Daha bir Aşura və verilən qanlar

Dünyanın bir çox şiə-müsəlman ölkəsində olduğu kimi Azərbaycanda da sentyabrın 20-də Aşura qeyd olundu.

Aşura günü ilə əlaqədar digər məscidlərdə olduğu kimi "Təzəpir məscidi"ndə də İmam Hüseyn əzadarlığı keçirilib.

İki ay əvvəl bəzi anti-Azərbaycan qüvvələrin millətin dini hisslərindən, din faktorundan, dindar kəsimin adından istifadə edərək qarışıqlıq yaratmaq cəhdini xatırlasaq bu gün xüsusi xidmət orqanlarımız son dərəcə diqqətli idi. İstər "Təzəpir", istərsə də digər məscidlərdə ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə əraziyə əlavə polis qüvvələri cəlb olunmuşdu.

Məhərrəmlik ayının ilk günündən maarifləndirmənin uğurla həyatı keçirilməsi nəticəsində, xarici ünsürlərin Aşura mərasiminə təsir edə bilməməsi olduqca müsbət haldır. Bu onu göstərir ki, məhərrəmlik mərasimləri son illərdə daha sivil formada keçirilir.

"Təzəpir məscidi"ndə keçirilən Aşura mərasimində iştirak edənlərin sayı yetərincə çox idi. Dua etməyə gələn, nəzir verən, ehsan paylayan əhali sıxlığı nəzərə çarpırdı. İnsanlar yüz illərdir yaşadılan adətə uyğun olaraq əza məclislərini keçirdilər.

Sevindirici haldır ki, Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyasının keçirildiyi yer Təzə pir məscidi insan sıxlığının ən nəzərəçarpan yeri idi. Gənc, yaşlı kişi və qadınlar qan vermək üçün növbəyə dayanmışdı.

Qan verənlər içərisində ixtisasca həkim olan Kamilə xanım danışdı ki, hər il oğlu ilə birlikdə  Aşura mərasimi ilə bağlı qanvermə aksiyasına qoşulur: "Xüsusilə belə bir gündə qana ehtiyacı ola biləcək insanlar üçün qan verməyin savabı böyükdür. Amma savabı ilə birlikdə insan orqanizminə xeyri də çoxdur". O qeyd etdi ki, qan vermək insanda qan hüceyrələrinin təzələnməsinə, qandakı yağın miqdarının azalmasına, baş ağrıları, stress, yüksək qan-damar təzyiqi, yorğunluq kimi narahatlıqların azalmasına yaxşı təsir edər.

Tələbə olduğunu bildirən gənc oğlan söylədi ki, yoldaşlarından bəziləri Aşura mərasimində zəncir vurmağı üstün tuturlar. Bu yolla imamların bir vaxtlar çəkdikləri ağrıları, əzabları hiss etməyə çalışırlar: "Mən bunları cahillik kimi qəbul edirəm. Düşünürəm ki, səhhəti icazə verən hər kəs bu gün qan verməklə daha xeyirli və savab iş görmüş olar".

Qanvermə aksiyasındakı sıxlığı müşahidə etmək nə qədər gözəl idisə, zəncir vuranları görmək də bir o qədər düşündürücü və məyusedici idi. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvasında zəncir vurmaq haram olaraq qeyd edilsə də zəncir vuran əzadarlar nəzərə çarpan idi.

Narahatedici növbəti məqam isə yanlarında məktəbli uşaqlar, qucaqlarında körpələri ilə zəncur vurma mərasiminə baxan insanlar idi. Məktəblilərin məktəbdə, körpələrin evdə olması gərəkərkən bu cür mərasimlərdə yer alması cansıxıcıdır.

Bir neçə gün əvvəl Olaylar.az-a açıqlama verən psixoloq Fərqanə Mehmanqızı bildirmişdi ki, uşaqların bu cür dini mərasimlərdə iştirakı onlarda dinə qarşı gözəl hisslər deyil, qorxu yaradır:  "Valideynlər özlərinə "bu adəti erkən yaşda uşaqlara öyrətmək nə verəcək" deyə sual verməlidirlər. Çoxları "məni də aparıblar, amma heç nə olmayıb, psixoloji cəhətdən də sağlamam" deyə bilər. O adamlar tək qaldıqları zaman  daxillərinə baxsınlar. Canlarını sıxan nədi, qorxuları nədi, onları nə düşündürür. Daxilimizdəki qorxuların səbəbləri usaqlıqda aşılananlardı və bu şüuraltı beynimizə yeridilərək,  həyat tərzimizi müəyyənləşdirir. Hər yaşın öz dərketmə baxışı var. Övladlarımızı gərəksiz yükləməyək".

Övladlarınıza zəncir vurub qan çıxaranlar yerinə, qan verənləri örnək göstərsəz xurafatdan uzaq bir gənc nəslin yetişməsinə başlanğıc vermiş olarsınız.

Qeyd edək ki, "Təzəpir məscidi"ndə qanvermə aksiyasında yüzlərlə insan iştirak edib. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Nigar Orucova

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR