş halda qayıdır!"Ütbə onların yanında oturduqdan sonra soruşdular: "Ey Əbulvəlid,sənə nə olub?"O, cavab verdi:"Nə olacaq?Allaha and olsun,indiyə qədər eşitmədiyim sözlər eşitdim!Vallah,bunlar nə şeir,nə sehr,nə də ki kahin ovsunudur! Ey Qüreyş tayfası!Qulaq asın mənə və inanın! Mən məsləhət edərdim ki,siz o insanın işinə qarışmayasınız.Onu rahat buraxın!Allaha and olsun,ondan eşitdiklərim baş verəcək böyük hadisənin müjdəsidir. O mənə "Bismilləhi-r-rahməni-r-rahim"lə başlanan Quran oxudu,Ad və Səmud tayfalarının başına gələn bəla və müsibətdən bəhs edən bu ayələri söylədi:"[Ya Peyğəmbər!]Əgər[Məkkə müşrikləri sənin bu sözlərindən sonra haqdan, imandan]üz döndərsələr, de ki: "Mən sizi Ad və Səmud ildırımı kimi bir ildırımla[bu tayfaları məhv etmiş vahiməli bir səslə, müdhiş bir əzabla]qorxuduram!"("Fussilət;13). Mən bu sözləri eşitdikdə Muhəmmədə(s): "[Allah xatirinə] bizə o bəlanı gətirmə!"-dedim. Siz də gözəl bilirsiniz ki,Muhəmməd(s) bir şey söylədikdə,o mütləq baş verir, çünki o heç zaman yalan deməz. Qısası, mən sizə əzab gələcəyindən qorxuram. "Bu hadisəni İmam Beyhəqi bildirir.

Yenə Beyhəqi və Müslim Əbu Zərin belə danışdığını yazırlar: "Allaha and olsun,qardaşım Ənəsdən daha qüvvətli şair nə görmüş,nə də eşitmişdim. O, cahiliyyə dövrünün 12 məşhur şairinə qalib gəlmiş, onları diz çökdürmüşdü. Onlardan biri də mən özüməm". Sonra o,qardaşının islamı necə qəbul etməsi haqqında bunları danışdı: "Qardaşım Məkkə şəhərinə gedib mənə Muhəmmədin(s) xəbərini gətirəndə mən ondan:

-Xalq onun haqqında nə danışır?-deyə soruşdum.

O: "Muhəmmədə(s)şair də, sehrbaz da, kahin də deyirlər. Lakin, Allaha and olsun,mən onun sözlərində insanların dediklərini görmədim. Muhəmmədin(s)söylədiklərini müxtəlif şeirlərlə müqayisə etdim,lakin heç birinə bənzədə bilmədim. Bir kimsə Muhəmmədin(s) söylədiklərini şeir adlandıra bilməz. Onun söylədikləri Allah kəlamıdır. Qısası, Muhəmməd(s)haqdır, doğrudur, onlar isə yalançıdırlar"-deyib islamı qəbul etdi.

İkrimə nəql edir:"Fəsahət və bəlağətdə Qüreyş qövmünün ən ünlü şairlərindən Vəlid bin Müğirə bir gün Rəsulullaha(s):"Ya Muhəmməd,mənə bir az Quran oxu, dinləyim-"dedi.Allahın Elçisi(s) bu ayəni oxudu:"İnnə-l-lahə yəmuru bil-adli va-l-ihsəni...- Həqiqətən,Allah[Quranda insanlara]ədalətli olmağı,yaxşılıq etməyi, qohumlara[haqqını] verməyi, kasıb qohum- əqrəbaya əl tutmağı buyurur, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir.Allah, sizə, bəlkə, düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir!"(Ən-Nəhl;90). Vəlid:"Vallah, bunlar çox şirin, lətafətli, olduqca gözəl sözlərdir!"-deyib xeyli təriflədi, sonra öz tayfasının yanına getdi və :"Aranızda məndən üstün və güclü şair yoxdur. Şeirin hər növünü, hətta cin şeirlərini belə məndən yaxşı bilən yoxdur.Allaha and olsun, heç bir söz Muhəmmədin(s) oxuduğuna bənzəmir. Onun sözlərində qəribə bir şirinlik, həzz və lətafət var"-deyib eşitdiyi ayəni başdan sona qədər təriflədi və: "O kəlamlar, həqiqətən də,hər bir sözü məğlub edər. Onu məğlub edəcək, ona üstün gələcək bir söz ola bilməz!"-dedi.

Bir dəfə də həcc mövsümü gələndə Vəlid bin Əl-Müğirə Qüreyş başçılarını toplayıb dedi: "Ey Qüreyş! Artıq həcc mövsümü yetişdi, yanınıza dəstə-dəstə ərəblər gələcək.Onlar sizin içinizdən olan bu adamın əməlindən xəbərdar olacaqlar. Gəlin onun barəsində nə deyəcəyimiz haqqında düşünək. Birimiz bir şey, digərimiz isə başqa bir şey deyib bir-birimizin yalanını çıxarmayaq". Qüreyşilər dedilər: "Gəlin, deyək ki, o kahindir". Vəlid: "Yox, vallah, o kahin deyil.Biz kahinləri görmüşük. Onun dedikləri nə kahin ovsunudur,nə də qafiyəli sözlər". Qüreyşilər dedilər: "Gəlin deyək ki, o dəlidir". Vəlid yenə etiraz etdi:  "Xeyr, onunku dəlilik də deyil. Biz dəliliyi də görmüşük və onun nə olduğunu bilirik-onda nə boğulma, nə öz-özünə danışma, nə də əsməcə vardır". Qüreyşilər dedilər: "Onda gəlin deyək ki, o şairdir. "Vəlid dedi: "Yox, o şair də deyil. Biz şeirin rəcəzinə də, həzəcinə də, qərizinə də, məqbuzuna da, məbsutuna da bələdik. O, şair deyil!" Qüreyşilər dedilər: "Gəlin deyək ki, o sehrbazdır". Vəlid dedi: "Xeyr, o sehrbaz da deyil. Biz sehrbazları da, onların ovsununu da görmüşük. O iplərə düyün vurub onlara tüpürmür".Qüreyşilər soruşdular: "Bəs onda nə deyək?"Qüreyş başçılarından olan Əbu Əbdüşşəms belə cavab verdi:"Allaha and olsun,onun söylədikləri qollu-budaqlı xurma ağacının şipşirin meyvəsinə bənzəyir".

Əbu Nüeym İbn İshaqdan, o İshaq bin Yəsardan, o isə Sələmə tayfasından birisinin bunu danışdığını nəql edir:

"Sələmə tayfasından bir neçə gənc Allahın Elçisinin(s) yanına gəlib islamı qəbul etdi və bir müddət onun yanında qaldılar. Onlar öz yurdlarına döndükdə həmtayfalarından Əmr bin Cəmuh oğluna: "Mənə Muhəmməddən(s) dinlədiklərini anlat"-dedi. Oğlu "Fatihə" surəsini oxudu. Atası:

-"Bu nə xoş,nə gözəl sözlərdir! Quranın bütün sözlərimi belədir?" -soruşdu

Oğlu:

-Bəli,"Quran"ın hər bir sözü belə xoş və gözəldir!"-deyə cavab verdi.

Bəzi alimlər söyləmişlər ki, əgər "Quran" nazil edilməsəydi, bir vərəqədə yazılmış halda çöl - biyabanda tapılsaydı və kim tərəfindən yazıldığı bilinməsəydi belə, sağlam düşüncəli hər bir kəs onun Allah dərgahından olduğuna şəhadət  edərdi. Çünki bəşər övladının bunun bənzərini yaratmağa gücü çatmaz. Bu kəlamı ancaq bütün insanların ən doğrusu, ən yaxşısı və ən imanlısı gətirə bilər, bu kəlam yalnız Haqqın sözü ola bilər. Buna şübhə edirsinizsə, bir surəsinin, bir ayəsinin bənzərini də siz söyləyin. Gücünüz yetməz!

(ardı var)

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR