İlahiyyat İnstitutunun açılış mərasimi olub

Sentyabrın 17-də Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) açılış mərasimi keçirilib. "OLAYLAR" xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Türkiyə Diyanət Vəqfi 29 Mayıs Universiteti İdarə Heyətinin sədri Tayyar Altıkulac, Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri və digər məsul şəxslər iştirak ediblər.

Tədbirdə Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov əsasını ulu öndər Heydər Əliyevin qoyduğu dövlət-din siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da bu sahəyə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb. Aİİ-nin yaradılmasının dövlətimizin başçısının dinə, mənəvi dəyərlərə qayğısının ən böyük göstəricilərindən biri olduğunu söyləyən rektor bu müdrik qərara və din sahəsinə göstərdiyi yüksək diqqətə görə bütün ilahiyyatçılar adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Sonra Etibar Nəcəfov, Mübariz Qurbanlı, Tayyar Altıkulac, Siyavuş Novruzov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullah və başqaları çıxış edərək Aİİ-nin yaranması münasibətilə xalqımızı və institut heyətini təbrik ediblər. Natiqlər yeni təhsil müəssisəsinin quruculuğu sahəsində görülən işləri təqdir edərək Aİİ rəhbərliyinin və formalaşdırılan kollektivin bu böyük məsuliyyətin öhdəsindən uğurla gələcəyinə əminliyini bildiriblər.

Tədbirdə iştirak edən dini icmaların rəhbərlərinin adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR