Azərbaycanın tolerantlıq modelinin dünyaya təbliği

Cənab Prezidentin bu sahəyə münasibətinin göstəricisidir

Bu gün Azərbaycan dövləti dünyada bütün keyfiyyətlərinə görə tolerant ölkə kimi tanınır. Ölkəmizdə dini müxtəlifliyin mövcud olması,  bütün dinlərin nümayəndələrinə ölkədə normal şəraitin yaradılması Azərbaycanı bir növ dini sivilizasiyaların, dinlərarası dialoqun mərkəzinə çevirib. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət hər ötən il keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyur.

Ümumiyyətlə, Azərbaycanda cəmiyyət həyatının müxtəlif sahələrindəki münasibətlərin ən yüksək səviyyədə tənzimlənməsi üçün mükəmməl idarəçilik sisteminin qurulması Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın XX əsrin əvvəllərində yenidən müstəqilliyini bərpa etməsindən sonra xalqımızın milli-mənəvi dəyərlərinə yenidən qayıdışı, unudulmaqda olan milli-mənəvi dəyərlərin yenidən dirçəldilməsi də məhz Ulu Öndərin yorulmaz fəaliyyətinin nəticəsi olub. Hələ sovetlər dönəmində milli-mənəvi, o cümlədən dini dəyərlərimizin qorunmasını müxtəlif mexanizmlərlə gerçəkləşdirən ümummilli Lider Heydər Əliyevin müstəqillik dönəmində bu istiqamətdə yürütdüyü siyasət daha genişspektrli xarakterə malik olub. Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması ilə yanaşı, bu dəyərlərin ayrılmaz tərkib hissəsi olan tolerantlıq və humanizm ənənələrinin davam etdirilməsinə xüsusi diqqət yetirib.

Məhz müstəqil Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi, dini etiqad azadlığının təmin olunması məqsədi ilə ümummilli Lider Heydər Əliyevin 21 iyun 2001-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Yarandığı dövrdən bəri Komitənin qarşısında böyük vəzifələr qoyuldu. Dini etiqad azadlığının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini qurumların Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatının aparılması, dini qurumlara lazımi yardımın göstərilməsi, müxtəlif dini etiqadların dini qurumları arasında qarşılıqlı anlaşmanın və bir-birinə dözüm və hörmətli münasibətin möhkəmlənməsinə kömək edilməsi, dini zəmində qarşıdurma və ayrı-seçkilik hallarının, digər mənfi təzahürlərin qarşısının alınması üçün Dövlət Komitəsinin fəaliyyəti ildən-ilə gücləndirildi.

Bu sahədə əsası Heydər Əliyev tərəfindən qoyulan strateji xətt Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilməkdədir. Bu gün Azərbaycanda müxtəlif dini konfessiyaların fəaliyyəti üçün yüksək səviyyədə şəraitin yaradılması, dini məbədlərin - məscidlərin, kilsələrin, sinaqoqların dövlət vəsaiti hesabına tikilərək dindarların istifadəsinə verilməsi, dini maarifçilik işinin gücləndirilməsi məqsədi ilə dini icmalara maliyyə vəsaitlərinin ayrılması, Azərbaycanın tolerantlıq modelinin dünyaya təbliği məhz cənab Prezidentin bu sahəyə münasibətinin göstəricisidir. Bu mənada, Dövlət Komitəsi də diqqətdən kənarda qalmamış, son illərdə Dövlət Komitəsinin səlahiyyətləri artırılıb, bir çox istiqamətlərdə yeni səlahiyyətlər verilib.

Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu, 09 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun yaradılması milli-mənəvi dəyərlərimizə və mütərəqqi tarixi ənənələrimizə verilən yüksək qiyməti və dəstəyi bir daha nümayiş etdirməklə yanaşı, Dövlət Komitəsinin qarşısında mühüm vəzifələr və hədəflər qoyub. Artıq 17 ildir ki, fəaliyyət göstərən Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu gün bu diqqət və qayğıdan bəhrələnərək işini günün tələbləri səviyyəsində qurmaqla, ölkəmizdə dini konfessiyalar arası münasibətləri ən yüksək səviyyədə tənzimləməkdədir. Dövlət Komitəsi bu gün nəinki bu sahədəki münasibətləri tənzimləyir, həmçinin, dini icmaların fəaliyyətinin yüksək səviyyədə təşkilinə çalışır. Bu gün Dövlət Komitəsi təkcə ölkəmizdə deyil, ölkəmizdən kənarda da tolerantlıq və humanizm ənənələrinin təbliği üçün müxtəlif konfrans və simpoziumlar təşkil edir. Son dövrlər Dövlət Komitəsinin bu sahədəki fəaliyyəti daha da güclənmiş, milli-mənəvi dəyərlərin təbliği, qeyri-ənənəvi dini cərəyanlara və radikal qruplara qarşı ideoloji səddin yaradılması prioritetə çevrilib.

Nəticə olaraq deyə bilərik ki, bu gün bütün sahələrdə olduğu kimi, dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində də ölkəmizdə formalaşdırılmış model özünəməxsusluğu ilə seçilir və bu mexanizm ən mükəmməl formada fəaliyyət göstərməkdədir. Məhz bunun nəticəsidir ki, bu gün ölkəmizdə bütün dini konfessiyaların nümayəndələri birlik, bərabərlik, qardaşlıq şəraitində yaşayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözləri ilə ifadə etsək: "Bugünkü Azərbaycanı dini dözümlülük, tolerantlıq mühiti səciyyələndirir".

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR