Ələm İslamda sonradan uydurulub?

İlahiyyatçıdan maraqlı araşdırma

Son illər ölkədə dini sahədə həyata keçirilən geniş miqyaslı maarifləndirmə tədbirləri ölkəmizə xarici dini təsirləri azaltmaqla yanaşı, bəzi dinə zidd, heç bir əsli olmayan və xurafata söykənən halların da tədricən aradan qaldırılmasına imkan yaradıb. Qeyd edək ki, xurafata dayanan əməllərdən biri də ələmlə bağlıdır. Bir çox hallarda, əsasən də əyalətlərdə ələmdən qazanc mənbəyi kimi istifadə edilir və insanların savadsızlığından və etibarından sui-istifadə edilir. Bəs görəsən reallıqda ələm nədir və nəyə xidmət edir? İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov deyir ki, ələm sözünün Azərbaycan dilində iki mənası var: "Birinci mənası dərd, qəm, kədər, qüssə, ikinci mənası isə bayraq (adətən dini ayinlərdə işlədilən bayraq) deməkdir. Ərəb dilindən alınma sözdür. Bəzi mənbələrdə ələm sözünün "əl" sözundən törədildiyi deyilir. Ələm rəmz kimi istifadə olunduğuna görə, bu versiya həqiqətə uyğun görünsə də, həqiqət ondadır ki, bəzi özlərinə şiə deyən cərəyanlar ələmə "Əlamət" yox, "Əbülfəzin əli" və ya "Fatimənin əli" deyirlər. Ərəbcə isə məhz "ələm" sözü -rəmz yox, əzab, ya da əziyyət mənasını verir". İlahiyyatçı deyir ki,  İslamda sonradan çıxan bəzi məzhəblərdə ələm hərtərəfli istifadə olunur: "Əsasən rəmz və ibadətgah kimi, xüsusilə şiələr ona nəzir və hədiyyələr edirlər. Məsələn şiələrin arasında olan inanclara əsasən, ələmə nəzir deyib sözünü yerinə yetirməyən ələmi qəzəbləndirir və ələm "coşur", " coşan" ələm isə xəsis şiənin yanına gəlib onu cəzalandırır. Bu günləri demək olar ki, şiə məscidlərin əksəriyyətində ələm mövcuddur. Ələm minbərlərdə, bəzi məscidlərin minarələrində və namazda imam durduğu yerdə yerləşdirilir. Bundan əlavə şiələrin dini şəkillərində, bayraqlarında və başqa dini əşyalarında ələmə rast gəlmək olur. Bunun şiələrə mənsub olmasını bəzi mənbələr iddia etsələr də yaxın günlərdə, təxminən 2015-ci ildə qafqazinfo.az saytında İlahiyyat elmləri doktoru İlqar İsmayılzadə Məhərrəmlik ayının başlaması ilə əlaqədar "Ələm" barədə yazdığı məqaləsində bunları qeyd edir: "Soruşurlar ki, məscidlərimizdə mehrab və minbərin yaxınlığında sancılan və eləcə də əzadarlıq mərasimlərində istifadə edilən "ələm" hansı anlamdadır? "Ələm" dini atributdurmu? Əvvəla, "ələm" ifadəsi lüğətdə bayraq mənasında işlənir. Onun mahiyyətinə gəlincə isə deyim ki, "ələm" İslam dini tərəfindən bizə göstəriş verilmiş hər hansı bir məsələ sayılmır. "Ələm" əslində Səfəvilər hakimiyyəti və Şah İsmayıl Xətai dövlətinin iqtidar simvolu sayılır. Bəziləri həmin simvolun Kərbəlada bütün varlığını qurban vermiş və xüsusilə də mühasirədə olan qadın və uşaqlara su gətirmək üçün qolları kəsilmiş Abbas ibn Əlinin (Əbülfəzlin) kəsilmiş qoluna bir işarə olduğunu söyləyirlər. Bəziləri bunun İslamda müqəddəs sayılan beş nəfərə (Peyğəmbər, Əli, Fatimə, Həsən və Hüseynə - Allahın salamı onların üzərinə olsun!) işarə olduğunu bildirirlər. Bəziləri isə bunun Səfəvilər tərəfindən "Üsulidin" (İslam dininin təməl prinsipləri kimi təqdim edilən 5 mövzuya: Tövhid, Ədl, Nübuvvət, İmamət və Məada) bir işarə olduğu qənaətindədirlər. Hətta, Qum şəhərində olduğum zaman bəzi ənənəvi alimlərdən "ələm"in necə peyda olduğuna diqqət etmədən onu Kərbəla hadisəsinin rəmzi kimi sayanları da gördüm. Halbuki Kərbəla hadisəsi üçün İmam Hüseynin (ə) özü, eləcə də "Yaxşılığa dəvət", "Pislikdən çəkindirmə" və s. bu kimi rəmzlər mövcud olduğu bir halda hər hansı bir rəmzin yaradılmasına və dəstəklənməsinə heç bir ehtiyac görülmür. İnkaredilməz məsələ budur ki, sovetlər dönəmində bir çox savadlı alimlərimiz qətlə yetirildiyi, sürgün olunduğu və ya canını götürüb xarici ölkələrə mühacirət etdiyi üçün xalq arasında "ələm" kimi məsələlərə daha geniş yer verildi. İş o yerə gəlib çatdı ki, bir çox insanlar "ələm"ə Allah qədər sitayiş edib onun qoyulduğu məscidlərə daxil olmaqdan qorxdular. Bəziləri isə maddi mənfəət və ya nadanlıq ucbatından "ələm"in "cuşa gəldiyi", uçması və xariqələr yaratdığını iddia etdilər. Hər halda "ələm" İslam dininin göstərişlərindən sayılmır. Çünki Qurandan əlavə, Peyğəmbər (s), Onun Əhli-beyti (ə) və nəcabətli səhabələrinin davranışında bununla bağlı hər hansı bir tövsiyə mövcud deyil. "Ələm" əslində Səfəvilər hakimiyyətinin iqtidar simvolu sayılır. Onun uçması və ya hər hansı bir möcüzə etməsi isə absurd iddiadır." Mən bu məsələdə tamamilə ilahiyatçı alim dostumuz İlqar ismayılzadənin fikirləri ilə razılaşıram". Əkrəm Həsənov deyir ki,  əslində ələm İslamda olmayan anlayış olduğu üçün bu məsələdə kifayət qədər də mənbələr yoxdur: "Qeyd edim ki, cənub bölgəsində indi ələmin gücünə inanan insanlar var. Yaxın günlərdə bununla bağlı Cəlilabad rayonundan bir gənc mənə sual ünvanlayanda ələmin necə cuşə gəldiyini iddia etdi. Mən izah etdim ki, ələm dediyin o simvolun dində heç bir yeri və əhəmiyyəti yoxdur. Lakin iddia etdi ki, həqiqətən də bizim rayonda ələmin gücünü insanların çoxu görüblər. Hətta məni onu görmədiyim üçün gücünü inkar etdiyimi dedi. Əlbəttə ələm anlayışı gülünc, cəfəngiyyat, xurafatdan başqa heç bir əhəmiyyəti olmayan işarədir. Əvvəlcə ələmin haradan qaynaqlandığını qeyd edək. Ələm əslində İslamda sonradan uydurulub. Çünki, bəzi özlərini şiə məzhəbinə istinad edənlərdə, yəhudilərdə və buddizmdə geniş istifadə olunan əl şəklində olan rəmzin adı ələmdir. Ələmin tarixi həm qədim Finikiya büdpərəstlərin qadın cinsli ilahisi Tanit , həm də buddizmdə özünə yer tutan "Buddanın əli" ilə bağlıdır. Tanit Karfagen şəhərinin himayədarı sayılırdı, "Buddanın əli" isə buddizmdə hərtərəfli istifadə olunan amuletdir, qədim finikilillər və bugunki buddistlər bədnəzər , paxıllıq və cadulara qarşı məhz ondan yardım diləyir və ona sığınırlar. Ən gədim ələmlər məhz bu iki mənbəyə aiddir. Semit qrup dillərində "xəmsə" - "beş" (5) ya da beşlik deməkdir. Yəhudilərdə olan Xəmsə isə çox guman ki, elə Tanitə sitayış edən qədim finikilərdən miras qalan inancdır. Fakt ondadır ki, yəhudilərdə də ələm hərtərəfli istifadə olunur, hətta yəhudilər ələmə "Allahın xəmsəsi" (Allahın əli) də deyirlər. Qeyd etmək lazımdır ki İudaizmdə ələm həm də "Miriamın əli" (Miriam -Musa və Harun Peyğəmbərlərin bacısıdır) kimi tanınır, necə ki bəzi şiə qrupları ələmə "Fatimə əli" deyirlər. Xəmsənin üstündə bəzən "Şma İsrael" (Ya İsrael) yazısı olur, necə ki şiələrdə "Ya Hüseyn" yazısı var. Bundan başqa bəzi yəhudilərin inanclarına görə xəmsə Talmudun 5 kitabdan ibarət olmasının simvoludur, yəni hər bir barmaq bir kitabın simvoludur, bu da şiəlikdə Əhli-beytdən beş nəfərin ələmə nisbət olmasına bənzərdir. Bundan əlavə şiələrdən bəziləri iddia edirlər ki , guya ələm məhz şiəlikdə yaranan rəmzdir. Onların dediklərinə görə ələm Təvvabin hərəkatının lideri Muxtar Əs-Səqafinin nökəri Əli Məxtuminin gördüyü yuxudan sonra yaradılıb".

Əkrəm Həsənov qeyd edib ki, ötən yüz illər ərzində ələm daşımaq Aşura mərasimlərinin əsas atributlarından birinə çevrilib. Onun sözlərinə görə, Aşura mərasimlərində ələm mərasimə gətirilir və ona Həzrət Hüseynin (ə) bayrağı kimi ehtiram edilir: "Əbulfəzl Abbas ələmdar, yəni bayraqdar titulu ilə xatırlanır. İndi geniş yayılan ələm isə xüsusi işarəsi ilə seçilir. Əl və 5 barmaq simvolundan ibarət olan ələmin Aşura hadisəsindən sonra meydana çıxdığı güman olunur. Bəzi məlumatlara görə, ələm Həzrət Əbulfəzlin kəsilmiş əlini, eyni zamanda Əhli Beyti (Həzrət Məhəmməd (s.ə.s), İmam Əli (ə), Həzrət Fatimə (ə), İmam Həsən və İmam Hüseyn (ə.s)) simvolizə edir. İlk dəfə ələmi Kərbəla hadisəsindən bir qədər sonra üsyan edən və tövbəkarlar, təvvabinlər adlanan üsyançıların istifadə etdiyi bildirilir. Sonrakı əsrlərdə ələm bu və ya digər dövlətlərin, dini-siyasi hərəkatların əsas simvollarından biri kimi istifadə olunub. Qədim dövrlərdən bu günə qədər ələm Aşura mərasimlərinin əsas atributlarından biri olaraq qalır. Bir qayda olaraq ələm Aşura günü ən sonda meydana gətirilir, İmam Hüseyn (ə) tərəfdarlarının mübarizə simvolu kimi daşınır. Hazırda İran və İraq kimi ölkələrdə ələm Aşura mərasimlərində istifadə üçün xüsusi olaraq hazırlanır. Həddən artıq böyük və dəmirdən hazırlandığı üçün ağır olan ələmi yalnız ən güclü əzadarlar hər biri növbə ilə bir neçə metr daşıya bilirlər. Ələm daşımaq xüsusi güc tələb edir. 
Bəzi mənbələrdə isə qeyd olunur ki, əslində yuxarıda göstərilən yuxular və əfsanələr əsasında qurulmuş şiə versiyaları ağ yalandan başqa bir şey deyil, çünki ələmin büdpərəstlərdə və yəhudilərdə şiəlikdən min il öncə mövcud olmasına minlərlə dəlil var. Burada ortaya bir sual çıxır: Nə üçün bəzi şiə mənbələri belə uydurma rəvayətlər əsasında yəhudilikdə olan ələmi islama nisbət ediblər? Buna cavab olaraq bildirilir ki, bəzi şiə mənbələri ələmin şiə məzhəbinin banisi olan yəhudi İbn Səbadan şiəliyə miras qaldığını gizlətmək üçün bu cür xurafata əl atıblar. Doğrusu isə budur ki, əslində ələm bütpərəstlikdən başqa heç nəyi ifadə etmir. Ona görə ki, islam mənbələrində, xüsusilə Qurani Kərimdə, hədislərdə və bu yolda olan alimlərin əsərlərində ələmə aid heç bir yazılı dəlil sübut, mətn, göstəriş yoxdur".

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR