Aşuradan keçən yol - Züleyxa Nadir yazır

Züleyxa NADİR         

Aşuradan keçən yol

Qonşumuzda yaşayan  gənc ailənin ilk oğlan övladı dünyaya gəlib. Dünən  gəlin məndən soruşur: "Oğlumun  qırxı aşura gününə düşür, necə edəcəm"? İlk anda sualı başa düşmədim, "qırxı" sözündə ilişib qaldım. Sonra məlum oldu ki, uşağın dünyaya gəlişinin qırxıncı günüdü və  bununla bağlı xüsusi ayin yerinə yetirilməlidi, uşaq çimizdirilməli, paklanmalı, dua oxunmalıdı. Lap yaxşı! Amma bunun aşura gününə düşməsində pis nə var, onsuz da bu uşaq hər gün çimizdirilıir, həmin gün də çimizdirə bilərsən, nə mane olur? Çox gülməli cavab eşitdim: "Deyirlər ki, aşura günü sabun əritmək olmaz"...

Qonşu gəlinə geniş izahat verdim,  məhərrəm ayı, aşura günü ilə bağlı xeyli  bilgiləndirdim, tarixi faktlar söylədim, elmi əsaslarla sübut etməyə calışdım ki, həmin gün  sabun əritmək də olar, şaqqanaq çəkib gülmək də halaldı. Amma gəlin mənim söylədiklərimi dinləsə də hiss etdim ki, daxilən qəbul etmədi.  Doğrusu, çox ağrıdım, gəlinə yazığım gəldi, ali təhsilli xanımdı, amma nə qədər mənasız iş görməyin tərəfdarıdı, cahil fikirlərin əsirinə çevrilib.

İnsanların bu cür dayaz düşünməsi, cəhalət içində çabalamasını heç cür həzm edə bilmirəm. Aşura günü "şaxsey-vaxsey" demək, sinə cırmaq, baş yarmaq, qan tökmək insanlığa ləkədi, utancdı. İslamın mənbəyi olan Quranda belə bir ayin yer almayıb, Allah kəlamlarında buna  balaca işarə belə yoxdu. İnsanlar bu cür hərəkətlərlə Allaha asi çıxırlar. Asi çıxmaq  təkcə Onu inkar etmək deyil ki?! Bu, həm də Yaradanın  insana verdiyi ağıldan, dərrakədən düzgün istifadə etməməkdi.

Məhərrəmlik ayı, aşura günü ilə bağlı ətraflı  yazmaq istəmirəm, bu tarixi hər kəs bilir. O ayrı məsələ ki,  həmin hadisənin mahiyyətini doğru anlamaqda fikir ayrılıqları var. Amma bu faktdır ki, imam Hüseyn və tərəfdarlarının  Kərbala çölündə qətlə yetirilməsi o zamanlar göz yaşı, sinə cırmaq, kürəyə  zəncir vurmaqla, baş yarmaqla müşaiyət olunmayıb. İnsanlar özlərini öldürməyiblər, başlarını yarıb qanını  torpağa  tökməyiblər. Kimsə məni inandıra  bilməz ki, məhz  belə olub, biz də onu təkrarlamalıyıq. Tarixi faktlar, inandırıcı dəlillər olmayan yerdə cəfəng söhbətlər özünü doğrultmur.

İslamın yayılmasında, təşəkkül tapmasında Məhəmməd peyğəmbərdən sonrakı dörd  xəlifə (Əbu Bəkr, Osman, Ömər və Əli), eləcə də on iki imam dediyimiz peyğəmbər törəmələri çox böyük iş görüblər. Bu yolda döyülüblər, söyülüblər, olmazın müsibətlərlə üz-üzə gəliblər, amma İslam dininin möhkəmlənməsi yolundan bir addım belə kənara çəkilməyiblər. İmam Hüseyn də həmin amal uğrunda qətlə yetirilib.

Əgər həzrəti Əlinin qətlə yetirildiyi gün müsəlmanlar eyni ayini yerinə yetirmirlərsə, oğlu ilə bağlı niyə qan tökürlər, dəhşətli faciəyə çevirirlər? Bu, hansı məntiqə sığır? Halbuki Əli on iki yaşında İslamı qəbul edən ilk kişi idi. Hətta tarixi mənbələrdə göstərilir ki, o, dünya müsəlmanlarının səcdəgah yeri olan Kəbədə dünyaya gələn yeganə şəxs olub. Bəs, həzrəti Əli üçün bu qədər göz yaşı niyə axıdılmır? Əlidən, Hüseyndən üstün olan Məhəmməd peyğəmbər üçün niyə baş yarmırlar? Deyəcəksiniz ki, onu qətlə yetirməyiblər, ölümü faciəli olmayıb. Amma həyatının 23 ili məşəqqətli, faciəli keçməyibmi? İslamın yayılması yolunda  dəfələrlə ölümdən dönməyibmi? Sağ qalmaq üçün doğulduğu, 40 il yaşadığı doğma şəhərindən - Məkkədən Mədinəyə getməyə məcbur qalmayıbımı?

Demirəm ki, imam Hüseyn yad edilməsin, xatirəsi anılmasın. Əksinə deyirəm ki,  onun ruhu inciməsin, narahat olmasın. Çünki bu cür hallar xurafatdı, cəhalətdi. Ki... imam Hüseyn də bunu istəməzdi.

Aşura günü tarixdə baş verən minlərlə qanlı hadisədən onunla fərqlənir ki, bu döyüş  Allah yolunda, İslam uğrunda baş verib. Bu gün hər kəs şüurlu surətdə dərk etməlidir ki, dünya dəyişib, zamanın tələbləri başqadır. Texnika əsridi, informasiyalar işıq sürəti ilə yayılır. 1500 il əvvəlin düşüncəsini, o  dövrün vərdişini bu gün beyinlərə yeritməklə gələcəyin qapısı bağlanır. Gələcək bu gündən başlayır. Görünən o ki, bizim bu günümüz keçmişin  cəhalətində boğulmağa üstünlük verir.

Hər il Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası aşura günü ilə bağlı fətva verir ki, qan tökmək, zəncir  vurmaq olmaz. Bu il də eyni məzmunlu fətva verib: "Məhərrəmlik mərasimləri imam Hüseynin şəninə uyğun və amallarına yaraşan tərzdə qeyd edilməli, əzadarlıq mərasimlərində dinimizin təyin etdiyi əxlaqi meyarlara riayət olunmalı, təziyə məclislərində uşaqların iştirakına yol verilməməlidir". Fətvada dini mərasimlər zamanı zəncirvurma, başyarma, qançıxarma kimi adətlərin İslamla heç bir əlaqəsinin olmaması, dini-əxlaqi dəyərlərlə ziddiyyət təşkil etməsi önə çəkilir, bütün ölkə dindarları bu cür zərərli vərdişlərə qarşı maarifləndirmə tədbirlərində fəal olmağa çağırılır. Ruhani İdarəsi bundan artıq nə etsin?

Ağrılı olan  odur ki, insanlar bu çağırışa məhəl qoymurlar. Evdə, ailədə, məsciddə uşaqların beynini zəhərləyirlər. Bu cür cahil hərəkətləri, avam düşüncələri uşaqların da təkrarlamasını tələb edirlər. Belə məktəblidən nə gözləmək olar? Bu gün öz başını yarıb, qanını tökən uşaq, sabah  başqasının qanını axıtmağa hazır olan potensial qatildi. İmamlara olan sevgini bu cür cahil üsülla bildirmək olmaz. Peyğəmbər, eləcə də imam sevgisi insani sevginin üst pilləsidi. Bu pillədə yer tutan sevginin içindəki ali dəyərlər iman sevgisinin işığına bürünməlidi. Ki... həmin işıq o sevgini daşıyanın yolunu aydınlatsın.

Bu yolun daha aydın, daha nurlu olması üçün elmin yoluna çıxmaq çox vacibdi. Çünki bu yolda maarif işığı var. Maarif işığı heç bir zaman gözləri qamaşdırmır, tam tərsinə qapanmış gözləri açır, həyata, dünyaya geniş baxmağın yollarını  göstərir. Baş yarmaq, qan tökməklə nəinki imam sevgisi sərgiləmək, heç valideyn və torpağ, vətən  sevgisinın zərrəsini də göstərmək mümkün deyil. Halbuki imam Hüseyn özü hər kəsin  təhsil almasını, elmli, mütaliəli olmasını, cəhalətdən, xurafatdan uzaq durmasını söyləyib.  Bu  necə sevgidir ki, özlərini cəhalət burulğanında boğurlar?!

Bütün bu cəhalətin içində son illər  balaca bir işıq görünür: həmin gün qanvermə aksiyası keçirilir. İlk dəfə bu  fikri  kim təklif edibsə çox yaxşı edib. Amma  gözləmək lazım deyil ki, aşura günü  gəlsin sonra qan verilsin. Bunu hər zaman etmək lazımdı. Qana ehtiyacı olan yüzlərlə, minlərlə insan var. Xəstəlik aşura gününü  gözləmir. 

İmam Hüseynin zəncir vurmaq, baş yarmaq kimi  rituallara ehtiyacı olmayıb, nə də belə  "fədakarlıqdan" umacağı yoxdu. Fədakarlıq  cahillikdən və xurafatdan uzaq durmaqdı. Fədakarlıq imam - iman sevgisini nifrətə çevirməməkdi. Fədakarlıq imandan gəlir, Allah yolundan, peyğəmbər sevgisindən başlayır. Sevgi tam olmalıdı. Din, iman yaradıcılarının birini o birindən fərqləndirmək yarımçıq sevgidi.  Məhz həmin yarımçıq sevgi cahilliyə yol açır.

Ki... bu  yol da aşuradan keçir...

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR