Oruc tutmaq bütün ilahi dinlərdə mövcud olan ibadətdir

Artıq müsəlmanların müqəddəs ayı hesab edilən Ramazan ayına start verilib. Bu ayın fəzilətləri, üstün cəhətləri, xeyiri barədə müqəddəs kitabımız olan Qurani Kərimdə də qeyd edilir. Quranda müxtəlif ayə və surələrdə Ramazan ayından, bu ayda oruc tutmağın fəzilətlərindən danışılır.

Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin sədri Ramiq Vəliyev deyir ki, müsəlmanlar üçün önəmli ibadətlərdən biri də oruc tutmaqdır: "Bu səbəbdən oruc ibadətinin necə yerinə yetirilməsi haqqında müqəddəs kitabımız Quran-i Kərimdə yer alan ayələri təkrarlamağın faydalı olacağını düşünərək, həmin ayələri diqqətə çatdırmaq istəyirəm.
Lakin ilk olaraq qeyd etmək istəyirəm ki, oruc tutmaq bütün ilahi dinlərdə mövcud olan ibadətdir. Oruc ibadəti ilahi dinlərdə qaydalar etibarı ilə bir-birindən fərqlənsə də, mahiyyət etibarı ilə eynidir.
Oruc tutmağın müsəlmanlar üçün vacib olduğunu bildirən ayə, bu ibadətin İslamdan öncəki ilahi dinlər tərəfindən də vacib buyurulduğunu bildirir. 
Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz. (Bəqərə Surəsi, 183)
Oruc ibadəti haqqında ən dolğun məlumat Quran ayələrində mövcuddur. Orucun ilin hansı ayında tutulmasını bildirən ayə aşağıdakı kimidir:

İnsanlara doğru yolu göstərən, bu yolun və (haqqı batildən) ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər (həmin ayı) oruc tutmalıdırlar. (Bəqərə Surəsi, 185) Allah ayələrdə oruc ibadətinin Ramazan ayında yerinə yetirilməsini bildirib. Ayədə həmçinin Qurani-Kərimin Ramazan ayında nazil eldildiyinə diqqət çəkilib".
Ramiq Vəliyev deyib ki, Oruc ibadəti Ramazan ayı boyunca hər gün dan yerinin ağarması ilə başlayıb günəşin batması ilə başa çatır: "Orucun müsəlmanların üzərinə gətirdiyi cavabdehliyin sübhdən axşama qədər yeyib-içməmək və müsəlman kişilərin qadınları ilə cinsi münasibətdə olmamaları olduğu bildirilib. ...Dan yeri söküləndə ağ sap (şəfəq) qara sapdan (gecənin qaranlığından) seçilənə qədər yeyin-için. Sonra gecəyədək orucunuzu tamamlayın... (Bəqərə Surəsi, 187) ...Orucluq gecəsi zövcələrinizlə yaxınlıq etmək sizə halal edildi... (Bəqərə Surəsi, 187)
Allah oruc tutmağa gücü, taqəti çatmayan insanlara oruc tutmalarının yerinə yaxşılıq edib, bir yoxsulu yedirmək şəklində asanlıq yaradıb. Uca Rəbbimiz müsəlmanların xəstəlik və ya səfər halında yaşayacaqları çətinilikləri də nəzərə alaraq, bu şərtlərdə olan müsəlmanların daha sonra buraxdığı günlərin sayı qədər oruc tutub sayı tamamlamalarını istəyib.
Müəyyən sayda olan günləri (oruc tutmalısınız.) Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda (oruc tutmalıdırlar. )Buna taqəti olmayanlar isə bir kasıbı yedirtməklə fidyə verməlidirlər. Kim könüllü olaraq yaxşılıq etsə, bu onun üçün daha xeyirli olar...(Bəqərə Surəsi, 184)
Oruc haqqındakı ayələri ümumiləşdirdiyimizdə, Allahın müsəlmanlar üçün əmr etdiyi oruc ibadəti haqqında öyrəndiklərimiz aşağıdakı kimidir:
Hər müsəlman üçün ramazan ayı boyunca oruc tutmaq vacibdir. Oruc ibadəti dan yerinin ağarması ilə başlayıb günəşin batması, yəni havanın qaralması ilə bitir. Oruc tutan hər müsəlman bu zaman dilimində heç bir şey yeyib içməməli və cinsi əlaqədə olmamalıdır. Xəstə və səfərdə olanlar həmin zamanlarda oruc tutmaqla mükəlləf deyillər. Lakin tutmadıqları günlərin sayı qədər sonrakı günlər oruc tutaraq aydakı sayı tamamlamalıdırlar. Oruc tutmağa gücü və taqəti çatmayanlar isə yaxşılıq edib bir yoxsul yedirməklə oruc ibadətlərini əvəzləmə kimi bir güzəştə sahibdirlər. 
Oruc tutmaq əsas mahiyyəti ilə Allahın razılığını qazanmaq üçün yerinə yetirilən bir ibadətdir. Bununla yanaşı orucun insana mənəvi və cismani olaraq faydaları da mövcuddur ki, bu başqa bir yazının mövzusudur. 
Allah bir Quran ayəsində oruc tutmağın insanı pis əməlllərdən çəkindirdiyini bu şəkildə bildirir: 
Ey iman gətirənlər! Siz-dən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz. (Bəqərə Surəsi, 183)
Oruc tutmanın insan üçün çox faydalı olduğuna digər bir ayə ilə diqqət çəkilir: 
Biləsiniz ki, sizə oruc tutmaq daha xeyirlidir. (Bəqərə Surəsi, 184)".

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR