Rəsulullahın(s) möcüzələri haqqında- BU YAZI COX MƏTLƏBLƏRƏ AYDINLIQ GƏTİRƏCƏK

Tərcümə edəni Elmira Qafarova

Oxuculara təqdim olunan bu yazı "Məvahibu-l-ləduniyyə"-("İlahi rəhmət") əsərindəndir. Əsərin müəllifi Əbdülabbas Şihəbuddin Əhməd İbn Muhəmməd Əl Qəstəlanidir(h.t 851-923;miladi 1473-1545) 

Əvvəli  14 iyun tarixli sayımızda 

Əgər  əvvəlki yazıda qeyd olunan dörd şərtlə səciyyələndirilən möcüzəni  peyğəmbərlərin haqq olduğunu təsdiq etmək üçün Allah yaradırsa, o zaman belə bir sual ortaya çıxa bilər: lənətə gəlmiş Dəccalın iddiası ilə bağlı baş verəcək bəzi fövqəladə hadisələrdəmi Allahın hökmü ilə olacaq? Axı, bildiyimiz kimi, həmin hadisələr hədislərdə də əks olunub. (Dəccal haqqında Quranda heç bir ayə yoxdur. Bu barədə yalnız hədislərdə rast gəlinir ki, onların da çoxu uydurulmuş hədislərdir, onlara inanmaq olmaz-tərc). Bu sualın cavabı belədir: Allah-Təala yalançı peyğəmbərlərin iddiasına uyğun olan heç bir qeyri-adi hadisə yaratmamışdır, üstəlik də Dəccal peyğəmbərlik deyil, allahlıq iddiasında olacaq. Həqiqətən də, Allahın hökmü  və hikmətinə uyğun olan bəzi qeyri-adi hadisələr baş verəcək, lakin həmin hadisələr allahlıq iddiasında olan Dəccalın yalançı, törədəcəyi əməllərin də Allah şəninə yaraşmayan əməllər olduğunu göstərəcək. (Dəccal-süryanicə "yalançı"mənasındadır; ərəbcə: "məsihu-d-dəccəl". Hədislərə görə, Məsihin ikinci dəfə yer üzünə gəlişindən əvvəl insanları imandan sapdıracaq, onları səhv yola yönəldəcək və Şeytanı təmsil  edəcək bir məxluq olacaq. Xristianlarda Antixrist, yəhudilərə görə isə bu, Armilusdur. Bütün səmavi dinlərdə Dəccal bir varlıq olaraq təsvir edilsə də, bu, təşviş və zülm, terror və xaos yaradan ideologiya da ola bilər. Bu gün dünyanın müxtəlif yerlərində baş verən qanlı terror hadisələri, müharibələr, iğtişaşlar şeytani gücə malik olan  bir ideologiyanın əməli ola bilməzmi?-tərc.) Dəccalın allallıq iddiasına isə ən gözəl cavabı "Qurani-Kərim" verir: "...Ona bənzər heç bir şey yoxdur.O (hər şeyi) eşidəndir (hər şeyi)görəndir."("Əş-şura";11)

Peyğəmbərlərin göstərdikləri möcüzələri dinşünaslar nübuvvətin dəlilləri və ayələri adlandırırlar. "Qurani-Kərim"də isə möcüzə sözü ayə, beyyinə və bürhan sözləri ilə ifadə olunub. "Qurani-Kərim"də Musa(ə) haqqındakı hekayədə onun əsası və əli haqqında buyurulur: "Əlini qoynuna qoy ki, əlin(oradan)eybsiz-qüsursuz, ağappaq(parlaq bir nur kimi) çıxsın. Əlini (qanadını) özünə tərəf çək (yenidən qoynuna qoy) ki, (ilanın, yaxud əlinin parıltısının səni bürüdüyü) vahimə çəkilib getsin. Bu, Firona və onun əyanlarına qarşı sənin Rəbbindən olan iki bürhandır. ("Əl-Qəsəs";32).Peyğəmbərimiz(s) və Quran haqqında isə belə buyurulur: "Ey insanlar! (Muhəmməd) sizə Rəbbiniz tərəfindən bürhan(olaraq) gəlmişdir. Biz sizə aydın bir nur(Quran)endirdik"(Ən-Nisa";174).

Dəlil, ayə və bürhanın "möcüzə" kimi tərcümə edilməsi səhv deyil. Lakin bütün hallarda işləndikdə onun peyğəmbərlərə aid olub- olmadığını müəyyənləşdirmək çətin olar. Buna görə də bəzi dilçi-alimlər peyğəmbərlərin göstərdikləri qeyri-adi əməlləri möcüzə, övliyalarınınkını isə kəramət adlandırmışlar.

İmam Əhməd və digər alimlər peyğəmbərlərin və övliyaların göstərdikləri qeyri-adi əməlləri möcüzə adlandırmış, ayə ilə bürhan sözlərinin yalnız peyğəmbərlərin göstərdiyi qeyri-adi hadisələrə aid edilməsini doğru hesab etmişlər.

Bəzən övliyaların göstərdikləri qeyri-adi əməllərə də ayə deyirlər ki, bu da  onların (övliyaların)bağlı olduğu peyğəmbərlərin haqq, doğru olduqlarını  bir daha təsdiq edir.

Allahın Elçisinin(s) dünyaya gəlişindən əvvəl baş vermiş qeyri-adi hadisələr:

Möcuzə barədə geniş məlumat verdikdən  sonra Muhəmməd(s)-in nübuvvətini təsdiq edən bəzi hadisələrə toxunaq. "Tövrat", "İncil" və digər səmavi kitablarda Muhəmməd(s)-in Ərəbistanda zühur edəcəyi qeyd olunub. Onun dünyaya gəlişinə az qalmış  bir sıra hadisələr baş vermiş, küfr və zülm eyvanlarının dayaqları sarsılmış, coşub daşan zəlalət və nadanlıq çayları sakitləşmişdi.

- "Fil" hadisəsində hökmdar Əbrəhə nəhəng qoşunu ilə birlikdə Allahın göndərdiyi əzabla məhv edilmişdir. Həmin hadisə "Qurani-Kərim"də də qeyd olunub: "(Ya Peyğəmbər!)Məgər Rəbbinin fil sahiblərinə(Kəbəni dağıtmaq üçün fillərlə Məkkənin üstünə gələn həbəş ordusuna) nələr etdiyini görmədinmi?!*Məgər Rəbbin onların hiyləsini boşa  çıxartmadımı?!*Onların üstünə qatar-qatar quşlar(əbabil quşları)göndərdi.*O quşlar onların başına (gildən)möhkəm xırda daşlar yağdırdı*Və Rəbbin onları (həşərat tərəfindən)yeyilmiş əkin yarpağına(saman çöpünə)döndərdi!("Əl-Fil";1-5).

-İran şahı Xosrovun sarayında sütunlar aşmışdır;

-atəşpərəstlərin min ildən bəri səcdə etdikləri atəş sönmüşdür; Zərdüşt alimləri bəzi qorxunc yuxular görmüşlər;

-Səva gölünün batması nəticəsində onun ətrafındakı kilsələr dağılmışdı;

-Məkkədə bütün bütlər üzü üstə yerə düşmüşdü.

Bu, eləcə də digər hadisələr hədis kitablarında qeyd olunub.

Peyğəmbər(s)-ın heç bir malı və sərvəti yox idi ki, onunla inadcıl və dikbaş ərəbləri ələ alıb onları özünə tabe etsin. O, özünün Allah tərəfindən peyğəmbər olaraq göndərildiyini elan etdikdə hər cür silahla təchiz edilmiş qoşunu da yox idi ki, bu qoşunun onun köməyilə vəhşi və inadcıl olan ərəb qəbilələrini məğlub edib onları öz boyunduruğu altına keçirsin və özünü onların başçısı elan etsin. (Müasir dövrdə ən yeni silahlarla təchiz edilmiş ordular belə işğal etmək istədikləri ölkələri ram edə bilmirlər.İllərdir Suriyada, Yəməndə, Fələstində və digər ölkələrdə gedən savaşlar buna əyani sübutdur-tərc)  Onun tək güvəndiyi Allahın sonsuz lütfü və mərhəməti idi. Onun yardımçısı yalnız və yalnız Uca Allah idi. O, ilahi risalətlə doğulub parladı və qısa müddətdə qılıncının şöhrəti bütün dünyaya yayıldı. O, bu qılıncının kəskin zərbələri ilə dəlil və bürhanların yüksələn nuruyla  yer üzündəki bütün batil inancları məhv etdi və  İslamın ay kimi parıldayan bayragı ilə bütün kainatı  aydınlığa çıxardı.

Bütün ərəb qəbilələri onun qoruyucu kölgəsinə sığındılar, neçə-neçə ümmətlər onun himayəsinə güvəndilər. Məqam və şöhrət düşkünü, mal və sərvət əsiri olanların hamısı Muhəmmədin(s)sevgisi yolunda dünya malından əl çəkdilər, onun yolunda hicrət edib isti ocaqlarından, yurdlarından-yuvalarından oldular. İslamın şan-şöhrətini ucaltmaq, Muhəmmədin(s) adını əziz və uca tutmaq uğrunda övladlar, valideynlər, bacı-qardaşlar və dostlar bir-birinin qanını axıtdılar.

Ağıllı insanlar bu misli görunməmiş hadisələrin  yalnız Allahın qüdrəti və köməyilə edildiyinə, başqa bir gücün buna gadir olmadığına inanırlar."Qurani-Kərim"də buyurulduğu kimi: "...Bilin ki,yaratmaq da,əmr etmək də yalniz Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər uca, nə qədər böyukdür!"(Əl-Əraf";54).

(ardı var)

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR