Uşaqların dini mərasimlərdə iştirakı

Məhərrəmlik ayında təşkil olunan  dini tədbirlərdə, aşura günlərində bir çoxları körpə uşaqlarla birgə iştirak edir. İnsanların zəncir vurması, bədənlərinin al-qana batması və digər "ənənələr" uşaqların gözləri qarşısında icra olunur. Azyaşlı uşaqlarla bu cür dini mərasimlərə qatılan valideynlər bəlkə də, bütün bunların onların yaddaşında hansı travmaların iz saldığını bilmirlər. Bunu bir ənənə kimi düşünərək, övladları ilə birgə təziyyə günündə iştirak edirlər.

Bu sahədə maariflənmə işlərinə böyük ehtiyac var. Məktəblərdə uşaqların həmin gün dərsə olan davamiyyətləri ciddi yoxlanmalı, valideynlər məlumatlandırılmalıdırlar.

Olaylar.az psixoloqlar arasında uşaqların dini mərasimlərdə iştirakı ilə bağlı sorğu keçirdi. Sorğuda iştirak edən psixoloqlar uşaqların dini tədbirlərdə iştirakı gələcək həyatlarında müsbət və mənfi anlamda nə kimi təsir göstərə biləcəyini, bu cür tədbirlərdə ( aşura günü) iştirak onlarda hansısa travmanı yaradırmı sualına cavab veriblər.

Psixoloq Fərqanə Mehmanqızının fikrincə, uşaqların bu cür dini mərasimlərdə iştirakı onlarda dinə qarşı gözəl hisslər deyil, qorxu yaradır: "Ən önəmlisi isə fobiya formalaşdırır.  Bəlkə də bu gün daxillərindəki o qorxunu və qorxudan yaranan özgüvənsizliyin nəticəsini biz uşaqda nadinclik kimi görəcəyik. Amma bunun təməlinin belə məclislər olduğunu anlamalıyıq. Uşaqlara dini, tanrını, inanclarımızı sevgi ilə anlatmalıyıq. Ölüm xofuyla deyil. Bundan əlavə, insanların içində bir inanc olmaldır: Gözəlliyə, gələcəyə dair. Bu inanc bu və ya digər səbəbdən şübhəli olsa, o zaman o adamın həyatında xoşagəlməz hadisələr yer alacaq. Qara geyimlər, zəncir vuranlar, şiddətli ağlaşma, göz yaşı- bütün  bunlar hamısı uşaqlarda mənfi izlər buraxır. Onlara ölüm qorxusu artıq şüuraltı yeridilir".

Fərqanə Mehmanqızı bildirir ki, valideynlər "özlərinə bu adəti erkən yaşda uşaqlara öyrətmək nə verəcək" deyə sual verməlidirlər. "Çoxları məni də aparıblar, amma heç nə olmayıb, psixoloji cəhətdən də sağlamam deyə bilər. O adamlar tək qaldıqları zaman  daxillərinə baxsınlar. Canlarını sıxan nədi, qorxuları nədi, onları nə düşündürür. Daxilimizdəki qorxuların səbəbləri usaqlıqda aşılananlardı və bu şüuraltı beynimizə yeridilərək,  həyat tərzimizi müəyyənləşdirir. Hər yaşın öz dərketmə baxışı var. Övladlarımızı gərəksiz yükləməyək."

Psixoloq Aynur Quliyeva bildirir ki, bu çox acınacaqlı durumdur: "Təəssüf ki, zəif düşüncə sahibləri hələ də hadisələri uşaqların beyinlərinə yerləşdirərək, onların da gələcəkdə bu tədbirləri davam etdirməyə, təkrarlamalarına yol açırlar. Məhz bu səbəbdən daim yerimizdə sayacağıq".

"Çox aktual məsələdir. İlk öncə onu qeyd etmək istərdim ki, uşaqlara dinlə bağlı informasiyanın 4 yaşından etibarən verilməsi məsləhətdir.İnformasiyanı verəndə daha səthi və dəqiq formada çatdırmaq lazımdır. Bəzi vəziyyətlərdə elə hallarla rastlaşırıq ki,valideynlər uşaqda olan dini həvəsi patoloji asılılığa,qorxuya və hətta fobiya formasına qədər gətirib çıxarırlar. Bu patoloji asıllılıq uşaqlarda obsessiv fikirlər yaradır. Məsələn "mən çörəyimi kimləsə bölməsəm Allah baba mənim atamı-anamı öldürəcək". Bir növ dini yanlış tərbiyə üsuluna çevirirlər. Fikrimcə, övladlarımız dinini tanıyıb,dualar etməyi bacarmalıdır. Qaldı ki uşaqların dini mərasimlərdə iştirakına, bəli, din insanlara əxlaq, tərbiyə üsullarını öyrədir və bunu uşaqların bilib tərbiyələnməsinin heç bir pis halı yoxdur". Mövzu ilə bağlı fikirlərini bölüşən psixoloq İlkin Kazımlı bildirib.

İlkin Kazımlı qeyd edir ki, hər il müsəlman aləmində aşura günü qeyd olunur və uşaqların bu günlərdə iştirakına qaldıqda isə uşaqların sadəcə bu gün barəsində informasiya almaları yetərlidir. "Yəni aşırı formada (məsələn,  zəncir vurmaq, qollarını kəsmək və s.) yox, normal formada bu günü anlasınlar və həmin günün yaranma tarixi barədə informasiya toplayaraq, məlumatlana bilsinlər".

Qeyd edək ki, aşura günü insanların özlərini zəncirlərmə və qançıxartma kimi halların qarşısını almaq üçün qanvermə aksiyalarına start verilib. Bu məqsədlə, sentyabrın 20-də aşura günündə Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyaları keçiriləcək. Bakı şəhərində Binəqədi rayonu "İmam Əli məscidi", Xəzər rayonu 14 saylı Birləşmiş Şəhər xəstəxanası və "Mir Mövsüm ağa Ziyarətgahı", Nəsimi rayonu "Əjdər bəy məscidi" (mərasim zalı) və 20 saylı şəhər poliklinikası, Nizami rayonu "Şah Abbas məscidi", Sabunçu rayonu "Rəhimə xanım ziyarətgahı", Səbail rayonu "Bibiheybət məscid ziyarətgahı" və "İçəri şəhər Cümə məscidi", Suraxanı rayonu "Qaracuxur məscidi", Yasamal rayonu "Təzə pir məscidi" və "Hacı Soltanəli məscidi"ndə keçiriləcək.

Bu il ilk dəfə olaraq vətəndaşların Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinə olan müraciətləri nəzərə alaraq, regionlarda da analoji aksiyaların təşkili nəzərdə tutulub. Aksiyalar Gəncə şəhəri "İmamzadə kompleksi", Lənkəran şəhəri "Böyük bazar məscidi", Mingəçevir şəhəri "Heydər məscidi", Sumqayıt şəhər "Cümə məscidi", Şəki şəhəri "İmam Əli məscidi", Mərkəzi Qan bankının Şırvan bölməsi, Ağcabədi Mərkəzi rayon xəstəxanası, Beyləqan Mərkəzi rayon xəstəxanası, Bərdə rayonu "Bərdə İmamzadəsi", Biləsuvar rayonu "Cümə məscidi" (mərasim zalı), Cəlilabad Mərkəzi rayon xəstəxanası, Xaçmaz şəhər məscidi, Ağsu rayon mərkəzi xəstəxanası, Qan bankının Quba bölgəsi, Masallı şəhər Cümə məscidində təşkil olunacaq.

Ay An

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR