Dini Komitənin Şamaxıda təşkil etdiyi seminar başa çatıb

Aprelin 24-də Şamaxıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili" mövzusunda keçirilən ikigünlük seminar-müşavirə öz işini başa çatdırıb. "OLAYLAR" xəbər verir ki, gənclər, yuxarı sinif şagirdləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi seminar-müşavirənin ikinci günündə öncə DQİDK-nın sifarişi ilə çəkilmiş dini radikalizm və terrorizmin fəsadlarından bəhs edən "Üfüqdəki gələcək" sənədli filmi nümayiş etdirilib.

Daha sonra çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərova bildirib ki, Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu və bu gün dövlət başçısı İlham Əliyevin davam etdirdiyi dövlət-din münasibətləri sağlam prinsiplər üzərində qurulub. Vurğulayıb ki, müstəqil Azərbaycanda ənənə halını almış tolerant və multikultural mühit bütün dünyada təbliğ və təşfiq olunmaqdadır. Qeyd edib ki, gənclərin dini radikalizm və onun fəsadları barədə məlumatlandırılması istiqamətində bu cür seminar-müşavirələrin əhəmiyyəti yüksəkdir.

DQİDK sədrinin birinci müavini Səyyad Salahlı çıxışında dinimizin fundamental dəyərlərinin geniş təbliğ edilməsinin vacibliyini qeyd edib. Dövlət Komitəsi sədrinin birinci müavini maarifləndirmə və gənclərin dini radikalizmlə mübarizədə fəaliyyətlərinin gücləndirilməsi məqsədilə keçirilən bu cür tədbirlərin gələcəkdə də davam etdiriləcəyini bildirib.

S.Salahlı, eyni zamanda dini radikalizmə qarşı mübarizədə maarifçiliyin əsas silah olduğunu vurğulayıb. O, dini maarifləndirmənin gücləndirilməsi, dinimizin düzgün şəkildə insanlara, xüsusilə gənclərə aşılanmasının radikalizmin qarşısının alınmasında ən effektiv vasitə olduğunu vurğulayıb.  

Sonda çıxış edən DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin tərkibində Dini təhsil sektorunun müdiri Anar Əlizadə deyib ki, bu görüşlər gənclər arasında milli-mənəvi dəyərlərimizin təbliğinə, dinimizin əsaslarının möhkəmləndirilməsinə və dindarlarla əlaqələrin intensivləşdirilməsinə yönəlib. Azərbaycanda dini müstəvidə sabitlik və əmin-amanlığın bundan sonra da dövlətimiz üçün siyasi baxımdan prioritet məsələ olduğunu diqqətə çatdıran A.Əlizadə cəmiyyətimizin, xüsusilə, gənclərin radikal təsirlərdən qorunmasında hər kəsin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.

Daha sonra çıxış edən natiqlər gənclərin ekstremizm və digər zərərli vərdişlərdən qorunması üçün onlar arasında dini maaairfləndirmə işinin aparılmasının önəmini diqqətə çatdırıblar.

Seminar-müşavirə iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR