Şamaxıda  “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda seminar-müşavirə keçirilir

Aprelin 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şamaxıda "Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili" mövzusunda ikigünlük seminar-müşavirə öz işinə başlayıb.

OLAYLAR xəbər verir ki hüquq mühafizə orqanları, din xadimləri, dini icma sədrləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi seminar-müşavirəni giriş sözü ilə açan Şamaxı RİH başçısının birinci müavini Qasım Qasımov tədbirin əhəmiyyətini yüksək qiymətləndirib. RİH başçısının birinci müavini eyni zamanda, rayondakı dini durum və dini icmaların fəaliyyəti barədə ətraflı məlumat verib.

Daha sonra çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlətin din siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, ölkəmizdə tolerant və multikultural mühit formalaşıb və bu, bütün dünyada müasir və mütərəqqi cəmiyyət modeli kimi qəbul edilir. Natiq dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə milli-mənəvi dəyərlərimizin qorunmasına və tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə böyük önəm verildiyini vurğulayıb.

S. Salahlı onu da qeyd edib ki, respublikamızda qəbul edilən qanunlar və normativ hüquqi aktlar dini etiqad azadlığını təmin edir, eyni zamanda, dövlətlə dini qurumlar arasındakı münasibətləri qanun çərçivəsində tənzimləmək üçün hüquqi əsas yaradır.

Dini radikalizmin fəsadlarından da danışan S.Salahlı dünyanın bir çox ölkələrinin dini ekstremizm və terrordan ciddi əziyyət çəkdiyini qeyd edib və Azərbaycanda dini radikalizmə qarşı ideoloji, iqtisadi və hüquqi mübarizə aparıldığını diqqətə çatdırıb. Dövlət Komitəsi sədrinin birinci müavini gənclərin, ziyalıların və din xadimlərinin, bütövlükdə cəmiyyətin dini ekstemizmlə mübarizədə fəal olmalarının vacib olduğunu vurğulayıb.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev dinə və dindarlara göstərdiyi qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə təşəkkürünü bildirib.

Seminar-müşavirənin birinci günü iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR