Quran tapmaca deyil- Züleyxa Nadir yazır

Züleyxa NADİR

Allaha asi çıxanlar

Elmira Qafarovanın "Qurani - Kərimdə baş örtmək hökmü yoxdur" yazısına sözardı

Hamı deyir ki, dinli-imanlıdır. Amma bilinmir  kim dinli-imanlı,  kim dinsiz-imansızdı. Çoxları deyir ki,  Quran oxuyur.  Amma bilinmir kim oxuyur, kim dəsmala büküb şkafın başına qoyur. Din insanı Allaha bağlayan bir vasitə, iman isə dediyini əməlləri ilə təsdiq etməkdi.  Quran oxumaqla insan Allaha yaxınlaşır, Onu tanıyır. Hər iki məsələyə bu yazdıqlarımdan dolayı yanaşsaq, bu gün hamının din-iman nümayiş etdirməyinə, Quran oxuduğuna inanmaq absurd görünür.

İslamdan, Qurandan söz düşəndə çoxluq onun fəlsəfəsini, mahiyyətini və gözəlliklərini bir kənara qoyub dinin qadağalarından yapışır, haram-halal məsələsinin üzərində dayanır. Bir qrup insan da var ki, İslamı  məhz haramlar, qadağalar dini kimi təqdim edərək onu gözdən salmağa çalışır. Bu, çox yanlış stereotipdi. Halbuki Quran oxumaqla insan təkcə Allaha yaxınlaşmır, həm də ilahi dəyərləri düzgün qavrayır, onun  mahiyyətini öyrənmiş olur.

Qurani-Kərim bədii əsər deyil. Onu  roman kimi,  yaxud da şifahi xalq ədəbiyyatı nümunəsi kimi oxumaq mümkün deyil. Bu Kitab elmdir, dinin mənbəyidir. Kitabı oxumağa başlayan adam düşünməlidir ki, əlində tutduğu  Qurani-Kərim insanlıq üçün lazım olan dəyərləri göstərən mənbədir. "İnsanlara bir bəyannamə olaraq nazil olmuş bu Quran. Nazil olmuş ki, xəbərdarlıq alalar, bilələr, Tanrı olaraq təkdir O. Və öyüd ala ağlı olan kimsələr" (Hicr surəsi, ayə 52). " Elm alan kimsələrin ürəyində aydın-aydın ayələrdən ibarətdir bu Quran (Ənkəbut surəsi, ayə 49). "İnsanlığın bəyannaməsidir bu kitab, yol göstərir, öyüd verir müttəqilərə (Ali-İmran surəsi, ayə 138).

Hər dəfə "mən Quran oxuyuram" deyən insanlarla söhbət edərkən əmin oluram ki, əksəriyyətinin haqqında  bəhs etdikləri kitab Qurani-Kərim deyil, hansısa din adamının yazdıqları, yaxud da kimdənsə eşitdikləri hədislərdi. Bildikləri də ən çox qadının başını örtməsi, hicabı necə bağlaması, kişinin onu döyməsi, arvadından üstün olması haqqında olur. Təəccüb edirəm: oxuya-oxuya öyrəndiyiniz budu?

***

Son illər Quran oxuyanları da, oxumayanları da daha çox İslamda qadınların hicab bağlaması ilə bağlı tərəfi daha çox cəlb edir. Bu barədə özünü din xadimi adlandıranlar tez-tez saytlarda,  qəzetlərdə yazır, televiziyalarda saatlarla danışır, insanları müzakirəyə dəvət edirlər. Onlar hicabın  vacibliyini söyləyir, hətta daha irəli gedərək başını bağlamayan qadınların kafir olduğunu dilə gətirirlər. Dediklərinə özləri belə inanmayan həmin adamlar başqalarını inandırmağa  çalışırlar ki, guya bu söylədiklərinin hamısı Qurani-Kərimdə var. Ətrafında olan qadınları başını örtməyə məcbur edirlər. Halbuki  "Dində məcburiyyət yoxdu" (Bəqərə surəsi, ayə 256). Qurani-Kərimdən xəbəri olmayanlar, lap elə  "Quran oxuyuram" deyənlər də onlara  inanır, az qala qarşılarında baş əyirlər. Mən belələrinə "avam" deyirəm, başqalarının sözü ilə mövhumata, xürafata gedən bədbəxtlər kimi baxıram. 

İyirmi beş ildi Quran oxuyuram. Nə din  xadimiyəm, nə də molla-filan, heç ərəbşünas da deyiləm. Sadəcə Azərbaycan dilinə tərcümə olunmuş Quranı oxuyuram, orda yazılanları dərk etməyə çalışıram. Elə ayələr var ki, bu 25 ildə mənasını  hələ də başa düşə bilməmişəm. Elə ayələr də var ki,  su kimi aydındı, qavramaq çox asandı. Ötən bu 25 ildə hələ rastıma belə bir ayə çıxmayıb ki,  qadınların başını bağlaması vacibdi. Qurani-Kərimdə Allahın belə bir hökmü olduğunu görməmişəm. Bəs, bu fikri hardan çıxarırlar? Savadlı din alimləri, ərəbşünaslar, bəzi  Quran tərcüməçiləri sübut edirlər ki, qadının başını örtməsi ilə bağlı Allah heç bir  hökm verməyib. Kitabda  müsəlman qadının hicab geyməsini bildirən ilahi buyruq yoxdu.  Quran tərcüməçisi Nəriman Qasımoğlunun, şərqşünas Elmira Qafarovanın adını çəkə bilərəm.  Onların mətbuatda yer alan yazılarında qadının hicab bağlamağının mütləqliyini göstərən bir ayənin olmadığı xüsusi qeyd olunur. Qadının  hicab örtməsinin vacibliyini  Nur surəsinin 31-ci və Əzhəb surəsinin 59-cu ayələri ilə sübut etmək istəyənlər var. Amma həmin ayələri doğru - dürüst dərk etsələr yanıldıqlarını başa düşərlər. Allah qadına abırlı geyinməyini buyurur: "Erkən cahiliyyə çağında  olduğu sayaq açılıb-saçılmayın" (Əhzəb surəsi, ayə 33). Amma bu, o demək deyil ki, qadın başdan-başa çadraya bürünsün.

***

Bu gün hicab bağlayan qadınların qəribə bir düşüncəsi var. Deyirlər ki, başını örtərkən bir tük belə görünməməlidi. Guya hicab altından çıxan  həmin o tük kişidə ehtiras yaradır. Sadəcə gülməlidir. Əslində saçı gizlətmək məsələsi qədim yəhudilərdən qalma adətdi.  O zamanlar əsil-nəcabət sahibi olan qadınlar küçəyə çıxarkən başlarını örtürdülər ki,  saçları görünməsin.  Ancaq kənizlər, qulluqçilar başı açıq, saçları dağınıq halda  ola bilərdilər. Ki... qulluqçu ilə xanım bir-birindən seçilsin.

Allah qadını gözəl, şəfqətli, mərhəmətli, həssas və azad ruhlu yaradıb. Necə ola bilər ki, yaratdığının  üstünlüklərini  ört-basdır etmək haqqında hökm versin? Bu, ola bilməz. Əgər saç əks cinsi ehtirasa gətirəcəksə,  Allah nədən onu yaradıb? Halbuki ehtiras yarada biləcək başqa bədən üzvləri, məsələn, badamı və rəngli gözlər, işvəli baxışlar,  dolğun dodaqlar, yanaqlar, əllər açıqda qalır. Hələ qadının ədalı yerişini, ətrafa naz saçan davranışını,  sürməli gözlərini demirəm. Bəyəm bunları Allah bilmir? Eyni məntiqlə yanaşsaq, onda gərək Yaradan qadının burnunu belə bayıra çıxarmasına qadağa qoyaydı. Nə qədər primitiv düşünməlisən ki,  yaylığın altından görünən saç tükünün ehtiras oyatdığını deyəsən. Əgər bir kişi başqa bir qadına baxıb ehtirasa gəlirsə bu, kişinin psixoloji problemidir, onun  xəstə olmasına dəlalət edir.

Ana-nənələrimiz  mövsümdən asılı olaraq başlarını yaylıq, kəlağayı və isti şalla örtüblər. İndi hər addımbaşı  hicab dükanı var, ordan baş örtüyü alırlar. On beş - iyirmi il əvvələ qədər satışda al-əlvan, bir rəngli yaylıqlardan başqa xüsusi  baş örtüyü olmayıb.  Sual olunur: "O zaman kişilər niyə yaylığın altından  görünən, qadının alnına düşən saç telindən ehtirasa gəlmirdilər? Yoxsa indiki kişilərin ehtirası saç telinə bağlıdı"? Adam bilmir beləsini necə başa salsın ki, ay adam, danışdıqların cəfəngiyyatdı. Kişiləri təhqir etməyin başqa yolunu tapmadınmı?

Yox, əgər Nur surəsinin 31-ci ayəsində  "qadının başını bağlayıb şalın ucunu sinəyə sallamalıdır" fikri gerçəkdirsə analarımız, nənələrimiz başlarını məhz bu cür örtüblər. Yəni kəlağayını başına salıb bir tərəfi sinənin  üstünə salır, yaxud da balaca yaylığın uclarını çənəsinin altından bağlayıblar. Amma heç bir halda  saçlarını gizlətməyiblər. Saçın qabaqdan görünən hissəsi də heç bir kişidə ehtiras yaratmayıb. Bu, nə vəhşi düşüncədi? Bu gün kənd yerləində yaşayan qadınlar da məhz dediyim bu formada başlarını örtürlər. Belə çıxır ki, kənd kişilərinin qeyrəti yoxdu?

***

Dəstəmazı dəqiqliklə izah edən, miras bölgüsünü aydın və bərabər göstərən, başqasına borclu qalmamağı, xəsislik və israfçılıq etməməyi  buyuran Allah nədən açıq - aydın buyurmayıb, hökm etməyib ki, qadınlar başını örtsün, saçları görünməsin? Quran tapmaca deyil ki, ayənin cavabını tapa bilməyəsən. Yüz illərdi insanlar qadının baş örtüb-örtməməsi üzərində baş sındırırlar. Bəli,  "Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi  yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər. Onun yozumunu isə Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər: "Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir. Bunu isə ancaq ağıl sahibləri dərk edərlər" (Ali - İmran surəsi, ayə 7). Amma bu məqamda xüsusi vurğulamağı vacib bilirəm ki, qadınlarla bağlı, onların geyimi, davranışları haqqında olan ayələrin hamısı anlaşılandı.

***

Demirəm ki, qadın başını örtməsin, demirəm ki, bu, doğru hərəkət deyil. Hər bir qadın seçimində azaddır. Kimsə kimsənin istədiyi kimi geyinmək haqqını əlindən ala bilməz. İstər hicab olsun, istər klassik forma, istərsə də müasir, ən son dəblə geyinsin - qadın qadındır. Bütün hallarda o, xanımlıq şərəfini, qadınlıq qürurunu qorumalı, ləyaqətlə yaşamalıdı. İllah da ki, bu parametrlərin daşıyıcısı Azərbaycan xanımı olanda ləyaqət ölçüsünün dəyəri on qat artır.

Bu gün Azərbaycanda  qadının İslami dəyərlərə meyl etməsi yaxşıdır. Üstəlik də onun dini  baxışları, dünyagörüşü Quran məntiqinə söykənirsə, deməli İslam əxlaqı qadını daha da  saflaşdırır. Quran heç bir zaman qadının azadlığına kölgə salmır, Quran qadının  açıqgözlü, dünyagörüşlü və müasir olmasına üstünlük verir. Yetər ki, o, mövhumata, xurafata uymasın.

Bu, Yaradana  asi çıxmaqdı...

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR