İnsanı sevmək vəzifəsi

Bismilləhir-Rahmənir-Rahim

Ötən bəhslərimizdə biz yeni bir müstəvidə söhbətə başladıq və o bəhsimizin məzmunu bundan ibarət idi ki, insanların bir-birindən fərqlənməsinə - birinin ağdərili, birinin qaradərili, olmasına, birinin inanan, digərinin inanmayan olmasına baxmayaraq, müəyyən mövzular ətrafında hamı ümumi bir fikrdədilər. Bir mövzu, bir məsələ var ki, onun adı gələndə hər bir kəs ki, normal insandır - bu məsələ önündə ehtiramını ifadə edir. Söhbət insani dəyərlərdən gedir.

Hamı belə etsə...

Biz gəlib bu hissəyə çatdıq ki, bu insani dəyərlər arasında xüsusi çəkisi ilə seçilən bir fenomen var. Hətta belə demək olar ki, bu insani dəyərlərin cövhərini, qəlbini təşkil edən bir dəyər var. Bu dəyər - insanın bəşər övladına olan məhəbbətindən yoğrulan, ülvi İlahi hissdən irəli gələn davranış konsepsiyasını ehtiva edir. Bu dəyəri bəşəriyyətə olduğu kimi tanıtdıran, onu müxtəlif ötəri nəsnələrdən xali bir durumda təqdim edənlər - İlahi peyğəmbərlər (ə) və onların bu mübarək missiyasının davamçıları olan İmamlar (ə) olub.

Bir əlamətdar nöqtəyə də toxunduq ki, Allah Kitabı olan Qurani-Kərimdə Peyğəmbərimizin (s) insana olan sevgisinin şiddətinə işarə olunub. Allah Təala Rəsuli-Əkrəmə (s) xitabən buyurur ki, sən o qədər narahatsan, sənin o qədər ürəyin yanır insanların hidayət olub-olmamasına ki, az qala canını həlak etmisən.

Dinimiz bizə mühüm çatdırışı var: insanın dəyərini bir keyfiyyət xüsusi artırır. Bu keyfiyyət, ümumi olaraq, "dərdli olmaq" kimi səciyyələnir. Mal-dövlətin, kreslonun, karyeranın dərdlisi deyil, bəşəriyyətin dərdlisi, insanın səadətinin dərdlisi olmaq. İnsanın aqibəti üçün narahat olmaq. İnsanları sevmək vəzifəsi bir insani missiya kimi təqdim edilir dinimiz tərəfindən.

Bir əlamətdar misala toxunduq ki, İmam Əli (ə) qeyri-müsəlman qadına qarşı olan zülmdən bağrı çatlayan müsəlmanın, həyatını itirən müsəlmanın ölümünü "kişiyə layiq bir ölüm" adlandırmışdır.

Sonra isə İmam Cəfər Sadiqin (ə) mübarək nümunəsindən bəhrələndik. Qıtlıq zamanı İmamın (ə) öz malını bazara çıxarması, qıtlığın azalmasına töhfə verməsi ilə bağlı rəftarına, toplumla bağlı fərdin üzərinə düşən məsuliyyətdən bəhs edən nümunəyə toxunduq.

Maraqlıdır ki, İmam (ə) bahalığın qarşısını almağa töhfə vermək üçün xidmətçiyə tapşırıq verəndə ki, evdə olan malların hamısını bazara apar, bu hadisəni nəql edən xidmətçi deyir: mən təəccüblə İmama (ə) üzümü tutaraq söylədim ki, bu, nə tapşırıqdır Siz buyurursunuz? Ximətçi anlaya bilmir ki, İmam (ə) nə istəyir. İmam (ə) yenidən sözünü təkrar edir və təkidlə buyurur ki, evdə olan bütün azuqə bazara aparılmalıdır. İmam (ə) bir nümunə qoyur ki, el-obaya çətinlik gəldiyi məqamda özünü düşünmə, çalış maksimal surətdə problemlərin çözülməsinə yardım edəsən. Elliklə çətinliklərdən çıxmaq daha asan olur, daha məhsuldar olur.

İstəmək zəhmətini onun üzərindən götürmək

Buradan çıxarılan insanpərvərlik dərsi, cəmiyyətin qeydinə qalmaq, toplumun dərdinə fərdin şərik olması dərsləri araşdırıldı. Bir nöqtə də qeyd edilməlidir ki, İmamlarımız (ə) nəinki nəzəri halda, teoretik halda insanların dərd-sərini düşünüblər, əslində onlar praktik halda bunu təzahür etdiriblər. Həm özləri insanları düşünmək, insanları sevmək, toplumu nəzərə almaq həyatını yaşayıblar, həm də başqalarına bunu canlı surətdə nümunə kimi göstəriblər.

Axı aydındır ki, bazarda qıtlıq yarananda sərgilənən davranış kimi sadə bir misalda əgər hər kəs İmam Sadiq (ə) kimi rəftar etsəydi, yaranan acınacaqlı vəziyyət dərhal həll olardı. O insanlar ki, belə etməyə imkanları yoxdur, bu cür edənlərin sayəsində problemlərini həll edərdilər. Məhz beləcə zəncirvari reaksiyanın getməsi sayəsində toplumda problemləri həll etmə vərdişləri yaranır.

Diqqət etsək, sadə həyati situasiyalarda sərgilədikləri yanaşma ilə İmamlarımız (ə) cəmiyyətdə işlək özünütənzimləmə mexanizmlərinin əmələ gəlməsinə və bu mexanizmlərin sayəsində toplumda yarana biləcək problemlərin aradan qalxmasına, yeri gəldikdə, bu problemlərin önlənməsinə xidmət edən bir dəqiq yollar göstəriblər. Dinimiz cəmiyyətdə qarşılıqlı yardıma hər zaman təşviq etmişdir. İmam Əlidən (ə) nəql edirlər: "Sizlərdən hər biriniz qardaşının ehtiyacının olmasını bildiyi zaman, (gərək) istəmək zəhmətini onun çiynindən götürsün".

Görürük ki, o qədər helmli, alicənab və diqqətli olmağa çağırış var burada ki, ehtiyaclı insan heç öz ehtiyacını dilinə belə gətirmədən, toplum üzvləri onun ehtiyaclarını ödəməyə tələssinlər. Həmin insanın izzəti-nəfsi də gərək zədələnməsin, qüruru əldən getməsin. Cəmiyyətin ahıl, şikəst, xəstə, yetim təbəqələrini qayğı ilə əhatə edən proqramların fəaliyyət göstərməsinə əməli tövsiyə var burada.

İmam Sadiq (ə) buyurub: "Nə qədər ki, mömin öz qardaşına kömək edir, Allah da ona yardım edər".

İmanlı insan üçün gerçək fəaliyyət düsturudur bu.

Digər yerdə İmam Sadiqdən (ə) belə nəql edirlər: "Əgər ehsan və yardım səksən əldən keçsə belə, sahibinin əcrindən heç nə azalmadan onların hamısının mükafat qazanmalarına səbəb olar".

Görürük ki, davamlı və sistemli xeyriyyə proqramlarının həyata keçirilməsinə dəvət var burada. Tək-tük təzahürlərdən çox, kütləvi halların yaşanmasının üstünlüklərinə diqqət var burada.

Yalançı zirəklik

Amma obyektiv həqiqət budur ki, bu gün dünyada bunun əksi müşahidə olunur. Bəşər bu gün daha çox fərdiçilik yanaşmasına meyillidir. Bir çox məfkurələrdə qıtlıq zamanı fərqli reseptlər təklif olunur. Orada deyilir ki, zirək tərpən, mənfəət dalınca ol. Gördün ki, bazarda qıtlıqdır - malı gizlət, daha baha olmağını gözlə. Qoy insanlar aclıq çəksin, evdən nəsə satıb, çörəyə versin - sən işində ol. Hələ nəinki qıtlıq zamanı mal gizlətmək zirəklik sayılır bugünkü dünyada, hətta normal sayılır ki, həmin bu qıtlıq süni surətdə yaradılsın, bazar iştirakçıları möhtəkirlik etsin, inhisarçılıq etsin, camaatın cibinə girsin.

Heç uzağa getməyək. Bugünədək dünyanı silkələyən maliyyə böhranı məhz bu cür inhisarçılığın, möhtəkirliyin, cürbəcür məkrli sxemlərin nəticəsidir. Milyonlarla insan müflis olur, bədbəxtliyə düçar olur, evsiz-eşiksiz qalır, amma bu zaman bir ovuc inhisarçı işbaz varidatını birə-on artırır, itlərinə daş-qaşlı xalta taxır, xalis qızıldan düzəldilən əlüzyuyanlardan istifadə edir. Oxşar hadisələr ölkəmizdə də cərəyan edir. Amma varmı bütün bunlara dünyada güclü ictimai qınaq? Əsla! Bir çox insandan xəbər alsan, deyəcək zirək adamlardır. Hələ bir "bacarana can qurban" kimi absurd şüarlarla belə iqtisadi və mənəvi vandallığa bəraət də qazandıracaqlar. Bax, qeyri-İlahi dəyərlər sisteminin təqdim etdiyi yanaşma budur. "Sən öz karına qal, özgələr ilə nə işin" məntiqi burada prioritet rol oynayır.

Əks sistemdə - Həzrət Peyğəmbərin (s) gətirdiyi və məsum İmamların (ə) yaşatdığı mübarək sistemdə - insandan başqa davranış konstruksiyası gözlənilir. Burada istənilir ki, sən insan olaraq qayğılı olasan digər insanların dərdləri ilə. Laqeyd olmayasan, bivec olmayasan. İnsanlara məhəbbətin olsun. Qəlbin məhəbbətlə şölələnsin.

Qəlbini məhəbbətlə doldur

Həzrət Peyğəmbər (s) - bəşərin tərbiyəçisidir. Tək öz dövrünün deyil, bütün dövrlərin insanları üçün kamil insan olmağın yollarını göstərir. Biz görürük ki, insanların bir-birinə münasibətinin optimal olmamasından narahat olan Rəsuli-Əkrəm (s) insanlara: "Nə olub sizə?!" deyə müraciət edir. Rəsulullahın (s) missiyası - insanlara məhəbbət dərsi keçməkdir, insanlıq dərsi keçməkdir. Odur ki, müraciət edir topluma, deyir nə olub sizə? Rəsulallahın (s) bu mübarək cümləsi hər zaman üçündür, hər gün üçündür.

Mücərrəd yanaşmayaq dinimizin konkret tövsiyələrinə. Peyğəmbərimiz (s) deyir: nə olub sizə? Bir-birinizə sevginizi, məhəbbətinizi niyə bildirmirsiniz? Bir-birinizə dostcasına, məhəbbətlə niyə nəsihət etmirsiniz? Bir halda ki, İlahi məntiqə görə sizlər bir-birinizin qardaşısınız. Bax beləcə Peyğəmbərimiz (s) ayıldır bizi. Bax beləcə məhəbbətlə yönəldir məhəbbətli həyat sürməyə.

"Merac" hədisində Allah Təalanın adından nəql olunur: "Ya Muhəmməd! Mənə görə biri-birinə məhəbbət bəsləyənlərin Mənim məhəbbətimə haqları var. Mənə görə öz aralarında mehriban olanların Mənim məhəbbətimə haqları var. Mənə görə biri-biri ilə əlaqə yaradanların Mənim məhəbbətimə haqları var. Mənə təvəkkül edənlərin Mənim məhəbbətimə haqları var. Mənim məhəbbətimin nə bir nişanəsi, nə sonu, nə həddi var. Onlar üçün bir nişanə ucaltsam, bir nişanə də endirərəm".

Digər bir xatırlama. İmam Əlinin (ə) Malik Əştəri Misir valisi təyin etdiyi fərmanından: "Qəlbini camaata qarşı mehr-məhəbbət və lətafətlə doldur..."

Yaxud biz görürük bir başqa mübarək hədisdə İmam Sadiq (ə) topluma, insanlara bir-biri ilə necə yaşamaq, necə davranmaqla bağlı tövsiyələr verir. İmam Sadiq (ə) buyurur ki, bağlanız bir-birinizə, bir-birinizdən qırılmayın. Bir-birinizə nisbətdə yaxşılıq və mehribançılıq ediniz. Bir-birinizin xeyrini istəyən qardaşlardan olunuz. Necə ki, Allah Təala bunu sizlərdən istəmişdir...

İnsan - ictimai varlıqdır

Mübarək İslam mətnlərinə, Rəsuli-Əkrəm (s) sözünə, İmam Əli (ə) bəlağətinə nəzər saldıqda, bir mühüm mövzunun parlaq bir haqq kimi nəzərə çarpmasını görürük. Bu həqiqət ondan ibarətdir ki, insan ictimai bir varlıqdır. İnsanın ictimai varlıq olması, onun öz fərdi məsələlərini həll etməklə yanaşı, cəmiyyət üzvü olaraq da üzərinə düşən vəzifələri də həll etmək missiyasını ehtiva edir.

Daha aydın söyləsək, belə anlanılar: insan bir varlıqdır ki, onun yetişməsi, onun tam inkişafı, kamilləşməsi ancaq toplumda mümkündür. Hətta tədqiqatlar onu göstərir ki, insan o dərəcədə ictimai məxluqdur ki, əgər onu müəyyən inkişaf yaşına qədər tək saxlasan və başqa insanlarla ünsiyyəti olmasa, həmin şəxs elementar insani keyfiyyətlərə malik olmaz. Danışa bilməz, çox şeyi dərk edə bilməz, şüuru o qədər də inkişaf etməz.

Təhlillər göstərir ki, toplumda yaşayan insanın 5 yaşına qədər əldə etdiyi sadə vərdişləri, təcriddə yaşayan şəxs heç onilliklər ərzində də müstəqil əldə edə bilmir. Adicə elə bu göstərir ki, insan nə dərəcədə ictimai varlıqdır. Onu göstərir ki, insan, insanlar arasında yaşamaq üçün göndərilib. Əslində, insanın başqa varlıqlardan fərqi də elə məhz budur. Yuxarıda araşdırdıqlarımız mövzular da elə bunun üzərindədir. İnsanın ictimai varlıq olaraq üzərinə düşən vəzifələri ətrafındadır.

Amma burada bir mühüm məqam da ortaya çıxır. Toplum, əslində müəyyən mühitlər formalaşdırır. İnsan da bu mühitlərin təsiri altına düşə bilir. Müsbət və mənfi mənada. İnsan bir mühitə düşə bilər ki, orada insanlar səmimidir, qurucudur, mehribandır, haqqı deyəndir, İlahi dəyərləri yaşadandır. Təbii ki, bu mühitdə insan həmin keyfiyyətləri tədricən qəlbinə hopduracaq, bu xüsusiyyətlər onun daxilinə keçəcək. Amma elə də ola bilir ki, insan yaltaq, yalançı, riyakar, iblisvari mahiyyətli bir mühitə düşsün. Bu halda o, mühitin təsirinə qarşı gerçək daxili immunitetə malik olmalıdır. Olmasa, vücudən həlak olar. Mühit insana deyir ki, gəl mənə oxşa, mənim rəngimi özünə götür. Etsən, insanların razılığını qazanarsan, sənə "afərin!" deyərlər. Amma ağlı başında olan insan anlayır ki, mühit ola bilər səhv etsin, səhv dəyərlər aşılasın. Elə deyil ki, mühit necə istəsə, haqq elə odur. İnsanın dəqiq meyarları olmalıdır bunları təhlil edib, düzgün yolu seçmək üçün.

Bu mövzu ilə əlaqədar İmam Museyi-Kazimdan (ə) gələn bir mübarək kəlama nəzər salaq. İmam Museyi-Kazim (ə) özünün məşhur şagirdlərindən biri olan Hişam ibn Həkəmə müraciətlə buyurur. Deyir: "Ey Hişam, əgər sənin əlində bir ədəd qoz olsa, ancaq adamlar onu mirvarı adlandırsalar, bunun sənə heç bir xeyri yoxdur. Çünki sən bilirsən ki, bu, qozdur, mirvari deyil".

Bəli, adama çox şey deyərlər. Adama günahı savab kimi göstərərlər. Adam yaltaqlıqla vəzifəyə gedəndə, deyərlər müasir adamdır, zəmanə adamıdır. Adam prinsipiallıq göstərəndə, əqidəli olanda mühit deyə bilər ki, o, geridəqalmışdır, zəmanə adamı deyil.

Əgər insanın əqidəsi, vicdanı varsa, o, camaatın ona nə deməsindən asılı olmayaraq, əməllərini Allaha xoş gələn kimi edəcək, kiməsə yarınmaq üçün yox. Mümkündür insana deyələr ki, rüşvətxorluq, haqq basmaq, qocaların, yetimlərin cibinə germək, həqiqəti danmaq pis iş deyil, hamı belə edir. Mümkündür bütün bu eybəcərlikləri bəzəyib-düzəsinlər, insanın gözündən pərdə asmaq istəsinlər. Amma insan əqidəlidirsə, o, bütün bu oyunlara imza atmayacaq. O, unutmayacaq ki, camaatın dediyinə rəğmən, əlindəki mirvari deyil, qozdur...

Bu ürək, bu qəlb - Allahın insana verdiyi əmanətdir. Gərək insan oraya heç bir mənfilikləri, eybəcərlikləri buraxmasın. Mühit ondan qeyri davranışı gözləsə də belə. Gərək şərəfini, ləyaqətini, şəxsiyyətini qorusun. Gərək qoymasın qəlbi paslana, çürüklük qəlbinə yol tapıb, onu həlak edə. Gərək hər zaman Allahın razılığını düşünsün, vicdanı ilə harmoniyada olsun.

Allahım! Bizləri Həzrət Peyğəmbərin (s) və onun pak Əhli-Beytinin (ə) haqq və ədalət yolunda sabitqədəm olanlardan qərar ver! Amin!

Hacı İlqar İBRAHİMOĞLU

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR